Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 09:11

Xalq ordunun, ordu xalqın dayağıdır

Dövlətçilik atributlarından olan ordu cəmiyyətin tərkib hissəsi kimi həmişə sayğıyla əhatələnib. Ordu-ictimaiyyət münasibətinin əsasında dövlətçiliyə sevgi, dövlətə sədaqət dayanır. Xalq ordusuna inanır, ordu xalqa güvənir.  Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən, hərbi qulluqçuların, əsasən, əsgərlərin ordunu, minlərlə iştirakçının xalqı təmsil etdiyi hər tədbir şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə istiqamətlənir. Belə tədbirlər ictimaiyyətin iştirakı ilə keçirildiyindən mahiyyət etibarı ilə ordu ilə ictimaiyyətin vəhdəti deməkdir. Bu gün bu vəhdət potensial güc qüdrətindədir. Gənc əsgərlərin hərbi andiçmə mərasimi də belə tədbirlərdəndir.
İştirak etdiyim andiçmə tədbirlərində həmişə düşüncələrimə hopan bir məqamı böyük könül xoşluğuyla yaşamışam. Valideynlərin də, hərbi and içəcək əsgərlərin də tədbirin başlayacağı anın intizarında olduğunun eyniliyini həmişə duymuşam. Ana əsgər oğlunu bağrına basmağın, gənc əsgər içdiyi hərbi andın sevinci içindəykən "Mən əsgərəm, ana!" deməyin təşnəsidi. Hərbi andı içib komandirlərini, hərbi hissənin zabitlərini, valideynlərini necə xidmət edəcəyinə inandıran əsgərin baxışlarından dikələn sevinc, fərəh, qürur aydınlığıyla sezilir, hiss olunur. Çağırışçı nəyi qoruduğunu, Vətəni qorumağın müqəddəs vəzifə, borc olduğunu bilir. Ona hərbi xidmətdə torpaqları əsgər kimi necə qorumağı öyrədirlər. Hərbi and öyrədilənlərin böyük məsuliyyətlə yerinə yetiriləcəyinə zəmanətdir.
Bu günlərdə hərbi hissələrdə gənc əsgərlərin hərbi andiçmə mərasimində Müdafiə naziri  general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik nazirin əsgərə etimadının, rəğbətinin, inamının təsdiqidir. And içən əsgər bu təbriki hərbi andın mənəvi davamı bilir və bu etimadı da doğruldacağına söz verir. Onların baxışlarından oxunanların  sırasında bu qənaət də var. Bu qənaətin dönməzliyi "N" hərbi hissəsində keçirilən andiçmə tədbirində ürəyimi dağa döndərdi. Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışında son illərdə həyata keçirilən irimiqyaslı islahatlardan, islahatların nəticələrindən, bütün qoşun növlərini əhatə edən təlimlərdən, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığından danışaraq gənc əsgərləri də, onların valideynlərini də bu əlamətdar hadisə münasibətilə təbrik etdi. Müdafiə nazirinin valideynlərlə söhbətləşməsi valideynlərlə, deməli, ictimaiyyətlə belə ünsiyyəti ordu quruculuğunun qeyri-rəsmi də olsa zəruri tərkib hissəsidir. Əsgər atasının dedikləri də bu qənaətin mahiyyətinə söykənib. Bu səmimiyyət, bu etimad müqabilində layiqli vətəndaş kimi böyütdüyümüz oğullarımız, təbii ki, nümunəvi xidmət edəcək” - əsgər atasının dediyi bu kəlmələr ictimaiyyətin orduya sevgisi kimi qəbul edilir.
Andiçmə mərasiminə müxtəlif yaşlılar gəlmişdi. Qoca da, cavan da, yeniyetmə də vardı, uşaq da. Hamı xoş ovqat içindəykən hərbi səhra mundiri geyinmiş  7-8 yaşlı bir uşaq Müdafiə nazirini görüncə dayandı. Və gözlənilmədən onu hərbi qaydada salamladı. Bu məqamın nazirə də, nazir müavininə də, zabitlərə də, valideyinlərə, ictimaiyyətin nümayəndələrinə də böyük könül xoşluğu verdiyini hiss etmək çətin deyildi. Bu yaşda hərbi mundirə sevgi, bu yaşda hərbi xidmətə ehtiram, bu yaşda hərbi rütbələri fərqləndirməyi bacarmaq, bu yaşda Müdafiə nazirini tanımaq, əlbəttə ki, görənlərin ürəyini dağa döndərəcəkdi, görənlər uşağa - Yağmura - həsədlə baxacaqdı. O anlarda Yağmur tədbirə gələn bütün ataların qızıydı, bütün babaların nəvəsiydi. "Sağ ol, ay bala!" - bir baba bu şirin uşağı bağrına basdı. Andiçmə tədbiri Yağmurumuzun timsalında ordu-ictimaiyyət münasibətlərinin qürur göstəricisiydi!...
Müdafiə nazirinin ictimaiyyətin nümayəndələriylə görüşməsi, söhbətləşməsi, suallarını cavablandırması bir həqiqətin təntənəsidi: Müdafiə nazirinin timsalında ordu ilə andiçmə tədbirində iştirak edənlərin timsalında ictimaiyyət arasında qarşılıqlı etimad, ehtiram, inam, güvənc var. Bu inam, bu güvənc 2016-cı ilin aprelindən bu yana daha da həssaslaşıb, daha da dönməzləşib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ictimaiyyətin nümayəndələrinə (deməli, bütövlükdə ictimaiyyətə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin YAP-ın VI qurultayında dediyi bir fikri də xatırlatdı: "Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu". Bu xatırlatmanın qürurunu Müdafiə naziri ictimaiyyətlə birgə yenidən yaşadı. İctimaiyyət bir daha əmin oldu ki, bu proses daha dinamik olacaq.
Ali Baş Komandanın qətiyyətlə dediyi "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" inamı Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyətinə, gücünə verilən dəyərdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, bu qənaət Azərbaycan Ordusunun nəyə qadir olduğunu döyüşdə  də təsdiqləyəcək, torpaqlarımız işğaldan azad ediləcək. Digər hərbi hissələrdə olduğu kimi "N" hərbi hissəsində də andiçmə mərasimi bu qənaətin təntənəsi kimi izlənildi, düşüncələr bu dəyərin mahiyyətinə kökləndi.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən bir kütləvi vətənpərvərlik tədbirini xatırlayıram. "Xalq ordunun, ordu xalqın dayağı". Andiçmə mərasimində bu həqiqət  o qədər ürək genişliyiylə yaşandı ki!..
Ötən il Horadizdə keçirilən eyni mahiyyətli "Qarabağa yaz gələcək!" tədbirində nizamı qaydada düzülmüş əsgərləri, əsgərlərin iti baxışlarını görən iki ağsaqqalın söhbətini xatırlayıram:
- Ordumuz beş-altı il əvvəlki ordu deyil. Yaxın vaxtlarda işğaldan azad edəcəyimiz bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz də Horadiz kimi yenidən tikiləcək.
- Ordumuz güclənir,  yeniləşir. Aprel döyüşlərində qazandığımız qələbə təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək.
Ali Baş Komandanın ordumuza göstərdiyi diqqət, qayğı, Müdafiə Nazirliyi rəhbərliyinin diqqətinin, qayğısının ordu quruculuğunun tərkib hissəsi kimi şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə yönəltməsi ictimaiyyətin orduya güvəncini artırır - qənaətində israrlıyam. Müdafiə Nazirliyinin rəhbərliyinin ictimaiyyətlə qarşılıqlı etimadı inama söykənən dialoqu ordu-ictimaiyyət münasibətlərində çox əhəmiyyətlidir. Bu andiçmə mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun valideynlərlə, ictimaiyyətin nümayəndələri ilə səmimi söhbətini tədbirin məntiqi davamı bildim. Andiçmə mərasiminin valideynlərə böyük könül xoşluğu verdiyini duymaq çətin deyildi. Ona da əmin olduq ki, ordu quruculuğunun zəruri tərkib hissəsi olan andiçmə mərasimi ordu ilə ictimaiyyəti eyni amal naminə daha etibarlı səviyyədə birləşdirir...
Andiçmə mərasimi Müdafiə Nazirliyinin rəhbərliyinin timsalında ordunun xalqa arxalandığını bir daha təsdiqlədi. Tədbir Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatların nəticələrinin, ordu quruculuğunda qazanılan nailiyyətlərin də təsdiqi oldu. Bu baxımdan andiçmə mərasimi həm ordu quruculuğunda vacib bir hərbi ritual, həm də ordu ilə ictimaiyyət arasında münasibətlərin daha da şəffaflaşmasını təmin edən bir tədbirdir.
Andiçmə mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikrin işığında izlənildi və valideynləri də, ictimaiyyətin nümayəndələrini də bir daha əmin etdi ki, ordu-ictimaiyyət münasibətləri daha da dərinləşəcək: "Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidir".

Rəşid HÜSEYNOV, əməkdar jurnalist