Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:17

“Müqəddəs zirvə”

Mübariz İbrahimov. Hamının ehtiramla yad etdiyi, unutmadığı, unutmayacağı ad-soyad. Gənclərin hər birinə nümunə olan bir igid - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov...
Qəhrəmanlığından - şəhidliyindən neçə il keçib. Neçə on illər keçəcək, bu qəhrəmanlıq, bu şəhidlik heç zaman unudulmayacaq...
"N" hərbi hissəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirildi. "Dəyirmi masa" iştirakçıları qəhrəmanın ömür yolundan, hərbi xidmətindən, qəhrəmanlığından - şəhidliyindən söz açdılar. Hər kəlmədə ehtiram, hər kəlmədə sevgi.
Polkovnik-leytenant Rüstəm Məmmədov Mübariz İbrahimovun Vətənə sevgisinin hər bir azərbaycanlı  gənc üçün örnək olduğunu, şəhidliyindən əvvəl yazdığı məktubun onun hansı amalla yaşadığını, gənclərə Vətən məhəbbətiylə yaşamağın zəruriliyini xatırlatmasını və s. qeyd edərək "Belə ömürlər yaşarı ömürlərdi, belə ömürlər əbədiyaşar ömürdü", - dedi.
Vüsalə Hüseynova isə çıxışında qeyd etdi ki, heç kim anadan qəhrəman doğulmur. “Təhsil, dünyagörüş, mühit, şərait fərdi qəhrəman edir. Qəhrəmanlıq Vətəni, torpağı digərlərindən daha çox sevənlər, ömür payını Vətən üçün yaşayanlar məqamında digərlərinin edə bilməyəcəyini edir - qəhrəman olur. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi...”.
Səyyar kitabxananın müdiri Elnarə Hüseynova çıxışında qeyd etdi ki, son vaxtlar oxucular Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş kitabları oxumağa daha çox maraq göstərirlər. “Bu, təbiidir. Hər kəs müharibələri bədii, sənədli ədəbiyyatda da görmək istəyir. Hər müharibənin öz qəhrəmanı olur. Atəşkəs müharibələrin başa çatması deyil. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Mübariz atəşkəs dövründə misilsiz qəhrəmanlıq göstərdi. Bu qəhrəmanlığın mahiyyəti Azərbaycan əsgərinin hansı amalla xidmət etdiyinin təzahürüdür...”.
Bu və ya digər mətləb həmişə ədəbi-bədii kompazisiyalarla daha əhatəli açılır, daha düşündürücü olur. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş "Dəyirmi masa" tədbirində əsgərlərin təqdimatında belə bir kompazisiya həm qəhrəmanın özünün, həm də ümumən qəhrəmanlığın tərənnümü  təsirindəydi.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Müqəddəs zirvə" sənədli filmi şəhidliyin Vətən sevgisinin təzahürü olduğunu, Mübariz kimi oğulların ömrünün davamının məhz bu zirvə ilə bağlılığının təsdiqidir. Sənədli film mahiyyəti etibarı ilə qəhrəmanlığın - şəhidliyin Vətən sevgisi olduğunu bir daha təsdiqlədi. Onu da təsdiqlədi ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi oğullar heç zaman unudulmur, unudulmayacaq....

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"