Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2018 12:08

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş basketbol turniri

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun xatirəsinə həsr olunmuş baksetbol turniri keçirildi.
C.Naxçıvanski adına Hərbi Liseyin idman rəisi Fərhad Əliyev çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi:
- 18 aprel 1962-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan olub, 131 saylı  orta məktəbin  səkkizinci sinfini, Cəmşid Naxçıvanski  adına  Hərbi Liseyi və indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirib. Kursant kimi təlimlərdə fəal iştirak edib, zabitlik peşəsinin incəliklərini və hərbi texnikanın sirlərini həvəslə öyrənib. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. Motoatıcı taqımın komandir müavini  kimi xidmətə başlayan gənc zabit Vətəndən uzaqda  olsa da, çalışırdı ki, mənsub olduğu xalqın adını həmişə böyük şərəflə ucaltsın. 1988-ci ildən xidmətini doğma Vətəndə qavam etdirir.
Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri atəşə tutur, sakinləri öldürürdülər. Rasim İbrahimov bu çətin vaxtda Füzuli rayonunda könüllü özünümüdafiə taboru yaradır. Yeni yaranan tabor əsasən Füzuli rayonunun kənd və qəsəbələrini qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə Rasim İbrahimova  mayor rütbəsi verilir.
Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndinin müdafiəsinə atılır. İki-üç saat davam edən döyüşdə düşmənə ağır zərbələr vurulur və bir neçə mühüm dayaq nöqtəsi işğalçılardan azad edilir. Əlavə qüvvələr köməyə gəlmədiyinə görə tabor mühasirəyə düşür. Cəsur komandir  döyüşçülərinin mühasirədən sağ-salamat çıxması üçün dəhliz açır. Vəziyyətin ümidsiz olduğunu görən Rasim İbrahimov son anda ermənilərin əlinə keçməmək üçün əl qumbarasını sinəsinə sıxır. Həm özü şəhid olur, həm də bir neçə erməni işğalçısını  məhv edir. Cəsur komandir həyatının son anında "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmaz!" - deyir...
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə Rasim Səxavət oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qəhrəmanlar hamımıza örnəkdir. Qəhrəmanın xatirəsinə həsr olunmuş bu yarış ona ehtiramımızın ifadəsidir. İnanıram ki, kursantlarımız bu yarışlarda qəhrəmanın adına layiq mübarizlik nümayiş etdirəcəklər.
İdman rəisi Fərhad Əliyev onu da bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun xatirəsinə həsr olunmuş yarışa 9 komanda qatılıb.
...Birinciliyin final mərhələsində 4-cü bölüklə 6-cı bölük qarşılaşdı. Gərgin keçən mübarizədən sonra 4-cü bölüyün kursantları qalib adını qazandılar. Birinciliyin nəticələri elan olundu: 1-ci yer 4-cü bölük, 2-ci yer 6-cı bölük, 3-cü yer 2-ci bölük.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey