Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:34

Azərbaycanın hərbi potensialı ildən-ilə möhkəmlənir

2016-cı ilin aprel döyüşlərində də müasir silah-sursatla təmin olunan Azərbaycan Ordusu öz hərbi gücünü düşmənə layiqincə sübut etdi. Artıq nəinki beynəlxalq səviyyəli hərbi ekspertlər, həmçinin işğalçı ölkənin analitikləri Azərbaycanın yetərincə hərbi qüdrətə malik olduğunu etiraf edirlər.
Ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi, o cümlədən "BTR-82A" zirehli transportyorları Əlahiddə Ümumqoşun Ordunun da silahlanmasına daxil edilib.
Rusiyanın "Hərbi Sənaye Kompleksi" müəssisəsi tərəfindən istehsal olunan zirehli transpotyor öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq "BTR-82A" daha güclü mühərriklə təmin olunub.
Güclü silahı, zirehli müdafiəsi və yüksək manevrliyi olan "BTR-82A" zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət qabiliyyətini və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, heyətinin atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin edilib.
Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik olan bu hərbi texnika 2016-cı ilin aprelində döyüş əməliyyatları zamanı uğurla tətbiq olunub. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv olunması bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi