Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2018 11:55

“Ali Baş Komandanımızın, xalqımızın qarşısında bir şərəf borcumuz var...”

XXI əsrdə Azərbaycanda baş verən qlobal dəyişikliklər ordumuzu da əhatələyib. Ölkədə baş verən dəyişikliklər orduda da yeni inkişaf mühitinin yaradılmasını, zabitlərin və əsgərlərin peşəkar hazırlığının yeni müstəviyə çıxarılmasını təmin edib. Bu gün yeni standartlar əsasında fəaliyyət göstərən Azərbaycan Ordusu güclü infrastruktura və maddi-texniki bazaya malik olmaqla yanaşı, yüksək texnologiya ilə də təmin olunub. Bu amillərin heç biri peşəkar zabitlər olmadan ordunun düzgün inkişafını təmin edə bilmir. Peşəkarlığa gedən yol isə zabitin aldığı təhsilin və təcrübənin hesabına başa gəlir.
"N" hərbi hissəsində leytenant Elvin Eyvazov peşəkarlığa gedən yola qədəm qoyan zabitlərdəndi. 1994-cü ildə Şirvan şəhərində anadan olub, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla arzusunu həyata keçirib və təhsilini xarici hərbi təhsil müəssisəsində alıb.
"Harada təhsil almağımızdan asılı olmayaraq vətəndaş kimi, Vətənimizin, zabit kimi ordumuzun inkişafına xidmət etmək vəzifə borcumuzdur", - deyə leytenant Elvin Eyvazov söhbətə başlayır. - Azərbaycan Ordusunun gələcəyinin daha etibarlı və inamlı olmağını istəyiriksə, mütləq təhsilli olmağımız vacibdir. Yaxşı bilirik ki, indiki dönəmdə ordunun gələcəyi onun hərbi təhsil sisteminin səviyyəsi ilə ölçülür. Hərbi təhsil sistemimiz isə Ümummilli Liderimizlə bağlıdır. Bu gün bir zabit kimi şərəf duyuram ki, əsası Ulu Öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla yanaşı, ölkəmizi xarici hərbi təhsil müəssisəsində də təmsil etmişəm. Ən vacibi odur ki, yiyələndiyim peşəni qəlbən sevir, hərbi qulluqçu kimi millətimə, xalqıma və dövlətimə xidmət edir, Nizamnamələrin tələblərinə uyğun olaraq hərəkətlərimə məsuliyyətlə yanaşır, bir sözlə, hərbçi nüfuzunun keşiyində dayanmağa çalışıram. Neçə aydır taqım komandiriyəm və bu müddət ərzində tabeçiliyimdə olan şəxsi heyətə sevgi ilə yanaşır, hər birini bir şəxsiyyət kimi dəyərləndirir, onların hazırlıqlı əsgər kimi formalaşması və hərbi təcrübəsinin artması üçün əlimdən gələni əsirgəmirəm.”
Leytenant Elvin Eyvazov hesab edir ki, xalqımızın Qarabağ sevgisi qələbəyə aparacaq. "Ona görə ki, bu sevgini yaşatmaq naminə canlarından keçməyə hazır olan Azərbaycan Ordusu var, onun minlərlə şəxsi heyəti var. Bu gün ordumuzun şəxsi heyəti Azərbaycan dövlətinin gələcəyi, torpaqlarımızın işğaldan azad olunması naminə hərbi təcrübəsini artırmaq üçün əlindən gələni əsirgəmir və hər bir zabit xidmətə məsuliyyətlə yanaşır. Hamı yaxşı bilir ki, ordunun döyüş qabiliyyəti hərbi qulluqçunun, əsasən də əsgərin hərtərəfli hərbi hazırlığından keçir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün maddi-texniki bazaya malik olan ordunun olması və şəxsi heyətin hərbi təcrübəsinin artması əsas şərtdir. Bundan başqa yolumuz yoxdur. Çünki bizim bir vətəndaş kimi, bir zabit kimi xalqımızın, dövlətimizin, Ali Baş Komandanımızın qarşısında bir şərəf borcumuz var..."
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"