Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:18

Mətin addımlarla gedək irəli!

Ordumuz yeni inkişaf mərhələsindədir. Müasir dövrdə Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasət uğurla həyata keçirilir və ordumuzun qüdrəti günü-gündən artır.
Ölkə rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğı nəticəsində şəxsi heyətin məişət şəraiti, əsgərlərin döyüş və fiziki hazırlığı, ordunun müasir texnika ilə təchizatı yüksək səviyyədədir. 
"N" hərbi hissəsində şəxsi heyətin məişət şəraiti ilə yaxından tanış olduq. Hərbi hissədə bütün standartlara cavab verən ideoloji otaq, rahat və yumşaq ikimərtəbəli çarpayılar, yun adyallar, əl-üz və ayaq dəsmalları, ən yeni idman avadanlıqları var. Əsgər yataqxanasının səliqə-sahmanına nəzarət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Pərviz Yusubov  Azərbaycanın yenilməz bir orduya malik olduğunu bildirdi: "Belə bir orduda xidmət etmək böyük şərəfdir. Bu gün Azərbaycan əsgəri olaraq, aprel döyüşlərinə istinad edərək qürurla deyə bilirik ki, ordumuz dünyanın aparıcı orduları ilə müqayisə edilə biləcək səviyyədədir. Əsgərlərimiz hər an döyüşə atılacaqları günü gözləyirlər.”
Laçın rayonundan olan əsgər Surxay Allahverdiyev Laçının, eyni zamanda işğal altında olan bütün torpaqlarımızın həsrətini çəkdiyini, dədə-baba yurdlarına dönəcəyi günü gözlədiyini dedi: "Bizlər burada hər cür şəraitlə təmin olmuşuq. Yataqxanamız səliqəli və istidir. Asudə vaxtlarımızda televiziya verilişlərinə baxırıq. Bu şəraitin qarşısında nümunəvi xidmət etmək əsas vəzifəmizdir. İnanıram ki, gələcək döyüşlərdə düşmənlərimizi məhv edib torpaqlarımızı azad edəcəyik".
Anbarda və məişət otağında xüsusi səliqə-sahman diqqətimizi cəlb edir. Şahidi oluruq ki, gigiyena qaydalarına ciddi şəkildə əməl olunur. Məişət otağında əsgərlərin növbəti həftəyə hazırlığı prosesi zamanı əsgər Rəşid Babayevlə həmsöhbət oldum. Ordu sıralarına Sumqayıt şəhərindən çağırılan əsgər bildirdi ki, mülki həyatda da bərbər işləyib və burada da peşəsini davam etdirir: "Əsgər qardaşlarımın, döyüş və silah yoldaşlarımın saç düzümlərini səliqəyə salıram. Asudə vaxtlarımda bu sahədə çalışmağı nəzərdə tutmuşam. Ancaq bu gün əsas istəyim Qələbə soraqlı döyüşlərdə iştirak etməkdi. Nə vaxt ehtiyata buraxılsam da, hər an dövlətimizin əsgəriyəm".
Əsgər Vüsal Məmmədov söhbətə müdaxilə edərək bildirdi ki, hərbçi geyindiyi formaya hörmətlə yanaşmalı, onu səliqəli saxlamalıdır. “Bu forma müqəddəs formadır. Bu formanı Mübarizlərimiz, Fəridlərimiz və Vətən uğrunda şəhid olanlar daşıyıblar”.
Sevgi ilə öz formasını ütüləyən əsgərimizə yaxınlaşıram. Ordu sıralarına Qazax rayonundan çağırılan, manqa komandiri vəzifəsində xidmət edən Sarı Mansurov deyir ki, evimizin yaxınlığında hərbi hissə var. “Hər zaman məktəbdən çıxandan sonra ora gedərdim. Mən də əsgər olmaq istəyirdim. Atam mənə əsgər paltarı tikdirmişdi. Evdə güzgüyə baxaraq hərbi salam verirdim, sıra addımları ilə yeriyirdim. Artıq özümü hərbçi kimi hiss edirdim. Bu gün Azərbaycan Ordusunun əsgəriyəm və hərbi sirlərə dərindən yiyələnirəm, üzərimə düşən tapşırıqların öhdəsindən layiqincə gəlirəm.”
- Hərbi xidmət ilk növbədə səliqə-sahmandan və nümunəvi xidmətdən başlayır, - əsgər Kənan Heydərli də söhbətə başlayır. - Ona görə də hərbi hissəmizdə söylədiyim amillərə xüsusi önəm verilir. Çünki biz Azərbaycan Ordusunun əsgəriyik. Bizim ordu yenilməz bir ordudu. Bu ordunun da müqəddəs forması var. Hansı ki, bu formaya hamımız yüksək sevgi, ehtiramla yanaşırıq. Arzu edirəm ki, xidmət etdiyim müddətdə xalqımıza qalibiyyət sevincini gətirənlərin sırasında olum.
Əsgərlərimizin dediklərindən bir daha əmin oldum ki, Azərbaycan Ordusunda xidmət edən əsgərin tək bir məqsədi vardır: Qarabağımızı azad etmək. Buna hər birimiz inanırıq və bilirik ki, Qələbə gününə az qalıb. Xalqın böyük inamla, intizarla, səbirsizliklə gözlədiyi Qələbə sevinci Azərbaycanımızın zəfər tacı olacaq!

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar  Coşqun CƏFƏROVUNDUR