Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 10:54

Qarabağa yaz gələcək!

Bu inam ordumuzun qüdrətinə, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının səviyyəsinə inamdır. Bu inam xalqın Ali Baş Komandana inamıdır. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatların nəticələrinə inamdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür" fikri də bu inamın nəticəsidir.
İnşa edilən hər yeni hərbi hissədə yaradılan yüksək təminat, şərait  şəxsi heyətin nəzəri, təcrübi biliklərinin artırılması, fiziki hazırlığının möhkəmləndirilməsi, asudə vaxtının düzgün təşkili baxımından əhəmiyyətlidir. Yaradılan şərait ordunun döyüş qabiliyyətinin də, mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində etibarlı vasitə olur. Bunu son vaxtlarda keçirilən geniş miqyaslı təlimlər də təsdiqləyir.
Hərbi hissələrimizin yeməkxanalarında hər cür şərait yaradılıb. Təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır, milli mətbəximizə üstünlük verilməklə normaya müvafiq gündə üç dəfə yemək hazırlanır.
Azərbaycan əsgərinin döyüş hazırlığını mənəvi-psixoloji hazırlığı tamamlayır və bu dönməz vəhdət ordunun gücüdür, qüvvətidir, qüdrətidir. Həftədə iki dəfə keçirilən ictimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin ruh yüksəkliyini artırır, hərbi bilik və bacarıqların döyüş zamanı düzgün istifadəsinə zəmin yaradır.
Hərbi hissələrdə həftədə iki dəfə bir saat ərzində sıra hazırlığı məşğələsi keçirilir ki, bu da şəxsi heyətin nizam-intizamını daha da möhkəmləndirir, sıra vərdişlərini təkmilləşdirir.
Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən vətənpərvərlik tədbirlərinin mahiyyəti mənəvi-psixoloji hazırlığı təkmilləşdirir ki, bu da ordu quruculuğunda vacib şərtlərdən biridir.  
Ön xətdəki hərbi hissələrimizdə də belə şərait yaradılıb və bu, döyüş növbətçiliyi aparan, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizin qətiyyətidir, onların Vətən sevgisini tamamlayan mənəvi stimuldur. Azərbaycan əsgəri bilir ki, sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan Ali Baş Komandanın əmriylə döyüşlə azad edəcəkdir. Əmindir ki, Böyük Qələbəni qazanacaqdır.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü də təsdiqlədi, ordu ilə xalqın birliyini də. Bu qələbə vətənsevərliyin qələbəsidi. Bu qələbə inamın qələbəsidi. Bu qələbə dövlətə, dövlətçiliyə sədaqətin qələbəsidi. Bu sədaqət yaxın vaxtlarda nəyə qadir olduğunu möhtəşəmliklə təsdiqləyəcək. Bu qələbə Böyük Qələbənin başlanğıcıdı. Böyük Qələbə də yaz ovqatlı olacaq. Bu Qələbə işğaldan azad edəcəyimiz torpaqların yaz ovqatı olacaq. Yaxın vaxtlarda Qarabağa yaz gələcək. Əməkdaşlarımız ezamiyyətə bu ovqatla gedir, səngərlərdə əsgərlərimizlə bu ovqatla söhbətləşirlər. 
Qarabağa yaz gələcək!
Bu yaz arzuladığımız yaz olacaq!..
"Azərbaycan Ordusu"