Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:00

Ordumuz dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qarantıdır

Aprel döyüşləri... Bu döyüşlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sürətli inkişaf dövrünü yaşadığının bariz sübutu olmaqla yanaşı, Azərbaycan əsgərinin Vətənin maraqlarını şərəflə qorumasının möhtəşəm nümunəsidir. Azərbaycan Ordusu bu döyüşlərilə sübut etdi ki, ərazi bütövlüyümüzü təmin edəcəkdir.
Aprel döyüşlərinin bir əhəmiyyəti də ondan ibarətdir ki, xalqımıza yeni-yeni qəhrəmanlar bəxş etdi. Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin apelində Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər.
Gizir Emin Əhmədovla ön xətdə yerləşən "N" hərbi hissəsində tanış oluruq. Öyrənirik ki, Qusar rayonunun Urva kəndində dünyaya göz açıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirib və 6 ildir ordu sıralarında xidmət edir.
- Aprel döyüşləri mənim həyatımda sözlə ifadə etməyə çətinlik çəkdiyim bir iz buraxdı, - deyə gizir Emin Əhmədov söhbətə başlayır. - Döyüşlər düşmənin diversiya qrupunun hücuma keçməsi ilə başlasa da, ordumuzun şəxsi heyətinin fədakarlığı, döyüş hazırlığının yüksək olması nəticəsində qələbə ilə sona yetdi. Aprelin 1-dən-2-nə keçən gecə düşmənin təxribatına cavab vermək məqsədilə komandanlığın “irəli” əmriylə təxminən 40-45 dəqiqəyə Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Lələtəpəyə daxil olan ilklərin sırasında biz də vardıq. Gizir Emin Əhmədov yaralanmasından söz açaraq bildirdi ki, döyüşlər yaxın məsafədə gedirdi. “Bəzən düşmənlə məsafə 25-30 metr olurdu. Qəfildən yaxınlığımda düşmən tərəfindən atılan əl qumbarası partladı. Ziherli gödəkçə geyindiyimə görə qarın nahiyəsindən  ciddi zədələr almadım. Ancaq partlayış nəticəsində sağ qulağımdan, əl və ayaq nahiyələrimdən yaralandım, ciddi kəllə-beyin travması aldım. Huşumu itirdim, gözlərimi hərbi hospitalda açdım. Yaralarımın ciddiliyini nəzərə alaraq məni Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə etdilər. Peşəkar həkimlərimizin sayəsində ordu sıralarında xidmətimi davam etdirirəm. Müdafiə Nazirliyinin rəhbərliyi də fəaliyyətimizi dəyərləndirdi. Döyüş xidmətlərimiz yüksək qiymətləndirildi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edildim. Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Qusarın fəxri sakini" adına layiq görüldüm. Bundan fərəhli, qürurverici nə ola bilər? Bunun üçün Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinin bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, medal üçün vuruşmuruq. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin qarşısında bir amal, bir məqsəd dayanır - Vətəni qorumaq, torpaqlarımızı işğaldan azad etmək. Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi əminik ki, şəxsi heyətin əzmi, komandanlığın diqqət və qayğısı, Azərbaycan xalqının inamı ilə torpaqlarımız işğaldan azad ediləcək. Ümummilli Liderimizin qeyd etdiyi kimi, müstəqilliyi əbədi, daimi, dönməz olan Azərbaycan dövləti bundan sonra da var olacaq, Azərbaycan Ordusu da onun varlığını əzmlə qoruyacaq!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR