Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:31

“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”

Bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə gənc zabit xidmət edir. Hər biri tutduqları peşənin, çiyinlərindəki ulduzların, hərbi formanın məsuliyyətini dərindən dərk edir. Hamısının tək bir məqsədi var - illərdir düşmən tapdağında olan Qarabağı azad etmək. Buna görə də günbəgün döyüş hazırlıqlarını yüksəldir, öz təcrübələrini şəxsi heyətlə bölüşürlər. Təbii ki, daha hazırlıqlı komandirin bölməsi də döyüş meydanında qələbə qazanacaq. Zabitlər gənc döyüşçülərin, istər nəzəri, istərsə də praktiki vərdişlərini artırmağa ciddi fikir verirlər.
"N" hərbi hissəsində zabit Aqil Namazovla söhbətləşib, "Gənc zabitlərimiz rubrikasında yazı hazırlamaq məqsədimi bildirdim. Zabit qeyd etdi ki, hərbi hissəmizdə hər kəs tutduğu vəzifəyə görə layiqincə xidmət edir. "Gənc zabitlərimiz seçdikləri peşənin məsuliyyətini yaxşı dərk edir, hərbçi olmağın, forma daşımağın qürurunu yaşayırlar. Təbii ki, bu cür bacarıqlı zabitlər vaxtında layiq olduğu qiyməti alır və digərlərinə nümunə göstərilir. İndi sizə təqdim edəcəyim zabit gənc yaşda olmasına baxmayaraq öz işi bə bacarığı ilə qısa vaxtda hamıya nümunə olub. Belə gənclərimizlə hər zaman fəxr edirik."
Zabitlə söhbətləşirdik ki, kənardan hündür boylu gənc zabit çevik yerişlə bizə yaxınlaşıb, nizamnamə qaydasında hərbi salam verdi. Onunla vaxt itirmədən söhbətə başladım. Baş leytenant Vilayət Orucovla tanışlıqdan sonra öyrənirəm ki,  gənc zabit Naxçıvan şəhərindəndir. Uşaqlıqdan Vətən sevgisi ilə böyüyüb. Heydər Əliyev adına Hərbi Liseyə yaxın ərazidə yaşadıqları üçün tez-tez ora gedib, gəlib. "Hər axşam kursantları görmək üçün liseyin yanına gedir, onların sıra meydanında yerişlərinə baxır, oxuduqları mahnılara həvəslə qulaq asırdım. On dörd yaşıma qədər həmişə onları düşünür, özümü kursant mündirində təsəvvür edirdim. Bir gün yenə liseyə gedəndə burada təhsil almaq istədiyimi bildirdim və bunun üçün hansı sənədlərin lazım olduğunu soruşdum. Valideynlərimə qərarımı bildirdikdə sevindilər. Atam həmişə Qarabağ savaşından danışanda gözləri dolardı. Nəhayət, 2007-ci ildə liseyə daxil oldum. Artıq xəyallarım gərçək olmuşdu. Zabit olacağım üçün sevinirdim."
Həmsöhbətim 2010-cu ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Təhsilini başa vurandan sonra 2014-cü ildə uşaqlıqdan həsəd apardığı leytenant rütbəsi çiyninə taxılır. Hərbi formaya olan sevgisi tezliklə onu başqalarının da gözündə ucaldır. Hərbi hissəyə gəldiyi ilk gündən təkcə kollektivin yox, komandanlığın rəğbətini qazana bilir. Tezliklə ona etimad göstərilir, yuxarı vəzifəyə təyin olunur.
- Bu gün qürur duyuram ki, müstəqil dövlətimizin qüdrətli ordusunun zabitiyəm, - deyir müsahibim. - Ordumuzun gücü dünyaya, mənfur qonşumuza da bəllidir. Yuxarı komandanlıq daim şəxsi heyətin problemləri ilə maraqlanır, xidmətin yüksək səviyyədə təşkili üçün hər bir şərait yaradılır. Hərbi hissələrimiz müasir standartlara uyğun yenidən tikilərək istifadəmizə verilib. Belə yerdə xidmət edən zabitləri təkcə bir şey narahat edir - torpaqlarımızın düşmən tapdağında olmağı. Bu narahatçılığımız da çox çəkməyəcək. Qısa zaman kəsiyində Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağı düşməndən azad edəcəyik. Mən də gənc zabit kimi söz verirəm ki, tabeliyimdəki şəxsi heyətlə döyüşlərdə ön cərgələrdə getməyə son nəfəsimizədək vuruşmağa hazırıq.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR