Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 09:12

Vətənpərvər gəncliyimiz formalaşıb

Hər bir cəmiyyətin sabahını etibar edə biləcəyi sağlam, müasir, intellektli və milli-mənəvi dəyərlərimizlə "silahlanan" gəncliyə böyük ehtiyacı var. Çünki mövcud cəmiyyətin potensial güc mənbəyi yalnız gənclərdir.
Bu gün ölkəmizdə cəmiyyət quruculuğunun bütün mərhələlərində təmsil olunan gənclər milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində böyük işlər aparır və demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi, iqtisadi islahatların həyata keçirilməsində fəal iştirak edirlər.
Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti ilə bağlı ideyaları, irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ulu Öndər həmişə gəncliyə böyük ümidlər bəslədiyini və "Azərbaycanın gələcəyi gənclərin əlindədir" deyirdi. Ümummilli liderimizin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Hələ müstəqilliyimizin ilk illərində Ulu Öndər fəxrlə deyirdi: "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".
İllərdir xain qonşularımızın xalqımıza çəkdirdiyi ağır müharibə iztirablarında gənclərimizin yarıda qırılmış şəhid ömürləri əks olunur. Əslində, bizlərə qürur yaşadan o  məqamın adı gəncliyin şəhidliyə gedən zirvəsidir. Yaxşı bilirik ki, savaşa tək-tək insanlar deyil, bütöv bir toplum girir. Bəli, o toplum gənclərdən ibarətdir. Döyüş meydanında düşmən üzərində qazanılan qələbə gəncliyin iradəsindən və mənəvi əxlaqından asılıdır.  Müharibə bütün arzuolunmazlıqları ilə bərabər həm də bir millətin genetik xarakterinin, mənəviyyatının və əxlaqının nümayişidir. Yurd, Vətən, Torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Bunların bütövləşməsində yurd anlayışı mahiyyətcə mənəviləşir və üzərində yaşayan xalqın milli psixologiyasını, əxlaqını və mədəniyyətini yaradır. Və hər bir xalqın inkişaf strategiyasını da onun müasir gəncliyi müəyyənləşdirir. Beləliklə, müdrik rəhbər, ümummilli liderimiz Heydər Əliyevin "müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır" müqəddəs kəlamı deyilənləri bir daha təsdiqləyir.
Bu gün Azərbaycan Ordusunun sıralarında gənc, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsgər və zabitlər xidmət edirlər. Ordu gəncliyi  düşmən tapdağında olan torpaqlarımız uğrunda hər an Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Onlar bu gün  ata-babalarının haqq işinə sadiq qalaraq, 30 ildir davam edən Dağlıq Qarabağ müharibəsində kimsənin torpağına, mülkünə göz dikmədən, heç bir çirkli niyyəti olmadan, sadəcə ona aid olan Vətənini, yurdunu, torpağını yağı tapdağından azad etməyi, tarixini, mədəniyyətini qorumağı qarşısına məqsəd qoyub... Bu haqq  uğrunda neçə-neçə gənc  şirin canından keçdi.
Bu üstün əxlaqın formalaşmasında, sağlam təməlin yaranmasında və yurd sevdasının içimizdə alovlanmasında Birinci Qarabağ savaşının şəhid gəncliyinin şərəfli yolu, son illərdə Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi igidlərimizin qəhrəmanlığı və onun nəşini xilas etmək üçün müqəddəs yola çıxan Fərid kimi oğulların fədakarlığı əsl örnəyə çevrilir. Gəncliyimiz Mübarizin qəhrəmanlığını bədii əsərlərdən oxuyub, kinolardan öyrənmədi, həyatında gördü, müasiri oldu. Mübarizin qəhrəmanlığı gəncliyimizin ümidlərini dirçəltdi, Böyük Qələbəyə inamını gücləndirdi. Mübariz gəncliyə bu mesajı verdi: "Qələbə, Qələbə mənimdir deyə bilənindir. Mən bu torpağa Böyük Qələbəyə inamın toxumunu əkdim, qanımla suvardım, onu indi siz böyüdün", - dedi. Aprel savaşında canından keçən Samir Kaçayev, Orxan Əliyev, Ruhin Qəhrəmanov, Rəvan Nurayev, Mahir Quliyev, Mikayıl Vahabzadə kimi gənclərimizin şəhid düşdüyü torpaqda "Böyük Qələbə bizimdir" deyə bildik. O şəhid gənclərin qanı ilə torpaq Vətənləşdi. Beləcə, gənclik bir xalqın əzmidir, qüruru və sabaha ümididir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"