Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:38

Hərbçi olmaq şərəfdir

Ümummilli lider Heydər Əliyev:
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, nazirliyin təşviqat qrupu bölgələrdəki orta məktəblərdə hərbi rəhbərlər - gənclərin çağırışaqədərki hazırlığı üzrə fənn müəllimləri və şagirdlərlə silsilə tədbirlər keçirdi. Bu tədbirlər bilavasitə yeniyetmələrin, gənclərin hərbi vətənpərvərlik duyğularının formalaşmasına yönəldilmişdi.
Tədbirlərdə, ümumilikdə 29 şəhər və rayondan olan nümayəndələr iştirak etdi. Müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan görüşlər zamanı, gənclərə  hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin səmərəliliyini artırmaq və bu işdə Müdafiə və Təhsil Nazirliklərinin birgə fəaliyyətinin əhəmiyyətindən danışıldı. Hərbi vətənpərvərlik işinin yerlərdə daha səmərəli təşkil edilməsi istiqamətində fikir mübadiləsi aparıldı və təkliflər qeydə alındı. Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları tədbir iştirakçılarının nəzərinə çatdırıldı, şagird və müəllimlərin sualları cavablandırıldı.
 Polkovnik Həbib Məmmədov son zamanlar həyata keçirilən uğurlu islahatlardan söz açaraq qeyd etdi ki, ordumuzun maddi-texniki bazası möhkəmlənib, şəxsi heyətin sosial-məişət şəraitinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Zabit bildirdi ki, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili qarşıda duran ən vacib məsələlərdən biridir və bu istiqamətdə  gənclərin çağırışaqədərki hazırlığı fənninin düzgün tədrisi də böyük əhəmiyyət kəsb edir. “Şagirdlərə Azərbaycan Ordusu haqqında ilkin məlumatların verilməsi, hərbi nizamnamə qaydalarının mənimsədilməsi, onların ordu həyatı ilə tanışlıqları, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları baxımından bu fənnin tədrisi xüsusi əhəmiyyətə malikdir. Fənn gənclərdə əsgəri xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradır,  vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi müsbət mənəvi keyfiyyətlərin inkişaf etdirilməsinə kömək edir. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq gənclərdə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri aşılamalı, vətənpərvər, mərd, cəsur böyümələri üçün zəhmətimizi əsirgəməməli, onları milli qürur hissinə sahib olan vətəndaşlar kimi formalaşdırmalıyıq”.
Ucar rayon təhsil şöbəsinin nümayəndəsi Etibar Məmmədov bir vətəndaş kimi ordumuzla və əsgərlərimizlə fəxr etdiyini, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının ən vacib vəzifələrimizdən biri olduğunu diqqətə çatdırdı: "Pedaqoji kollektiv olaraq daim çalışırıq ki, şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdıraq. Vətəni müdafiə etməyin, torpaqlarımızı qorumağın vətəndaşlıq borcu, şərəfli vəzifə olduğunu gənclərə aşılamaq,  gəncləri Vətənimizin fəal müdafiəsinə hazırlamaq hər birimizin borcudur. Aprel döyüşlərində ordumuz öz gücünü bütün dünyaya nümayiş etdirdi və torpaqlarımızın bir qismini işğaldan azad edərək düşmən üzərində inamlı qələbə qazandı. Gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq dastanı yaradan igidlərimiz də vaxtı ilə bu şagirdlərin sırasında olublar. Bu gün gənclərimiz qəhrəmanlarımızı tanımalı, onların mənalı ömür yolunu özlərinə örnək bilməlidirlər".
Orduya çağırılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsinin peşəkar hərbçi kimi yetişməsində vacib rol oynadığını bildirən polkovnik-leytenant Azər Əliyev Vətən sevgisindən danışdı:
- Vətən anamız, Vətən yuvamız, Vətən ən müqəddəs səcdəgahımızdır. Vətən sadəcə torpaq parçası deyil, hər qarışı uğrunda sevə-sevə canını qurban vermiş şəhidlərimizin qanıyla suvarılan torpaqlardır. Bu torpaqları qorumaq, keşiyində dayanmaq gənclərin üzərinə düşür. Bu torpaqlar bizə Mübarizlərin, Fəridlərin, Raqufların, Samidlərin... əmanətidir. Hər biriniz Vətənimizi sevməli, torpaqlarımızı göz bəbəyi kimi qorumağa hazır olmalısınız. İllərdir düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırımları, vəhşilikləri heç zaman unutmamalı, düşmənə nifrətlə böyüməlisiniz. Ürəyinizdə sonsuz Vətən sevgisi, gözlərinizdə düşmənə nifrət olmalıdır. Əsgəri xidmətdə olarkən komandirlərinizin tapşırıqlarını vaxtında və sözsüz yerinə yetirib, hərbi biliklərə dərindən yiyələnməli, silah və texnikadan istifadə etməyi, döyüş taktikasını mükəmməl öyrənməlisiniz ki, torpaqlarımızı işğaldan azad etməyə hazır olasınız.
Polkovnik-leytenant  A.Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq istəyən şagirdlərin suallarını da ətraflı cavablandırdı. Həmçinin həmin məktəblərin məişət şəraitindən, təhsilindən, kursantların sosial təminatlarının yüksək olmasından danışdı. Sonra hərbi məktəblər haqqında videoçarx nümayiş etdirildi.
Mayor Vüqar İsmayılov isə öz çıxışında seçdiyi peşənin müqəddəsliyindən danışdı: "Bir zabit kimi seçdiyim peşədən hər zaman qürur duymuşam. Çünki bizlər Vətənin qoruyucularıyıq. Müqəddəs vəzifə yerinə yetiririk. Xalqımız rahat-firavan yaşasın deyə düşmənə sipər oluruq. Xalqın güvəncindən, Vətən sevgisindən ilham alırıq. Bax, bu hiss ən şərəfli və qürurlu hissdir. Ümummilli Liderimizin də dediyi kimi, bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur.  Bu yol qəhrəmanlıq yoludur".
Tədbirlərdə bir qrup kəşfiyyatçının qəhrəmanlığından bəhs edən film də nümayiş etdirildi. Film 1997-ci ildə Füzuli istiqamətində düşmənə əsir düşməmək üçün sonuncu qumbaraları ilə özlərini partladaraq qəhrəmancasına şəhid olan cəsur kəşfiyyatçılarımızdan bəhs edir. Qrupun sağ qalan yeganə üzvü Aqil Əhmədovun söhbətləri əsasında hazırlanan film hamıda xoş ovqat yaratdı.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"