Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:38

Vətənə sevgi də silahımızdır

Ön xətdə yerləşən "N" hərbi hissəsindəyik. Əsgərlərimiz taqım komandirlərinin rəhbərliyi altında praktiki təlim məşqi keçirlər. Soyuq qış havasına baxmayaraq, şəxsi heyət verilən tapşırıqları həvəslə yerinə yetirir. Bu da artilleriyaçılarımızın yüksək döyüş hazırlığına dəlalət edir.
Artilleriya bölməsinin şəxsi heyətlə iş üzrə komandir müavini kapitan Ayaz Qasımov ilə görüşüb söhbətləşirik. 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Uşaq vaxtlarından ailəsində aldığı vətənpərvərlik tərbiyəsi, dayısının Qarabağ döyüşlərinin iştirakçısı olması onda hərb sənətinə marağı artırıb, seçimini müəyyənləşdirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2006-cı ildən ordumuzun müxtəlif bölmələrində xidmət keçir.
Kapitan Ayaz Qasımov söhbətində bildirir ki, şəxsi heyətlə iş daha çox tabeçiliyində olan şəxslərlə fərdi qaydada ünsiyyət qurmaq, onların qayğı və problemləri ilə yaxından tanış olmaqdan ibarətdir. “Əsgərlərin sosial qayğıları, problemləri ilə birbaşa maraqlanmaq, onları imkan daxilində yerindəcə həll etmək ən başlıca məsələlərdəndir”.
Həmsöhbətim şəxsi heyətin hər bir üzvünün mənəvi-psixoloji hazırlığı, ekstremal vəziyyətlərdə doğru-düzgün qərar qəbul etməsi vərdişlərinin öyrədilməsinin çox böyük önəm daşıdığını qeyd edir. Birinci növbədə bölmədə nizam-intizamı daha da gücləndirmək, onu daim yüksək səviyyədə saxlamaq üçün bölmələrdə mütəmadi işlər görüldüyünü, hər ayın sonunda yekunlar aparıldığını bildirir. Sözsüz ki, bu yekunların keçirilməsi hər bir hərbi qulluqçunun peşəkarlıq səviyyəsinin daha da artması üçün stimul yaradır.
- Şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək üçün ictimai-siyasi hazırlıq dərsləri, hüquq hazırlığı, kütləvi mədəni tədbirlər yuxarı komandanlıq tərəfindən təsdiq edilmiş günün nizam qaydalarına uyğun keçirilir. Əsgər və çavuşlar ciddi təlimatlandırıldıqdan sonra döyüş növbətçiliyinə çıxırlar, - deyə kapitan Ayaz Qasımov qeyd edir. - Əsgərlərin fiziki hazırlığını möhkəmləndirmək və idmana marağını artırmaq məqsədi ilə idman tədbirlərinin keçirilməsinə də  xüsusi diqqət ayrılır.
"Vətənpərvərlik elə bir hissdir ki, o beşikdən başlayaraq tədricən formalaşır. Hər bir əsgərin fərqli ailədən, fərqli mühitdən gəlməsi nəzərə alınaraq onlarda Vətənə, dövlətə və xalqa ülvi hisslərin formalaşdırılması da qarşıda duran ən başlıca vəzifələrdən biridir. Vətənə bağlılıq və sevgi hissi hər kəsdə həmişə yüksək olmalı, bu hisslər erkən çağlarda, ailədə yetişməlidir", - təcrübəli zabit deyir.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"