Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:52

Qələbəmiz yaxındadır

Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindəndir. Əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu var. Hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada icra edilən idman hərəkətləri şəxsi heyəti fiziki cəhətdən möhkəmləndirir və sağlamlığına təminat verir. İdman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə də müsbət təsir göstərir. Fiziki hazırlıqla məşğul olan hərbi qulluqçu daha möhkəm, dözümlü və yüksək əhval-ruhiyyədə olur.
Sağlam bədənə, yüksək döyüş hazırlığına malik olan əsgərlər döyüş tapşırıqlarını çevik, dəqiq və vaxtında yerinə yetirir. Bu səbəbdən də şəxsi heyətin fiziki hazırlığına da mühüm yer ayrılır. Bütün hərbi hissələrdə idman meydançaları, bütün növ müasir avadanlıqlarla təchiz olunmuş trenajor sinifləri mövcuddur. Yaradılan şəraitdən lazımınca istifadə edən əsgərlər fiziki hazırlıq dərslərində də fəaldırlar. Bilirlər ki, qələbə çalmaq üçün həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olmalıdırlar.
Fiziki hazırlığa üstünlük verən və daima idmanla məşğul olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Dünyamalıyev deyir ki, hər yaşda idman insanın sağlamlıq cövhəridir. Elçin uşaq yaşlarından idmana maraq göstərdiyini bildirir.
- Atam müharibə iştirakçısı olub. Deyirdi ki, sağlam insanlar döyüşlərdə də fərqlənir. Mən də atamın dediklərinə əməl edib, hər zaman idmanla məşğul olacam.
İdmana həvəs göstərən əsgərlərdən Şöhrət Qəhrəmanov, Bayram İdrisov, Şamxal Qallacovun idman hərəkətlərinə diqqət edirəm. Onlar turnikdə, paralel qollarda və digər idman qurğularında məşqlərini davam etdirirlər. Məşqlərini yekunlaşdıran əsgərlərlə söhbətimizdə məlum olur ki, günün nizam qaydasına uyğun olaraq, komandirlərinin rəhbərliyi ilə fiziki hazırlıq məşğələsini yerinə yetirirlər. Bilirlər ki, qələbəmiz yaxındadır.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR