Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 09:30

Vətən bizə oğul deyəcək!

Ölməz şairimiz, Azərbaycan poeziyasına dəyərli töhfələr vermiş Məmməd Arazla bir kollektivdə çalışdığım günləri gəncliyimin ən dəyərli dövrü hesab edirəm. Məmməd müəllim ömrünü Vətənimizə, millətimizə fəda edən gözəl bir ziyalı idi. Hər sözü-söhbəti Vətəndən, torpağımızdan, daşımızdan, qayalarımızdan, dağlarımızdan olardı...
Kollektivdən ayrılandan sonra da tez-tez yolumu köhnə iş yerimə salıb ünlü şairimizlə görüşüb hal-əhval tutmağı özümə borc bilirdim. Bir dəfə eşitdim ki, şair Murovdağ bölgəsinə, əsgərlərlə görüşə gedib. Bir neçə gün sonra şairə baş çəkdim. Yaman sevincək görünürdü. "Əsgər oğullarımızla görüşdüm, ruhum təzələndi. Hər görüşdüyüm əsgəri bir qəhrəman sanıb bağrıma sıxdım", - deyən şairə elə bil ki, bir dünya sevinc bəxş etmişdilər.
Məmməd müəllim bir şeirində yazıb: "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim". Ruhun şad olsun, ustad, nə qədər yerində deyibsən. Doğrudan da, oğullar Vətən üçün doğulur. Hər dəfə cəbhə xəttinə yolum düşəndə, səngərlərdə torpaqlarımızı yağılardan qoruyan əsgərlərlə görüşəndə  ölməz şairimizi  xatırlayıram. Vətən ona görə müqəddəsdir ki, onun yükünü çiyinlərində daşıyan oğullarımız saysız-hesabsızdır.
Aprel döyüşləri baş verəndə düşmən məhz belə oğulların şücaəti, qüdrəti qarşısında sarsılıb gücsüzlüyünü etiraf etdi. Bu döyüşlərdə qazanılan möhtəşəm uğuru qiymətləndirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbəmizin əsas səbəbini ordumuzun şəxsi heyətinin vətənpərvərliyi ilə izah edərək deyib: "Aprel zəfəri Azərbaycanın əsgər və zabitlərinin, bütün hərbçilərimizin vətənpərvərliyini nümayiş etdirdi".
Keçən ilin yazında Goranboy istiqamətində aprel zəfəri ilə işğaldan azad edilən ərazilərdə ezamiyyətdəydim. Sevinc, fərəh hissindən ürəyim dağa döndü. Nə qədər əhəmiyyətli yüksəkliklər işğaldan azad edilmişdi. Döyüş mövqelərindən birində tanış olduğum gənc zabit qarşıdakı ərazini göstərib o yerdə Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi döyüşçümüz Murad Mirzəyevin son nəfəsədək düşmənlə mübarizə aparıb şəhid olduğunu demişdi. Taqım komandiri deyirdi ki, indi bu mövqelərin keşiyində dayandığım üçün ikiqat qürurluyam, çünki bu yerdə qəhrəman zabitimizin ayaq izləri var.
Geriyə dönəndə yolumuz həmin mövqelərə yaxın bir kəndin içərisindən keçdi. Bir mağazanın yanında dayanası olduq. Oradakı adamlar bizi böyük mehribanlıqla qarşıladılar. Nurani bir qadın isə, "Hərbi formada kimi görürəmsə, elə bilirəm ki, mənim xilaskarımdır", - dedi. Anamız söhbət elədi ki, aprel hadisələrindən sonra burada tam əmin-arxayın yaşayırıq. "Amma əvvəllər həyət-bacaya, bağa-bağçaya çıxa bilmirdik. Xain düşmən dinc sakinlərə də atəş açmaqdan çəkinmir. Amma indi heç bir qorxumuz yoxdur, çünki qarşıdakı dağlar, təpələr ordumuzun, əsgər balalarımızın nəzarətinə keçib". Onun baxışlarında, danışığında bir sevinc, fərəh, alqış duydum. Bu alqış Azərbaycan əsgərinə ünvanlanan alqış idi...

Arif PƏNAHOV, "Azərbaycan Ordusu"