Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:13

“Hərb tariximizə yeni səhifələr yazacağıq”

Ətrafımızdakı insanlara, cəmiyyətə verdiyimiz töhfələr və bunun əsasında yaranan xoş məqamlar həyatımızın ən dəyərli anlarını təşkil edir. Vətənimizə, xalqımıza səmərəli xidmət etmək sağlam gələcəyimizin formalaşması deməkdir. Bu baxımdan Vətəninə məsuliyyət hissi ilə xidmət edən peşə sahiblərinin arasında hərbçilərin yeri xüsusidir.
Ordumuzun gələcəyi, inkişafı, torpaqlarımızın işğaldan azad olunması müəyyən mənada Azərbaycan zabitinin və əsgərinin əlindədir. Əsl zabit öz peşəsini sevməli, onun sirlərini mükəmməl bilməli, xalqın, Vətənin problemləri ilə yaşamalı, əsgərləri də bu ruhda yetişdirməlidir.
Məhz haqqında bəhs edəcəyimiz baş leytenant Əfqan Əmirov da Azərbaycan Ordusunun layiqli zabitlərindəndir. Onunla ön xətdə yerləşən hərbi hissələrimizdən birində döyüş hazırlığı məşğələsində tanış oluruq. Cəlilabad rayonunun Kövüzbulaq kəndində dünyaya gələn zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Həmsöhbətim hesab edir ki, hərbçiyə öz ixtisasını dərindən bilmək olduqca vacibdir: "Bu, həm özümüz, həm də dövlətimizin təhlükəsizliyi naminə zəruridir. Zabit müqəddəs Vətənin qoruyucusudur, buna görə də savadlı, hazırlıqlı, cəsarətli və iradəli olmalıdır. Bu gün Azərbaycan Ordusu peşəkar zabit heyətindən ibarətdir. Artıq ordumuz istənilən sınaqdan üzüağ çıxmağa qadirdi. Hazırkı zabit nəslinin peşəkar davranışı, Azərbaycan əsgərinin təcrübəliliyi sayəsində ordumuz öz qüdrətini 2016-cı ilin aprelində göstərməyə nail oldu."
Baş leytenant Əfqan Əmirov onu da qeyd edir ki, bu gün Azərbaycan Ordusu nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasındadır: "Bütün hərbi hissələrdə, eləcə də cəbhə bölgələrində əsgəri xidmət üçün hər cür şərait yaradılıb, hərbçilərin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir. Bilirsiz, heç vaxt kiminsə torpağında, var-dövlətində gözümüz olmayıb. Həmişə qonşularımıza humanist yanaşılıb, onlara öz ərazilərimizdə yaşamaq üçün hər cür şərait yaradılıb. Amma bütün bunlar o demək deyildir ki, biz daha kiməsə halal torpaqlarımızdan pay verə bilərik. Qan tökülməsini istəmirik, amma torpaq uğrunda döyüşmək də, vuruşmaq da amalımızdır. Bu gün Milli Qəhrəmanlarımızın, igidlərimizin döyüş yolu hər birimiz üçün örnəkdir. Onların şücaəti bir daha təsdiq edir ki, həyat üçün doğulanların Vətən uğrunda şəhidliyi şərəfdi. Bu şərəfin daşıyıcısı olaraq ata-babalarımızdan əmanət aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə, qorumağa hər an hazırıq. İnanıram ki, 20 faiz torpaqlarımızın və 1 milyondan çox qaçqın və köçkünümüzün taleyi xalqımızın şücaəti və igidliyi nəticəsində həll ediləcək və hərb tariximizə yeni səhifələr yazılacaq.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"