Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:39

Gənclər Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdırlar

"Ordu və cəmiyyət" rubrikamızın qonağı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevdir.
- İntiqam müəllim, "Gənclər bizim gələcəyimizdir", "Sağlam gənclik cəmiyyəti irəli aparan ən böyük qüvvədir" kimi fikirlərə münasibətinizi öyrənmək maraqlıdır.
- Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər haqqında fikirləri siyasi-strateji əhəmiyyət daşıyır. Burada dövlətin gənclərə etimadı, etibarı, gözləntiləri öz əksini tapıb. "Gənclər bizim gələcəyimizdir" fikrində böyük məna  var, çünki gələcək kökü üstündə yaranır, ənənələr və dəyərlərlə yaşadılır, nəsillərə ötürülür. Biz gənclərin fiziki və mənəvi sağlamlığı üçün birgə çalışırıq. Cəmiyyəti irəli aparan bir sıra amillər var - ölkənin iqtisadiyyatı, elmi-texniki potensialı, ictimai-siyasi mühit və s. Gənclərin bu sırada əhəmiyyətini vurğulayaraq onların "ən böyük qüvvə" olduğunu göstərmək gənclərin üzərinə məsuliyyət qoyur - onlar həm iqtisadiyyatda, həm ictimai-siyasi münasibətlərdə, həm də elm və təhsildə sağlam və güclü olmalıdırlar. Dövlətimiz də bunun üçün müvafiq şərait yaradır.
- Məlumdur ki, Prezidentin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" təsdiq edilib. Bu istiqamətdə yaxın perspektivdə hansı işlər nəzərdə tutulub?
- Bilirsiniz ki, bu il ölkəmizdə ulu öndər Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd ediləcək. Ona görə 2018-ci ildə nazirlik tərəfindən keçirilən tədbirlər genişmiqyaslı və əhatəli olacaqdır. Cari ildə Azərbaycan gənclərinin VIII Forumunun, Gənclər təşkilatlarının V Respublika sərgisinin, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə müxtəlif tədbirlərin, "Mənim Azərbaycanım" Ümumrespublika Gənclər Festivalının, "Tarixin canlı səhifələri" Vl Gənclər festivalının, İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin 4-cü Konfransının, "YOUTHVİSİON" III Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
- Respublikamızda kifayət qədər gənclər təşkilatı fəaliyyət göstərir. Onların fəaliyyəti haqqında nə deyərdiniz?
- Gənclər təşkilatları gənclərlə iş sahəsində Gənclər və İdman Nazirliyinin əsas tərəfdaşlarından hesab olunurlar. Gənclər təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar.
Gənclər təşkilatları ictimai qurum olaraq bu gün gənclərin problemlərinin həllində, onların inkişafında, təlim və tərbiyəsində, beynəlxalq əlaqələrin qurulmasında, bir sözlə, bütün sahələrdə təşəbbüs və layihələrlə çıxış edirlər. Hazırda 300-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Son 10 ildə təşkilatların sayı 5 dəfə artıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən gənclər təşkilatlarının layihələri dəstəklənir və bunun üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaiti ayrılır.  
Gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, dünyada və Azərbaycanda baş verən hadisələrin müzakirəsi məqsədilə Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İndiyədək İctimai Şurada gənclər təşkilatlarının iştirakı ilə gənclərlə bağlı müxtəlif qanunlar, dövlət proqramları, milli fəaliyyət planları, konsepsiyalar və s. normativ-hüquqi sənədlərin layihələri, eyni zamanda gənclərin ictimai-siyasi həyatda fəallıqlarının artırılması ilə bağlı məsələlər müzakirə edilib.  
Qeyd etdiyim fəaliyyətlər gənclər təşkilatları ilə işin sadəcə bir qismidir. Onların ümumilikdə fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu gün gənclər təşkilatlarından gözləntilər daha coxdur. Belə ki, təşkilatların sahələr üzrə peşəkarlaşması, daha da böyük layihələrin icrası, gənclərin asudə vaxtının faydalı təşkili və digər sahələr nəzərdə tutulur. Bir sözlə, gənclərin ölkənin layiqli vətəndaşları kimi formalaşmasında bu təşkilatların üzərinə mühüm vəzifələr düşür.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə gənclər təşkilatlarının fəaliyyəti daha da artacaqdır.
- Bu günün gəncləri sabahın əsgərləridir. Ümummilli Liderimiz deyirdi ki, gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin...
- Siz düzgün vurğuladınız. Həqiqətən də, böyüməkdə olan gənc nəsil daim Vətənimizin inkişafı, onun tərəqqisi haqqında düşünməlidir. Eyni zamanda dövlətçiliyimizin qorunub saxlanması, suverenliyimizin, ərazi bütövlüyümüzün, dövlət sərhədlərimizin toxunulmazlığının keşiyində dayanmağa da daim hazır olduqlarını nümayiş etdirməlidirlər. Orduda xidmət etmək hər bir gəncin Vətən qarşısındakı borcudur. Həm mənəvi, həm də psixoloji baxımdan Vətənin müdafiəsinə hazır olmaq konkret hazırlıq prosesidir. Bu proseslər ailədən başlayaraq, məktəb illərindən formalaşaraq hərbi hissədə andiçmə mərasiminədək bir dövrü əhatə edir. Bununla da yekunlaşmır, hərbi xidmət dövrünün hər bir məqamında və sonrakı dövrlərdə də özünü göstərir. Təbii ki, həm hərbi-fiziki, həm də mənəvi-psixoloji hazırlıq prosesi müvafiq dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Cəmiyyətdə hərbi xidmətkeçmə ilə bağlı düzgün təsəvvürlərin formalaşdırılması, ordu-xalq birliyinin əsas mahiyyətini təcəssüm etdirən informasiyaların gənclər arasında yayılması da, təbii ki, qeyd etdiyimiz məsələlərin psixoloji məqamlarını tamamlayır. Yeri gəlmişkən deyim ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin də rolu danılmazdır. Gənclərin hərbi xidmətə hazırlanması dövlət qurumları ilə yanaşı, ümumilikdə cəmiyyətimizin, ictimai institutların qarşısında duran vacib məsələlərdən biridir.
- Aprel savaşında göstərilən şücaət və hünər də gəncliyə örnəkdir....
- Tarixən yazılmış böyük qəhrəmanlıq salnaməsi xalqımızın Vətənə bağlılığını, Vətən naminə canından belə keçməyə hazır olmasını, mərdlik, igidlik, şücaət göstərməklə yanaşı, insanlığa xas olan yüksək mənəvi keyfiyyətlərə də sahib olmasını göstərir. Biz bu gün də yaşadığımız dövrə nəzər salsaq görərik ki, Azərbaycan xalqı sülhsevərliyi, humanizmi, ümumbəşəri və multikultural dəyərlərə sadiqliyi ilə dünyaya nümunə olduğunu təsdiqləyir. Sadaladığım bu yüksək mənəvi-əxlaqi və insani keyfiyyətlərlə yanaşı, xalqımızın vətənpərvərliyi, dövlətçiliyə bağlılığı - Vətənimizin sərhədlərinə, onun ərazi bütövlüyünə düşmən mövqeyi nümayiş etdirənlərə qarşı mübarizədə də eyni səviyyədə qətiyyətliliyi, barışmazlığı və həmrəyliyi ilə seçilir. Bu gün suverenliyimizə, ərazi bütövlüyümüzə təcavüz olunub, tarixi-əzəli torpaqlarımız işğal olunub. Əlbəttə ki, bununla heç vaxt barışa bilmərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ərazilərimizin işğaldan azad olunacağı gün yaxınlaşmaqdadır. Sülh yolunda davamlı addımlar atılır. Eyni zamanda Ali Baş Komandanımızın əmrini də gözləyirik. 2016-cı ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi. Əlbəttə ki, bu hadisələr də gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir, ordu haqqında real təsəvvürləri obyektiv olaraq cəmiyyətə çatdırır. Heç bir şübhəmiz yoxdur ki, lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir. Buna ordumuzun gücü, xalqımızın birliyi və qətiyyəti əsas verir.
- Gənc nəslin vətənpərvərlik ruhunda formalaşması üçün bir təcrübəli mütəxəssis olaraq hansı təklifləri irəli sürürsünüz?
- Mən artıq bu sualınıza demək olar ki, cavab verdim. Əlavə olaraq bir qədər məsələyə daha geniş aspektdən yanaşsaq, onu deyə bilərəm ki, gənclərin vətənpərvərlik tərbiyəsi bu günümüzün reallığı baxımından iki əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət tariximizin gənclərə öyrədilməsi, onların milli-mənəvi dəyərlərimizi yaşatmağa, ümumbəşəri dəyərlərə hörmətlə yanaşmağa, mədəni-irsimizi qoruyub saxlamağa təşviq edilməsi, dilimizin, dini dəyərlərimizin inkişafında, azərbaycançılığın milli məfkurəsinin əsası kimi dərk edilməsində onların rolunun artırılmasıdırsa, ikinci istiqamət hərbi vətənpərvərlik tərbiyəsidir. Hər iki istiqamət bir-birinə sıx bağlıdır. Çünki silah götürüb Vətənin müdafiəsinə qalxan gənc öz kimliyini, tarixi keçmişini bilmədən, nə üçün mübarizə apardığını dərk etmədən yüksək şücaət göstərə bilməz. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsində cəmiyyətimizin bütün təbəqələri, ailə institutları, təhsil sistemi və ictimai-sosial institutlar birgə çalışmalıdırlar.
- Sonuncu ənənəvi sualımız: İntiqam müəllim, ordumuzun şəxsi heyətinə arzu və istəkləriniz...
- Əlbəttə ki, ilk növbədə Azərbaycan Ordusunun tərkibində hərbi xidmət keçən, soyuq səngərlərdə gecəli-gündüzlü ayıq-sayıqlığı ilə Vətənin müdafiəsində, onun keşiyində duran əsgər və zabitlərimizə möhkəm cansağlığı arzulayıram. Arzulayıram ki, öz xidməti dövrünü uğurla başa vurub sağ-salamat doğma ocaqlarına qayıtsınlar. İstəyim isə ondan ibarətdir ki, tezliklə torpaqlarımız düşmən işğalından azad olunsun, ərazi bütövlüyümüz təmin edilsin. 
- Maraqlı müsahibəyə görə çox sağ olun.

Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"