Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:39

Hərbi xidmət həyat və qəhrəmanlıq məktəbidir

Bu yaxınlarda "Azərbaycan Ordusu" qəzetindən gəlmişdilər, bir çox əsgər yoldaşım kimi məni də dinlədilər. Düşüncələrimi qələmə alacaqlarını biləndə nə qədər sevindim. Doğma qəzetimizi həvəslə oxuyuram, səhifələrində dərc edilən əsgər məktubları da ürəyimcədir. Əgər mənim də düşüncələrimi dərc etsəniz, çox məmnun olardım.
Bir vaxtlar vardı ki, mən də televizor önündə əyləşib hərbi verilişlərə, əsgərlərdən bəhs edən süjetlərə maraqla baxırdım və düşünürdüm ki, bir gün Vətənimin əsgər oğulları sırasında olacam. Artıq on aydır ki, arzuma çatmışam.
Orta məktəbi Bakının Xəzər rayonunda oxumuşam, əlaçı olmasam da hərbi fənnə marağım böyük idi. Həmişə bu dərsin başlanmasını həsrətlə gözləyirdim, çünki müəllimimiz bizə hərbə aid bilgilər aşılayırdı, hərbi xidmətin gənclik üçün həm həyat, həm də qəhrəmanlıq məktəbi olduğunu öyrədirdi. Bizə qüdrətli ordumuzdan, müasir silah və hərbi texnikalardan danışırdı. Böyüdükcə bir həqiqəti  dərk edirdik ki, Vətəni qorumaq biz gənclərin ən müqəddəs və şərəfli vəzifəsidir.
Fevralın 7-si əfsanəvi döyüşçü, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür, hər il xalqımız onu böyük ehtiramla yad edir. Mübariz də sıradan bir əsgər olub, amma tükənməz Vətən sevgisi onu ən uca zirvəyə - şəhidliyə qaldırdı. Onun döyüş yolu haqqında mən də çox şey bilirəm. Deyirlər ki, Mübariz əməliyyata girəndə geri qayıtmayacağına əmin idi. Bu həqiqəti qəhrəman əvvəlcədən valideynlərinə yazdığı məktubda da etiraf edib. Erməni faşistlərinin əli ilə törədilən Xocalı soyqırımı, torpaqlarımızda müharibə başlanandan üzü bəri nə qədər günahsız adamın öldürülməsi onu daim narahat edib və güclü intiqam hissi ilə savaşa atılıb. Mübarizin qısa döyüş yolu dastanlaşdı və onu milyonların sevimlisinə çevirdi. 2016-cı ilin aprel döyüşündə qazanılan tarixi qələbəmiz, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin vətənpərvərliyini təsdiqlədi. Həm də sübut etdi ki, doğma ordumuzun sıralarında Mübariz İbrahimov kimi qəhrəmanlar yüzlərlə yox, minlərlədir.
Hərbi xidmətimin on ayı arxada qalır, bu müddətdə bacarıqlı, vətənpərvər əsgər olmağı qarşıma məqsəd qoydum və istəyimə çatmışam. Komandirlərimin hər döyüş tapşırığını böyük məsuliyyətlə yerinə yetirirəm. Düşünürəm ki, hər tapşırıq Vətənimə sədaqətimi sınağa çəkir. Xalqını, millətini düşünən əsgər heç vaxt düşmən önündə acizləşə bilməz. Əsgəri qəhrəmanlıq səviyyəsinə yüksəldən məhz Vətənə olan hüdudsuz sevgisidir.
Son təlimdə fərqlənənlər arasında adım çəkiləndə sevincim yerə-göyə sığmadı, komandirimin hörmətini qazana bildiyim üçün fərəhlənirdim. Əldə etdiyim uğurlarda təcrübəli zabitlərimizə minnətdaram, onların köməyi sayəsində hərbin sirlərinə yiyələndik, Vətəni qorumağı, Vətən naminə mübariz olmağı öyrəndik. Artıq indi 10 ay əvvəlin əsgəri deyiləm, düşmənə öz sözümü deməyə qadir olan bir döyüşçüyəm.
Yəqin ki, məktubumu oxuyanlar arasında çağırışçı gənclər də olacaq. Onlara üz tutub demək istərdim ki, hər şeydən öncə hərbi xidmətdə olmağa tələsin, çünki ordu mühiti həyat və qəhrəmanlıq məktəbidir. Bu yolda hamınıza uğurlar arzulayıram.

Əsgər Ağaməli GÜLƏLİZADƏ, "N" hərbi hissəsi,
foto C.CƏFƏROVUNDUR