Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 10:58

“Döyüş əmrinə hər an hazırıq”

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.

Əsrlər boyu torpaqlarımıza, tükənməyən sərvətlərimizə göz dikən düşmənlərin istəyini ərlər-ərənlər çilikləyib. Neçə bəd niyyətli hökmdar burada başını itirib. Bu torpaq adına layiq igid oğullar yetişdirib. Elə igidlər ki, adları xalqımızın yaddaşında əbədiləşib, nəsillərə örnək olub. İndi Azərbaycan doğma torpaqlarını işğaldan azad etməyə qadir olan orduya malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyib: "Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək". Düşmən də bilir ki, xalqımız Ali Baş Komandanımızın döyüş əmri ilə irəli atılacaqları günü səbirsizliklə gözləyir.
Ön xətdəyik. Zabit Fuad Axundov ordu quruculuğundan söz açır: "Bu gün ordumuzun inkişafı göz önündədir. Azərbaycan əsgərinin ərzaq və geyimlə təminatı yüksək səviyyədədir. Ordu yüksək döyüş hazırlığına malikdir. Bunu keçirilən irimiqyaslı təlimlər də təsdiqləyib. İldən-ilə hazırlıq səviyyəsi yüksələn və təkmilləşən zabit heyəti var. Hərbi qulluqçularımız istənilən tapşırığı yerinə yetirməyə daim hazırdırlar”.
Baş leytenant Raqil Süleymanov şəxsi heyətə təhlükəsizlik qaydaların çatdırır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur: "Bir gün atama hərbçi olmaq istəyimi bildirdim. O anlar heç zaman yadımdan çıxmaz. Heç nə demədən mənə baxdı. Az sonra dedi: "Bu gün mənim ən sevincli günlərimdən biridir. Mən səninlə fəxr edirəm, oğul. Düzgün seçim etmisən. Mən səni bu yolda hər cür dəstəkləməyə hazıram. İnanıram ki, torpaqlarımızı işğaldan azad edənlərin sıralarında sən də olacaqsan". İstəyimə nail oldum. Leytenant hərbi rütbəsi alanda sevincimin həddi-hüdudu yox idi. Bu gün ön xətdə vətənpərvər, mərd, cəsur əsgərlərlə xidmət etdiyim üçün qürur duyuram. Gün gələcək, onlarla birgə irəli atılacağıq".
Söhbətimizi bitirdikdən sonra zabit məni şəxsi heyətlə tanış edir. Əsgər Nurlan Qasımov Tovuz rayonundandır. Atasının Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edir: "Hələ kiçik yaşlarımdan əynimə hərbi forma geyinib Vətənə əsgər olmaq arzusundaydım. Artıq aylar, illər arxada qaldı. Əsgəri xidmətimə böyük həvəslə başlamışam. Mən və əsgər yoldaşlarım Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini hər an gözləyirik".
Ordu sıralarına Bakı şəhərindən çağırılan əsgər İbad Heybətov Bakı Dövlət Universitetinin məzunudur. Atıcı vəzifəsində xidmətini davam etdirir. 
- Bütün əsgər yoldaşlarımızla bir istəyimiz var: torpaqlarımızı azad edərək, düşmənimizdən qisas almaq, torpaqlarımızın 20 faizini işğaldan  azad etmək. Bunun üçün biz xidmətimizdə möhkəm olmalıyıq ki, düşmən təxribatının qarşısını alaraq, onlara layiqli cavab verək. İnanıram ki, tez bir zamanda üçrəngli bayrağımızı həsrətini çəkdiyimiz Laçında, Kəlbəcərdə, Xocalıda... dalğalandıracağıq.
Ordu sıralarına Biləsuvar rayonundan çağırıldığını bildirən əsgər Elxan Astanovun əmisi gizir Əfsun Astanov aprel döyüşlərində Talış dağı istiqamətində döyüşənlərin sırasında olub. "Ön xətdə xidmət edirəm. Mülki həyatda bəzilərinə elə gələ bilər ki, orduda, xüsusən də ön xətdə xidmət etmək çətindir, lakin bu belə deyil. Əslində hərbi xidmət bizə gələcək həyatda gərəkli olan mənəvi keyfiyyətləri aşılayır. Qorxmazlığı, mərdliyi, iradəli olmağı öyrənirsən. Hərbi xidmətdə komandirlərin tapşırıqlarını yerinə yetirməli və hərbi qaydaları gözləməlisən.”
Manqa komandiri əsgər Dünyamalı Musazadə Laçındandır. Öyrənirəm ki, doğma el-obası haqqında valideyinlərindən, əzizlərindən çox eşidib. Ən böyük arzusu Laçınına qayıtmaqdır. "Düzdür, mən doğma elimin gözəlliyini görməmişəm. Şəkillərə baxdıqda ürəyim param-parça olur. Bu diyar təbiətin bütün gözəlliklərini özündə cəmləşdirib. Şəkillərə baxmaqla doymuram. Atam mənə evimizdən danışanda göz yaşlarını saxlaya bilmir. Yenidən o yerlərə qayıdacağımız günün həsrəti ilə yaşayırıq. Mən də digər əsgər yoldaşlarım kimi arzulayıram ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günün sevincini əsgər kimi yaşayım.”
Hərbi xidmətə Sabirabad rayonundan çağırılan əsgər Rizvan Mirzəyev deyir: "Əmim oğlu polkovnik-leytenant Murad Mirzəyev aprel döyüşləri zamanı şəhid olub. Onun da, digər şəhidlərimizin də qisaslarını düşməndən alacağıq".
Əsgərlərimiz Mehman Məmmədov, Əkbər Bəşirli, İsak Şıxzamanov və başqaları da eyni əqidəylə, eyni amalla xidmət edirlər. 
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR