Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 09:15

Xalqın inamına güvənirik

"N" hərbi hissəsində xidmət edən gizir Eldar Eynalovun  ordu sıralarında 2011-ci ildən xidmət etdiyini öyrənirəm. Həqiqi hərbi xidmətini  ön xətt bölmələrindən birində keçib. Vətənpərvərliyi, hərbçi olmaq istəyi onu yenidən ordu sıralarına qaytarıb.
"Qarabağ müharibəsi illərində vətəndaşlarımızın doğma torpaqlarından didərgin salınması, erməni qəsbkarları tərəfindən törədilən soyqırımlar, faciələr məndə düşmənə nifrət hissi yaratmışdı. Həm də bu döyüşlərdə şücaət göstərən həmvətənlilərimizin qəhrəmanlığını örnək bilmişəm. Müəllimlərimə deyirdim ki, böyüyəndə hərbçi olacam, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşəcəm", - Eldar deyir.
Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində gizirlik kursunu bitirdikdən sonra düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmətin ilk günlərindən bacarığı, məsuliyyəti ilə seçilib. Müxtəlif hərbi hissələrdə xidmət yolu keçən gizir bu bölmədə  də xidmətini uğurla davam etdirir. Bölmənin  göz oxşayan təmizliyi, səliqə-sahmanı, əsgərlərin nizam-intizamı onun vəzifəsinin öhdəsindən layiqincə gəldiyinin təsdiqidir. Komandirləri deyir ki, Eldar həm yuxarı komandirlərinin, həm də tabeliyindəki şəxsi heyətin rəğbətini qazanıb.
Gizir Eldar Eynalov deyir ki, hər səhər şəxsi heyətin sıra baxışını keçirir, üst-başlarının qaydasında olmasını diqqətdə saxlayıram. “Həmçinin əsgərləri vaxtlı-vaxtında tibbi müayinə etdirir və digər gündəlik fəaliyyətlərinə də nəzarət edirəm. Döyüş hazırlığı, maddi-texniki təminatla yanaşı, əsgərlərin məişət şəraiti də daim diqqət mərkəzindədir. Bizim bölükdə bütün təminatlarımız yüksəkdir. Əsgərlər isti qış geyimləri ilə təmin olunublar. Silah-sursata da tez-tez baxış keçirir, onlara qulluq göstərir, döyüşə daim hazır vəziyyətdə saxlayırıq. Əsgərlərin də hər biri vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Biz Vətənin keşiyini çəkirik.”
Gizir əsgərlərin mənəvi durumu ilə də yaxından maraqlanır, qayğılarına qalır, onlara doğma münasibət göstərir. Əsgərlər döyüş növbəsinə getməzdən əvvəl onlarla söhbət aparır, təhlükəsizlik qaydalarına əməl etmələri haqqında təlimatlandırır.
- Döyüşə hər an hazırıq, - deyə vətənpərvər gizir söhbətinə davam edir. - Aprel döyüşlərindəki qələbəmiz ruh yüksəkliyimizi daha da artırdı. Mən və əsgərlərim yaxşı bilirik ki, müqəddəs vəzifə yerinə yetiririk. Bu, şərəfdir.


Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR