Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2018 09:15

İdmançı əsgər

Ordu sıralarına Bakı şəhərindən çağırılan Kamran Nəzərəliyev ali təhsillidir, 6 il idmanın güləş növü ilə məşğul olub. Dəfələrlə yüksək nailiyyətlər əldə edib. "İdmana hər zaman xüsusi sevgim olub. İdman sağlamlıqdır, iradəni artırır. İdmanla məşğul olmağa başladığım ilk gündən çalışmışam ki, hər zaman birinci olum, yarışlarda yüksək nailiyyətlər əldə edim. Buna da nail olmuşam". “Hansı yarışlarda nailiyyətlər əldə etmisən?” sualıma cavab olaraq bildirir: "İki dəfə Azərbaycan çempionatının, dəfələrlə Bakı çempionatının, Gürcüstan Respublikasında təşkil olunan çempionatın qalibi olmuşam. Düzdür, nailiyyətlərim çoxdur, amma digərlərindən üstün tutduğum Gürcüstandakı qalibiyyətimdir. Çünki orada mən erməni idmançısıyla qarşılaşdım. Görüşdən əvvəl gözlərimin önünə Mübarizlərimiz, Çingizlərimiz, Zəhralarımız gəldi. Qalib gəldim. Düşmənlərimizə bir daha sübut etdim ki, Azərbaycan hər zaman onlardan üstün olub və olacaqdır. Bayrağımızı xarici ölkədə yüksəltməklə, Dövlət himnimizi səsləndirməklə qürur hissi duydum".
Taqım komandirinin müavini həmsöhbətim haqqında ağızdolusu danışdı: "Kamran iştirak etdiyi bütün yarışların qalibi olub. Hər yerdə Azərbaycanın şərəfini uca tutub. O, bu sahədə fəaliyyətini, uğurunu davam etdirə bilərdi, Vətən borcunu, hərbi xidməti hər şeydən üstün tutdu. Kamranın komandiri olaraq, fəxr edirəm ki, belə əsgərlərimiz var".
Kamran deyir ki, əsas amalı torpaqlarımızı işğaldan azad etməkdir. “İdman buna görə də lazımdır. Hər zaman Ali Baş Komandanın döyüş əmrinə hazırıq”, - deyir.
İnanırıq ki, əsgər Kamran Nəzərəliyev nümunəvi xidmətiylə yeni uğurlar qazanacaqdır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"