Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:33

Təlimdə uğur - döyüşdə qələbə

Azərbaycan Ordusu maddi-texniki bazasının üstünlüyü, peşəkarlıq baxımından bölgədə ən yüksək mövqelərə malik olmaqla yanaşı, dövlətinin və xalqının təhlükəsizliyini qorumağa qadir bir ordudur. Həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında qərarlaşan Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi zərurəti şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olmasını, istənilən hərbi vəzifəni icra etməyə qadir olmasını tələb edir. Tələb olunan döyüş hazırlığı isə həyata keçirilən müxtəlif formatlı təlimlərlə birbaşa bağlıdır. Ona görə də təlimlərin müntəzəm keçirilməsi və onun diqqət mərkəzində saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu tələbdir. "Ən yaxşı komanda qərargah maşını heyəti" adı uğrunda keçirilən təlimlər də bu qəbildəndir. "N" hərbi hissəsinin rabitəçiləri 2017-ci ilin planına uyğun olaraq "Ən yaxşı komanda qərargah maşını heyəti" adı uğrunda keçirilən yarışlarda iştirak ediblər və birinci yerə layiq görülüblər. Onlarla görüşüb yarış barədə təəssüratlarını öyrənirik.
Radiomanqa komandiri kiçik çavuş Tarıyel Muxtarov söhbət zamanı bildirir ki, 2017-ci ildə əldə etdikləri nailiyyət ilk uğurları deyil: "Rəhbərlik etdiyim heyət 2015-ci və 2017-ci illərdə keçirilən yarışların birincisi oldu. Bu birincilik və ixtisas hazırlığı zamanı keçirilən məşğələlərdə göstərdiyimiz səylərin nəticəsidi. Hər bir hərbi qulluqçu Qarabağın şanlı tarixə malik olan Vətənimizin bir parçası olduğunu yaxşı anlayır və bu torpaqlarımıza qovuşmaq üçün xidmət edir. Qeyd etmək istərdim ki, məqsədimiz, ancaq yarışlarda birinci yer tutmaq deyil, həm də bizim olanı geri qaytarmaqdı, ağlar qalan anaların, süngüyə keçirilən qocaların, yandırılan körpələrin qisasını almaqdı. Xalqımıza sevinc bəxş edəcək böyük Qələbəyə nail olmaqdı. Aprel döyüşləri sübut etdi ki, arzuladığımız qələbə uzaqda deyil və Azərbaycan Ordusu istənilən anda onu xalqımıza yaşatmağa qadirdi".
- Rabitə yoxdursa və yaxud nasazdırsa, döyüş zamanı idarəçilikdən danışmağa dəyməz, - deyə əsgər Ceyhun Babayev söhbətə qoşulur. - Öyrəndiklərimizdən bilirik ki, müharibədə qələbə müasir texnologiyadan, artilleriya sistemindən, mənəvi-psixoloji və döyüş hazırlığı baxımından hazırlıqlı əsgərlərdən, düzgün aparılan kəşfiyyatdan, atəş gücü və manevr qabiliyyətindən, etibarlı rabitə sistemindən asılıdır. Hər bir şəraitdə orduda etibarlı rabitə sistemi mühüm əhəmiyyətə malikdir. Ona görə də keçirilən təlimlər döyüş zamanı rabitənin əlaqələndirilməsini yoxlamaq və təkmilləşdirmək məqsədilə həyata keçirilir.
Sürücü-elektrik əsgər Asim Mahmudov söhbət zamanı təlimin gedişindən söz açdı: "Yarış zamanı bütün komanda-qərargah maşını heyətləri nəzəri normativi yerinə yetirdi. İlk mərhələdə sualları düzgün cavablandırdıq. İkinci mərhələdə antenaların açılması və yığılmasını, aqreqatın işə salınmasını, eyni zamanda əlaqəsiz və əlaqəli rabitənin yaradılmasını təmin etdik. Normativi xeyli sürətlə, tez yerinə yetirdik, birinci yerə layiq görüldük".
Kiçik çavuş Tarıyel Muxtarov söhbətə müdaxilə edərək bildirir ki, bizim ən böyük sevincimiz böyük Qələbəmiz zamanı olacaq. Ən əsası odur ki, Azərbaycan Ordusu qarşısında duran vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdı. Təlimdəki uğurumuz həmin qələbəyə bir zəmindir... Aprel zəfərimiz gələcək Qələbəmizin zəmanətidi...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR