Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:36

“Xalqımız sizə güvənir, Azərbaycan əsgəri”

Ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib. Düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılaraq şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib. Tədbirlər zamanı ASAN Xidmətin təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.
Tədbiri açıq elan edən hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini zabit Seymur Həbibullahov bildirdi ki, Azərbaycanda ordu quruculuğu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. "Fərəhlə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini etibarlı şəkildə təmin edən, düşmən təcavüzünün qarşısını qətiyyətlə alan və işğal atındakı torpaqlarımızı azad etməyə hər an hazır olan ordumuz var. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək olması, onun döyüş qabiliyyətinin də güclənməsini təmin edir. Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin bir qrup nümayəndəsi milli kimliyimizin, dilimizin, mədəniyyətimizin, dini-mənəvi əxlaqımızın, bir sözlə, milli ideologiyamızın ifadəsi olan bayrağımızın altında, şəxsi heyətimizin qarşısında çıxış edir və hərbi hissədə asudə vaxtın təşkilində birbaşa iştirakçı olur. Ona görə də hərbi hissəmizin şəxsi heyəti adından Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinə minnətdarlığımızı bildiririk".
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının rəisi, əməkdar mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev söz alaraq bildirdi ki, bütün cəbhəboyu hərbi hissələrimizdə şəxsi heyətin qarşısında konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq.
- Sizlərin qarşısında olarkən istər-istəməz adamda silahlanıb Vətənin müdafiəsinə qalxmaq istəyi yaranır, - Zöhrab müəllim dedi. - Hər görüşdə eyni hissi yaşamaq özü bir daha sübut edir ki, bu cür oğulları olan Vətən basılmazdır. Qəhrəman övladlarımızla görüşüb ünsiyyət qurduqca bir daha əmin oluruq ki, həqiqətən də, bu gün bizim çox güclü ordumuz var. İşğalda olan torpaqlarımızın azad olunması möhtəşəm ordumuzun qüdrəti sayəsində mümkün olacaq. Fikrimcə, bu gün hərbi hissələri qarış-qarış gəzib mütəmadi görüşlər keçirmək də bizim üçün müqəddəsdir. Ona görə ki, Azərbaycan əsgəri müqəddəs torpaqlarımızı, Vətənimizi qoruyur. Min illərlə bu torpaqlarda savaşlar olub. İndi isə Qarabağ uğrunda döyüşlər gedir. Sizlərin qarşısında təkcə Qarabağı azad etmək missiyası dayanmır, həm də Göyçəni, Zəngəzuru və digər tarixi torpaqlarımızı azad etmək missiyası dayanır. Tarixi Azərbaycan sərkərdəsi Babək Xürrəmi deyirdi ki, mənim çörəksiz, susuz qaldığım gün çox olub, amma ümidsiz qaldığım günüm olmayıb. Aprel döyüşləri sübut etdi ki, xalqımız haqlı olaraq sizə inanır, sizə ümid edir. Çox qısa bir vaxtda Lələtəpəyə, Bayraqtəpəyə nəzarəti əlinə alan Azərbaycan əsgəri bütün torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bütün bunlara görə biz sizlərə, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərə borcluyuq. İnanırıq ki, bu sırada duranların hər biri Cavanşirdi, Babəkdi, Mübarizdi, Fəriddi... Bunların hər biri Azərbaycanın işıqlı sabahıdı.
Solist Nigar Rəhimovanın ifasında "Qarabağ" mahnısı məndə elə təəssürat oyatdı ki, oxuyan xanım deyil, oxuyan Qarabağın dağıdı, daşıdı, torpağıdı, çənidi, dumanıdı, hər guşəsidi, oxuyan Seyiddi, Xandı, Bülbüldü, Yaqubdu, Mütəllimdi... Hər ifadan sonra əsgərlərin gözündən oxunur ki, bu gün siz burada bizim üçün oxuyursunuz, biz sabah xalqımız üçün Qələbə marşını ifa edəcəyik.
Gənc müğənni Yaqut Xəlilzadənin ifası da elə bil Qarabağın dünənindən, bu günündən, durnagözlü bulaqlarından, sərin yaylaqlarından, gözoxşayan otlaqlarından danışır, söz açır.
Gizirlər Rafiq Qasımovun, Arif Şükürovun, Ağayar Fərhadovun ecazkar solo ifaları zamanı adama elə gəlirdi ki, alətlər dil açıb danışır, könül oxşayan musiqilər şəxsi heyəti ağuşuna alıb ovsunlayır. Hər dəfə yeni ifalar səsləndikcə, insan musiqinin sehrli dünyasında itib-batdığını hiss edir, alətlərin insan kimi könül hıçqırıqlarını, gah da coşqun ehtiraslı fəryadlarını eşidirsən.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR