Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2018 11:54

Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidir

Ali Baş Komandan İlham ƏLİYEV:

...Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Qədim dövlətçilik tarixinə malik olan Vətənimiz zəngin yerüstü və yeraltı sərvətləri ilə daim dünyanın böyük dövlətlərinin diqqətini cəlb edib və Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsi də müxtəlif vaxtlarda bəzi dairələrin marağına səbəb olub. Azərbaycan əsrlər boyu tarixin çətin sınaqları ilə üzləşib, dövlətçiliyi uğrunda gərgin mübarizələr aparmağa məcbur olub. Bu gün ölkəmizin tarixi həqiqətlərinin geniş təbliğ edilməsi nəticəsində dünya ictimaiyyəti əzəli torpaqlarımızda digər millətlərin necə məskunlaşması, ərazi bütövlüyümüzün niyə hərbi təcavüzlərə məruz qalması barədə kifayət qədər məlumatlıdır.
Dövlətin və xalqın maraqlarını ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxış və bəyanatlarında birmənalı olaraq ifadə edir ki, müxtəlif dövrlərdə tarixi torpaqlarımız ermənilər tərəfindən işğal edilib və ata-baba ərazilərimizdə Ermənistan dövləti yaradılıb. Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxış edən dövlətimizin başçısı yenə beynəlxalq qurumlara və işğalçı ölkəyə mesaj olaraq bildirdi ki, biz tarixi torpaqlarımızı da unutmuruq. "Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir...".
Azərbaycan dövlətinin bu məsələlər ətrafında prinsipial mövqeyi, əslində, vacib tarixi həqiqətləri xatırladır, dünyanın super dövlətlərinin dəstəyi nəticəsində torpaqlarımızın zaman-zaman yadellilər tərəfindən işğal edildiyini sübuta yetirir. Prezidentin çıxışı bir sıra aspektlər haqqında düşünməyi zəruri edir. Birincisi, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında xalqımızın iradəsinə zidd olaraq yaradılıb. İkincisi, erməni xalqı xarici güclərin dəstəyi ilə tarixi Azərbaycan ərazilərində öz müqəddəratını həll edib. Prezident İlham Əliyev də bəyan edir ki, Azərbaycan dövləti və xalqı belə bir hadisənin ikinci dəfə təkrarlanmasına yol verməyəcək. Üçüncü bir aspekt: əgər münaqişə həll olunarsa, ermənilərin Dağlıq Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq hüququ olduğu kimi, azərbaycanlıların da tarixi torpaqlarımızda - Göyçədə, Zəngəzurda, İrəvanda və digər ərazilərdə yaşamaq hüququ vardır.
İşğalçı Ermənistan digər bir məsələni də diqqətdən qaçırmamalıdır ki, əgər qəsbkarlıq siyasətini davam etdirərsə, Azərbaycan dövləti təkcə Qarabağı azad etməklə kifayətlənməyəcək, azərbaycanlılar öz tarixi yurdlarına qayıdışını  da təmin etmək üçün mübarizə aparacaq. Azərbaycan münaqişənin sülh yolu ilə ədalətli həlli üçün səylərini əsirgəmir. Düşmən bilməlidir ki, xalqımız nə qədər humanizm sərgiləsə də, sonda öz sözünü qətiyyətlə deyəcəkdir. 2016-cı ilin aprel döyüşləri də Azərbaycan xalqının qətiyyətini və əzmini sübut etdi.
Bu gün ölkəmizdə hakimiyyət və xalqın möhkəm, sarsılmaz birliyi mövcuddur, cəmiyyətimizdə yüksək döyüş ruhuna malik olan gənc nəsil yetişib. Dövlət başçısının da  düşmənə mesajında bir fakt aydınlaşır ki, Azərbaycanda dövlət və xalqın birliyi nəticəsində ölkənin hərbi qüdrəti yetərincə formalaşıb. Müasir silah və hərbi texnikalarla təchiz edilən Azərbaycan Ordusu istənilən an üzərinə düşən mühüm döyüş tapşırığını icra etməyə qadirdir.
Çox təəssüf ki, Ermənistanın işğalçı mövqeyini rəsmən bildirməyən Beynəlxalq Təşkilatlar  bəzən Azərbaycanı sürətlə silahlanmada, ən müasir silahları idxal etməkdə qınayır. Bu qınağa rəsmi Azərbaycanın cavabı birmənalıdır. Prezident İlham Əliyev israrla qeyd edir ki, biz bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, hərbi gücümüzdən istifadə etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. "Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, hərb quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük...". Azərbaycan öz qanuni ərazilərini işğaldan azad etmək üçün ordusunu gücləndirməkdə, ordu quruculuğunu daha da inkişaf etdirməkdə tam haqlıdır.
Bu gün Azərbaycan Ordusu müasir silahlarla təmin olunur, Azərbaycanın qabaqcıl hərbi sənayesi yaranıb və bir çox hərbi texnikalar ölkəmizdə istehsal edilərək ordunun ixtiyarına verilir. Təlimlərə son istehsal nümunələri olan hərbi texnikalar, zirehli döyüş maşınları çıxarılır. Bu texnikaları idarə edən peşəkar hərbi kontingentimiz formalaşıb və bu da son illər ordu quruculuğunda həyata keçirilən səmərəli islahatların nəticəsidir.
Azərbaycanın sürətlə silahlanması, öz hərbi qüdrətini artırması ərazi bütövlüyümüzü təmin etmək üçündür.
Bu yaxınlarda internet saytlarından birində Ermənistanın keçmiş Müdafiə nazirinin etirafı verilib. Erməni general haqlı olaraq vurğulayır ki, Azərbaycan hərbi qüdrətinə görə onlarla müqayisədə böyük üstünlüyə malikdir. Əslində, iki il əvvəl baş verən aprel döyüşlərindən sonra da işğalçı dövlətin analitikləri və tanınmış hərbi ekspertləri bu müqayisəni qeyd edirdilər. Bu gün də əksər erməni ekspertləri cəsarətlə vurğulayır ki, krimonogen hərbi-siyasi rejim Ermənistanı uçuruma yuvarlayıb.
 Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi bu ölkəni mühüm iqtisadi layihələrdən təcrid edib və məhz buna görə də erməni xalqı ildən-ilə yoxsullaşır. İşğalçı ölkənin ordusunda vəziyyət daha dözülməzdir. Gənclər intizamsız, qayda-qanun olmayan orduda xidmət etmək istəmirlər və buna görə də Ermənistan ordusunda intihar, xidmət yerini özbaşına tərketmə halları durmadan çoxalır.  İşğalçı ölkənin ordusunda xidmət etməyə çağırış yaşlı gənclər çatışmır.
Gələcəyə ümidsiz olan Ermənistandan fərqli olaraq bu gün Azərbaycanın mübariz gəncliyi formalaşıb və bu qüvvə məlum aprel savaşında olduğu kimi, hər an üzərinə düşən müqəddəs vəzifəni yerinə yetirməyə - Vətənimizin ərazi bütövlüyünü təmin etməyə tam hazırdır.
Ötən həftə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı dediyi fikirlərə diqqət yetirildi. Bütün idarə və xidmət rəislərinin, hərbi hissələrin məsul zabitlərinin iştirak etdiyi  bu tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə başçısının ordunun inkişafına verdiyi yüksək qiyməti müşavirə iştirakçılarının diqqətinə çatdırdı, əminliklə  bildirdi ki, bu yüksək etimadı doğrultmaq, qarşıda duran vacib tapşırıqları yerinə yetirmək üçün Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da müsəlləh olacaqdır.
Arif PƏNAHOV, "Azərbaycan Ordusu", fotolar Rəhim YUSİFLİ, Coşqun CƏFƏROVUNDUR