Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:39

Bəşəriyyətə sığmayan erməni terrorizmi

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə erməni terrorizminin qurbanı olmuş soydaşlarımızın fotolarından ibarət sərgi, həmçinin, Xocalı soyqırımını əks etdirən əyani vəsaitlər nümayiş olundu. Əvvəlcə Qarabağ müharıbəsində şəhid olmuş Vətən övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, komissiyanın sədri general-leytenant Mədət Quliyevin təşkilatçılığı ilə tərtib edildiyini diqqətə çatdırdı.
"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabla tanış olarkən əsir-girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktlarının oxucunu dəhşətə gətirdiyini qeyd edən komissiya katibi bildirdi ki, bu əsərdə şahid ifadələrinə geniş yer verilib. "Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb. Bu əsərdə şahidlərin fikirləri adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Əsir və girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi burada öz əksini tapıb".
Daha sonra Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatları Musa Qasımlı, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və başqaları çıxış edərək  kitabda əksini tapmış hadisələri tək humanitar hüquq normalarının pozulması faktı deyil, ermənilər tərəfindən insanlığa, bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndirdilər. Natiqlər çıxışlarında dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin nə vaxtsa, beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inam ifadə etdilər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğunu və haqq işimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğuladılar.
Sonda tərtibçilər adından çıxış edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov ermənilərin işgəncə və zorakılıq metodlarını hələ XIX əsrin ortalarından etibarən bölgənin türk-müsəlman əhalisinə qarşı tətbiq etdiklərini xatırladaraq faşizmin Ermənistanda milli dəyər və etiket səviyyəsinə yüksəldiyini diqqətə çatdırdı.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"