Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 09:10

“Güclü dövlətin vətəndaşı, qüdrətli ordunun əsgəriyik!”

Qışdı. Ağacların sarılı-qırmızılı yarpaqları seyrəldiyindən ətraf tamam çılpaq görünür. Günəş dağlara, dərələrə, düzlərə işıq salmağa çalışır, ahəstə-ahəstə, fikirli-fikirli... Adama elə gəlir ki, günəşin təbiəti isitməyə gücü çatmır. Soyuqdu. Dağlara burulan yol bozumtul çöldə qapqara iz buraxıb. Axan dağ çayının şırıltısını dinləyənə elə gəlir ki, çay bəndi-bərəni aşıb yolları təmizləməyə çalışır... Gözümüzün önündə əsrarəngiz mənzərə canlanır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Natiq Əhmədovun idarə etdiyi hərbi təyinatlı minik avtomobili əyri, dolanbac, sərt enişli-yoxuşlu yolları arxada qoyur və nəzərdə tutulan posta - düşmənlə təmas xəttinə çatır. Zabit Namiq Soltanov bizi təmas xəttində yaradılan şəraitlə tanış edərək bildirir ki, şəxsi heyətin məişət şəraiti, maddi-texniki təminatı və təchizatı dedikdə ön xətt, ya arxa xətt anlayışları yoxdur.
Zabit söhbət əsnasında onu da bildirir ki, postumuz müəyyən bir yüksəklikdə yerləşsə də, şəxsi heyətimizin təminat və təchizatı istənilən səviyyədədir. “Burada anbar, mətbəx, hamam, sanitar qovşağı və sığınacaq var. Şəxsi heyətimizin istirahətinin səmərəli keçməsi rəhbərliyin diqqət mərkəzindədi.”
Zabitlə söhbət edə-edə ətrafı seyr edir, divarda təşviqat guşəsi, dövlət rəmzlərimiz barədə məlumatlar, Ümummilli Liderimizin, Ali Baş Komandanımızın ordu ilə bağlı fikirləri, Milli qəhrəmanlarımızın şəkilləri diqqətimizdən yayınmır.
Döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına yollanırıq. Zabit Namiq Soltanov onu da bildirir ki, bu mövqe strateji əhəmiyyətə malikdir. “Ona görə də şəxsi heyətimizin nizam-intizamına və döyüş əhval-ruhiyyəsinə xüsusi diqqət yetirilir. Rəhbərlik tərəfindən hərbi potensialın yüksək səviyyədə olmasına xüsusi nəzarət edilir. Məqsəd odur ki, istənilən təxribata tutarlı, layiqli cavab verək. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Nə qədər torpaqlarımız işğal altındadır, bu belə də olmalıdır". Çətin dağlıq şəraitdə xidmət edən zabit və əsgərlərimiz üçün bir amal var - Vətən o zaman Vətən olur ki, o qorunur. Şəxsi heyətimiz bilir ki, Dədə Qorqudun təbirincə desək, "torpağı əkib becərməsən qorumağa dəyməz, qorumasan əkib-becərməyə". Təmas xətti boyunca etibarlı əməliyyat mövqeyini təmin edən, hərbi intizamını möhkəmləndirən, peşəkarlığını artıran zabit və əsgərlərimiz xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hər zaman hazırdırlar.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elxan Əmiraslanovun məruzəsindən sonra başa düşürəm ki, müşahidə məntəqəsindəyik. Hərbi qulluqçu məlumat üçün bildirir ki, əsgərlərimiz heç zaman ayıq-sayıqlığını itirmir, buradan qarşı tərəfi rahatlıqla müşahidə edir, düşmənin istənilən təxribatının qarşısını alırlar. Onlar qarşı tərəfi nəzarətdə saxlamaqla yanaşı, baş verən hadisə barədə müşahidə dəftərində qeydiyyat da aparırlar.
Həmsöhbətim onu da qeyd edir ki, şəxsi heyətimiz torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyir. "Hər birimiz yaxşı anlayırıq ki, Vətənimizin bütövlüyünün qorunması naminə bizlər səngərdə şərəf və ləyaqətlə dayanmalıyıq. Əsgərlərimizin bir arzusu var: torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin. Şəxsən mənim üçün qalib əsgər kimi ailəmizin yanına dönmək ən böyük şərəf olar."
- Bizim üçün ən böyük şərəf odur ki, bu gün Azərbaycan Ordusunun əsgəriyik, - deyə əsgər Murad Zülfüqarov söhbətə başlayır. - Hər birimiz yaxşı bilirik ki, güclü dövlətin vətəndaşı, qüdrətli ordunun əsgəriyik. Rəhbərliyimizin diqqət və qayğısını, himayədarlığını hər zaman üzərimizdə hiss edirik. Əsgərlər arasında münasibətlər səmimilik və qarşılıqlı inam əsasında qurulub. Yeni gələn əsgərlərimiz də tez bir zamanda bu ab-havaya alışır, zabitlərimiz tərəfindən öyrədilənləri yüksək səviyyədə mənimsəyir və döyüş potensialımızı günbəgün artırırıq. Arzumuz, istəyimiz, məqsədimiz isə aydındı...
Müşahidə postunda keşik çəkən əsgər Səbail Qasımzadə  Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Əsgər söhbət zamanı ön xətdə xidmət etməsindən şərəf duyduğunu bildirir: "Ön xətdə xidmət etmək şərəflidi, ancaq həm də hər zaman təhlükə altında olmaq deməkdir. Bu bizi qorxutmur, narahat etmir. Çünki hər zaman ehtiyatı əldən verməməyə çalışırıq. İçimizdə o qədər Vətən, torpaq sevgisi var ki, ölüm də bizi qorxutmur.”
Əsgər Ramil Əsgərəliyev bildirir ki, zabitlər bizlərə hərb elminin sirlərini öyrətməklə bərabər, daim mənəvi dəstək də göstərirlər. “Biz öz həyatları ilə daim orduya bağlı olan zabitlərimizdən ilham alırıq. Azərbaycan əsgəri öz komandirlərinə güvənir, komandirlər də öz əsgərlərinə. Düşmən aprel döyüşlərindən sonra yaxşı anlayır ki, bu birliyin qarşısında heç bir ordu dayana bilməz. Azərbaycan əsgəri torpaqlarımızı azad etmək naminə istənilən addımı atmağa, qəhrəman oğullarımızın getdiyi yolu təkrarlamağa hazırdı.”
Əsgər Nicat Rəhimov söhbətə qoşularaq deyir ki, ata-baba yurdumuzu işğaldan azad etmək üçün canımız, qanımız bahasına  döyüşməyə hazırıq. “Ən əsası odur ki, bu gün bir əsgər kimi üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirək. Axı torpaqlarımızın 20 faizi işğal altındadı, bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Buna görə də bu gün nankor düşmənlə üz-üzəyik. Minlərlə qəhrəmanlıq nümunələri olan bir xalqın ordusunun əsgəri Mübarizlərimizin, Fəridlərimizin, Çingizlərimizin... getdiyi yolu təkrar etmək və daha böyük hünər göstərmək arzusu ilə yaşayır. Biz də qəhrəman ola bilərik və olacağıq.  Müqəddəs döyüşün başlayacağı günü səbirsizliklə gözləyirik.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR