Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2018 12:06

“Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aprel döyüşlərində göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş baş leytenant  Əbu-Bəkir İsmayılovun həyat və döyüş yoluna həsr olunmuş "Hay ver mənə, cənab leytenant" kitabının təqdimat mərasimi keçirildi.
Əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseyin zabit və kursantları, həmçinin şəhidin yaxın qohumları, doğmaları onun ikinci Şəhidlər xiyabanındakı məzarını ziyarət etdilər. Baş leytenant Əbu-Bəkir İsmayılovun məzarının üstünə tər qərənfillər düzüldü, əklil qoyuldu.
Şəhidlər xiyabanını ziyarətdən sonra təqdimat mərasimi başlandı. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni ifa edildi.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabiti mayor Natiq Rəhimov tədbir iştirakçılarını salamlayaraq dedi:
- Məktəbimiz yarandığı gündən öz qoynuna igidləri, cəsurları alıb. Bu günə qədər təhsil ocağını bitirən neçə-neçə kursantımız həm döyüşlərdə, həm də xidmətində böyük hünər və rəşadət göstərərək, bir vaxtlar təhsil aldığı məktəbə, sevimli müəllimlərinə başucalığı gətirirlər. Hərbi liseyimizi bitirən neçə-neçə kursantımız “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, neçələri general rütbəsinə qədər yüksəlib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bünövrəsi qoyulandan qəhrəmanlıq ənənələri ilə yaşayır. Hamımıza şərəf gətirən ənənə bu gün də davam edir, sabah da davam edəcək. Bu ənənə nəsildən-nəslə ötürülür. Zaman-zaman qəhrəmanların siyahısına yenilərinin adı yazılır. Biz qəhrəmanlarımızla fəxr edir və öyünürük. Daim onların xatirəsini əziz tutur, adlarını ehtiramla yad edirik. Qəhrəmanlığı, igidliyi onlardan öyrənməyə çalışırıq.
Qəhrəmanlıq tariximizin səhifələrinə böyük hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş kursantlarımız da böyük hünər və rəşadət göstərdilər. Tarixin şanlı səhifələrində əbədi olaraq qalmış bu qəhrəmanlıqlar hər birimizin qanını coşdurur, bizi torpaqlarımızın müdafiəsinə, düşməndən qisas və intiqam almağa səsləyir.
Bugünkü mərasim də aprel döyüşlərinin qəhrəmanı olmuş baş leytenant Əbu-Bəkir İsmayılovun xatirəsinə həsr olunub. Yazıçı Yaqut Bahadurqızı onun qəhrəmanlığından bəhs edən "Hay ver mənə, cənab leytenant" adlı kitab yazıb. Qəhrəmanlar haqqında belə kitabların yazılması çox müsbət haldır. Çünki onları oxuyan kursantlarımız qəhrəmanlığı, igidliyi "Azərbaycan bayrağı" ordenli baş leytenant Əbu-Bəkir İsmayılov kimi zabitlərdən öyrənir. İnanıram ki, qəhrəmanlardan bəhs edən kitablar bugünkü nəsillərin qəlbində, ürəyində cəsarət və igidlik toxumları əkəcək. Beləcə, Hərbi liseyimizdə qəhrəmanlıq ənənələri zaman-zaman davam edəcək. Bu, belə də olmalıdır, çünki qəhrəmanlıq insan həyatının yaraşığıdır.      
Baş leytenant Əbu-Bəkir İsmayılovun müəllimlərindən biri Flora Hüseynova çıxış edərək qəhrəmanın kursantlıq dövründən danışdı, onunla bağlı xatirələrini çözələdi. Xalq artisti Eldost Bayramlı "Hay ver mənə, cənab leytenant" kitabında qəhrəmana həsr olunmuş şeirləri səsləndirdi.
Əbu-Bəkir İsmayılovun Ç.Naxçıvanski adına Hərbi Liseydə keçirilən son zəng mərasimindəki çıxışının videoyazısı tədbir iştirakçılarına təqdim olundu. Qəhrəmanın müxtəlif illərdə çəkdirdiyi şəkillər slayd vasitəsi ilə "Hay ver mənə, cənab leytenant" mahnısının sədaları altında nümayiş etdirildi.
Qəhrəmanın anası Rəna İsmayılova, qardaşı Əkbər İsmayılov və yaxın qohumu Kərim Şükürov çıxış edərək Əbu-Bəkir İsmayılovla bağlı xatırələrini danışdılar. Onun xatirəsini əziz tutduqlarına görə C.Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyinə və ictimaiyyətin nümayəndələrinə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülsəda Amanqızının və kursant Seyfəddin Orucovun iştirakı ilə "Əbu-Bəkirin evdə son görüşü" adlı teatrlaşdırılmış səhnəcik nümayiş etdirildi.
Milli Mədəniyyətimizin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova şəhidlərimizin qəhrəmanlığından və onların təbliğ olunmasından danışdı. Bu istiqamətdə gördükləri işlərdən söz açdı. 
"Hay ver mənə, cənab leytenant" kitabının müəllifi Yaqut Bahadurqızı bu qəhrəmanlıq dastanının yazılma prosesindən və işıq üzü görməyindən, əsərin araya-ərsəyə gəlməyindən ətraflı danışdı. Tədbir iştirakçılarının suallarına cavab verdi.
Kursantlar baş leytenant Əbu-Bəkir İsmayılova, həmçinin qəhrəmanlığa və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar ifa etdilər. Tədbirin sonunda üçrəngli bayrağımız marş sədaları altında zala gətirildi.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey