Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:16

Azərbaycan əsgəri qalib gələcək!

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində, reaktiv artilleriya bölməsinin döyüş hazırlığı ilə tanış oldum. Praktiki təlim keçən şəxsi heyətin komanda şəklində bir-birini tamamlaması, komandirlərin göstərişlərinə ciddi əməl etmə məsuliyyətinin təzahürüdür. Əsgərlərin silahla düzgün davranması onların hərbi hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Praktiki cəhətdən özlərini yaxşı tərəfdən göstərən şəxsi heyət silahın taktiki-texniki xüsusiyyətləri haqqında komandirlərinin verdiyi sualları səlis cavablandırır.
Taqım komandiri baş leytenant Samir Nağıyev əslən Kəlbəcərdəndir. 1982-ci ildə Bakıda anadan olub. İşğalda olan torpaqlarımızın azad olunacağı günü o da səbirsizliklə gözləyir. "Qarabağ müharibəsinə qədər ailəmizlə dədə-baba ocağımıza ziyarətə tez-tez gedərdik. Müharibənin başlaması, qohumlarımızın doğma yurdlarından didərgin düşməsi düşmənə nifrətimi daha da artırdı. Atamın söhbətləri Vətən sevgimizi daha da yüksəldirdi. Qardaşım da zabitdir. O da, mən də torpaqlarımızın işğaldan azad edilməsində iştirakçı olmaq istəyirik. Dövlətimizin ərazi bütövlüyünü qorumaq ən müqəddəs vəzifəmizdir. Bir zabit kimi ön xətdə xidmət etməyim məsuliyyətimi daha da artırır. Şəxsi heyətə istər döyüş hazırlığında, istərsə də ictimai-siyasi hazırlıqda informasiyaların dolğun çatdırılması vəzifə borcumuzdur. Hərbi bilikləri yüksək olan əsgər döyüşdə tapşırıqların operativ, dəqiq yerinə yetirilməsində başlıca amildir. Ali Baş Komandanın əmrini gözləyirik”, - baş leytenant Samir Nağıyev deyir.
Zabit S.Nağıyev söhbətinə davam edərək bildirdi ki, praktiki dərslər öncədən təyin edilmiş ərazidə keçirilir. “Belə dərslərdə şəxsi heyətin təhlükəsizlik qaydalarına riayət etməsi, baş verə biləcək hər hansı bir hadisənin qarşısını alır. Təhlükəsizlik qaydalarını çatdırdıqdan sonra, atəş mövqeyindən hədəfə atılan atəşə qədərki proses nəzəri olaraq izah edilir. Bundan sonra komandir rabitə vasitəsi ilə hədəfin koordinatlarını şəxsi heyətə ötürür, sonra tuşlayıcı və bucaqölçən hədəfə qədər olan məsafəni hesablayır. Qaldırma və döndərmə mexanizmləri qurulduqdan sonra qurğu döyüş vəziyyətinə gətirilir.”
Həmsöhbətim  əsgər-komandir münasibətləri haqqında da danışarkən bildirdi ki, əsgər komandirin güzgüsüdür. “Yaxşı komandirin pis əsgəri ola bilməz. Şəxsi heyətin  problemləri ilə yaxından maraqlanmaq qarşımızda duran əsas vəzifələrimizdəndir. Əsgər komandirini özünə doğma, yaxın bilməlidir, komandir də ona dayaq və kömək olmalıdır. Təklikdə onlarla həm komandir kimi, həm də böyük qardaş kimi davranıram. Əsgərlərimin fiziki hazırlığına da xüsusi önəm verirəm. Birlikdə kütləvi idman tədbirlərində iştirak edirik. Şəxsi heyətin hazırlıq normativlərini plana əsasən götürürəm ki, hər bir əsgərin fiziki hazırlığı yüksək olsun.”
Baş çavuş Qabil Alıyev də fikirlərini bizimlə bölüşür: "Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi əsas vəzifəmiz Vətənimizin ərazi bütövlüyünü qorumaqdır. Komandanlığın bizə diqqəti, qayğısı hər zaman hiss olunur. Qarabağ Azərbaycanın əzəli, əbədi və ayrılmaz tərkib hissəsidir. Dövlətimiz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. Azərbaycan əsgəri güclüdür. Bunu aprel döyüşləri bir daha təsdiqlədi. İnşallah, işğalda olan torpaqlarımızı da tezliklə azad edəcəyik. Çox istərdim ki, bu uğurda mənim də payım olsun.”
Əsgər Musa Məcidov fəallığı ilə seçilir. Yaxşı həmsöhbətdir: "Bu torpaq bizə babalarımızdan əmanətdir. Uğrunda neçə-neçə oğul canından keçib. Biz də Vətənin bütövlüyü uğrunda canımızdan keçməyə and içmişik. Azərbaycan əsgəri döyüşlərə hazırdır. Əsas vəzifəmiz komandirlərimizin bizə öyrətdiklərini dərindən mənimsəmək, intizamlı olmaqdır".
Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək qüdrətindədir və istənilən an qalib gələcək!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR