Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:27

Bu yol qələbəyə aparacaq!..

Səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizin xatirələri də qələbəylə qoşa xatırlanacaq. Səngərlərə gedirik. Yol yoldaşımız təcrübəli zabit Fikrət Qasımov da mənfur düşmənin atəşkəsi pozmasından, cəsur Azərbaycan əsgərinin düşməni cavab atəşi ilə susdurmasından fərəhlə danışır. Xatirələrini bizimlə bölüşür. Yuxusuz gecələrini, unutmadığı qorxmaz əsgərlərini yadına salır. Təcrübəli zabit erməni vandallarının qorxaqlığından söz açaraq bildirir ki, bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətdir. Düşmən bilir ki, Azərbaycan Ordusu ən müasir silah və texnikalara malikdir, öz tarixi torpaqlarını geri qaytaracaq.
Daşlı-kəsəkli yollarda yağış səbəbindən hərəkət bir az çətinləşib. Zabit Fuad Axundov  bildirir ki, bu torpaqlar düşməndən aprel döyüşlərində azad edilib. “Gördüyünüz kimi, mühəndis-istehkamçılarımız rahat və təhlükəsiz hərəkət üçün yolları genişləndirir, bərkitmə işləri aparır”.
Təcrübəli zabit onu da bildirir ki, Azərbaycan Ordusu dövlət rəhbərliyinin diqqət və  qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. “Döyüş postlarına yollar salınır, müasir əsgər yataqxanaları tikilir, əsgərlərin rahat xidmət keçməsi üçün hər cür şərait yaradılır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması əsgərlərin əlverişli mühitdə xidmət keçməsi ilə nəticələnir. Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti əsgərinin qayğısına qalır, ona hər bir şəraiti yaradır. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləridir. Dövlət başçısı ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara qələbəyə inam aşılayır.”
Mövqeyə çatırıq. Gizir Eldar Eynalov zabit Fikrət Qasımova heç bir hadisənin baş verməməsi, nisbi sabitliyin olması ilə bağlı məruzə edir.
Eldar Masallı rayonunda anadan olub. 2013-cü ildən gizir kimi ordu sıralarında xidmət edir.
Əsgərlərin istirahət vaxtıdır, şəxsi heyətin bir hissəsi döyüş mövqeyində düşməni nəzarətdə saxlayır. Hər biri ayrı-ayrılıqda qəhrəman, birlikdə yenilməz bir ordudur.
"Hamımız işğalda olan torpaqlarımızın həsrətindəyik. Onu da qeyd edim ki, yuxarı komandanlıq tez-tez döyüş postuna gəlir, problem və qayğılarımızla maraqlanır. Diqqət mərkəzində olduqlarını bilən əsgərlər silaha ürəklə sarılır, düşmənin istənilən təxribatının qarşısını almağa hazır olurlar", - gənc komandir deyir.
Bir anlıq düşünürəm. Eldar hər gün bu səngərləri dəfələrlə gəzir, əsgərlərin döyüş növbəsini dəyişir, mövqelərdəki vəziyyətlə maraqlanır. Əldə silah, ürəkdə Vətən sevgisi və Eldar kimi mərd oğullar varkən Vətən heç zaman darda qalmaz...
Atıcı əsgər Ülvi Xəlilov döyüş növbəsindədir. Hərbi xidmətə Sabirabad rayonundan çağırılıb:
- Neçə aydır hərbi xidmətdəyəm. Azərbaycanlı olmağımla daim fəxr edirəm, fəxr etdiyim Vətənimin əsgəri olmaqdan isə ikiqat qürur duyuram. Tək mən yox, əsgər yoldaşlarımın hər biri burada olduqları üçün sevinclidir. Çünki biz Azərbaycan əsgəriyik və əsl döyüşçü kimi formalaşırıq. Torpaqlarımız yağı tapdağındadı. Əmin olun ki, aprel döyüşlərində döyüş postlarını qoyub qaçan ermənilər, bir gün düşmən işğalında olan torpaqlarımızı azad etmək əmri aldığımızda da qaçacaqlar. Bütün mənfi xüsusiyyətləri özündə birləşdirən düşmənlə üz-üzəyik. Ali Baş Komandan döyüş əmri verərsə, ermənilərdən tarixi torpaqlarımızı alacağımıza hər birimiz əminik.
Gizir Eldar Eynalov növbəti mövqedə müşahidə aparıldığını deyir. Döyüş növbəsi aparan əsgər Kamran Kazımov Qusar rayonundan hərbi xidmətə çağırılıb.
- Hərbi xidmətə yollanarkən valideynlərimə, dostlarıma Vətənimə layiqli əsgər olacağıma söz vermişəm. Gənc əsgər hazırlığı zamanı da nizam-intizamlı olmağa çalışır, silah-texnikanı dərindən öyrənirdim. Döyüş postunda, düşmənlə üz-üzə durmaq üçün belə vərdişlərə ehtiyacım olacağını bilirdim. Bu gün silahım və əsgər yoldaşlarım ən etibarlı dostlarımdı. Həm canımızı, həm canımızdan çox sevdiyimiz Vətənimizi bir-birimizə əmanət edirik.
Axşama doğru hava bir az da soyuyur, səngərlə irəlilədikcə üzümüzə qar dənəcikləri dəyir. Eldar axşamlar qarın az-az yağdığını, lakin torpağa tam oturmadığını deyir.
Əsgər Rəfi Rəhimli hərbi xidmətə Bakıdan çağırılıb, təcrübəli və nizam-intizamlı olduğunu öyrənirik.
- And içmişik, Vətən andı pozulmaz, - əsgər Rəfi Rəhimli deyir. - Biz ata-babalarımızdan öyrənmişik Vətən sevgisini. Bu sevgi uğrunda canından keçən, dastanlara mövzu olan qəhrəmanlar çıxıb sıralarımızdan. Mübariz, Fərid kimi düşməni lərzəyə salan oğullarımız olub. Biz də onlarla eyni qanı daşıyırıq, biz də onlar kimi bu torpağın övladlarıyıq. Tarixin hər dövründə igidlik simvolu olan babalarımızın ruhu qəhrəmanlığımızdan daim fərəhlənəcək.
Növbəti müşahidə mövqeyində əsgər Elmuraz Nəbiyevlə söhbətləşirik. Hərbi xidmətə Qazax rayonundan çağırılıb. Müşahidəçi əsgər havanın dumanlı olmasına baxmayaraq düşməni nəzarətdə saxladıqlarını bildirir: “Artıq xidmətimin yarıdan çoxu geridə qalıb. Məndən sonra gələn əsgərlərə bacardığım qədər bildiklərimi öyrətməyə çalışıram. Çünki bu Vətən bizlərə, bizdən sonra isə  Rəhimlərə, Cabirlərə, Fuadlara əmanətdir. Bu torpaq uğrunda ölmək də, öldürmək də, gecə-gündüz bilmədən Vətən keşiyində durmaq da şərəfdir. Bu gün əlimdə silah, ürəyimdə Vətən sevgisi ilə torpaqlarımızın azad edilməsi əmrini gözləyirəm.”
Əsgər Fuad Məmmədov da deyir ki, Ali Baş Komandanımız əmr verdiyi gün əsgər yoldaşlarımla Vətən uğrunda döyüşlərə qatılacam. Biz Vətən sevgisi ilə Qarabağ həsrəti çəkən Azərbaycan əsgəriyik.
Döyüş növbəsinə yollanan əsgərlər Emil Rəhimli və Cabir Hüseynov müvafiq təlimatları dinlədikdən sonra mövqelərinə gedirlər. Bu, Qələbəyə gedişin başlanğıcıdır.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR