Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2018 09:23

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, inkişafında və milli hərbçi kadrların hazırlanmasında xüsusi xidmətləri olan, "Şöhrət" və "Azərbaycan Bayrağı" ordenləri ilə təltif edilmiş, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edir. Tofiq Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, ölkəmizin hərb tarixində mühüm xidmətləri olub. Ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi, Tofiq Ağahüseynov bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun ordusunun yaradılmasında xüsusi xidmətlər göstərib.
Təcrübəli hərb xadiminin 95 illik yubileyi münasibətilə yanvarın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov  Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğısından danışdı. Bildirdi ki, Böyük Vətən müharibəsinin iştirakçısı Tofiq Ağahüseynovun 95 illik yubileyinin qeyd olunması da bu diqqət və qayğının bariz nümunəsidir.
Məlumat verildi ki, T.Ağahüseynov 1941-ci ildə Bakı Zenit Artilleriya Məktəbinə daxil olmaqla, həyatını 18 yaşından hərblə bağlayıb. Müharibə başlandıqdan sonra leytenant rütbəsi alan T.Ağahüseynov cəbhəyə yola düşüb. Birinci Belarus cəbhəsində taqım komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi kimi Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. T.Ağahüseynov 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub. Yüksək təhsilli mütəxəssis kimi Vətənə qayıdan gənc hərbçi dörd il Bakıda, Hava Hücumundan Müdafiə polkuna komandirlik edib. Sonrakı xidmət yolu diviziya komandiri kimi Volqoqradda keçən Tofiq Ağahüseynov 1968-ci ildə general-mayor rütbəsi alıb və növbəti il Rostovda korpus komandiri təyin edilib. SSRİ kimi bir dövlətdə qeyri-rus millətindən olan bir şəxsin cəmi dörd il sonra general-leytenant rütbəsi alması onun hərb sənətini necə yüksək səviyyədə mənimsəməsinin nəticəsi olub. Tofiq Ağahüseynov 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. Beş il sonra o, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olur. Həmin vaxt ona Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilmişdi. 1982-ci ildə isə general-polkovnik Tofiq Ağahüseynov Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub.
Tədbirdə vurğulanıb ki, Tofiq Ağahüseynovun yüksək hərbi rütbələrə layiq görülməsində o zaman Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin hərbi sahədə həyata keçirdiyi düşünülmüş siyasətin böyük rolu olub. Bu sahədə hazırkı generallarımızın mütləq əksəriyyətini yetirmiş C.Naxçıvanski adına Hərbi Liseyin adını qeyd etmək kifayətdir. General özü də onun formalaşmasında Heydər Əliyevin aparıcı rolu olduğunu dəfələrlə vurğulayıb. Ulu Öndər onun hərbi sahədəki bacarığını və xidmətlərini həmişə yüksək qiymətləndirib. Prezidentin 1997-ci il 17 aprel tarixli Sərəncamı ilə Tofiq Ağahüseynovu özünün hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin etməsi və general-polkovnik rütbəsində Azərbaycan Ordusu sıralarına bərpa etməsi məhz bunun nəticəsi idi.
T.Ağahüseynov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə "Şöhrət" və "Azərbaycan Bayrağı" ordenləri ilə təltif edilib.
Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı və ordu quruculuğundakı xidmətlərindən danışıb. Nazir müavini qeyd edib ki, Tofiq Ağahüseynov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordumuzun formalaşmasında fəal iştirak edib. “O, ümummilli lider Heydər Əliyevin köməkçisi və silahdaşı olub. Müasir dövrdə ordumuzun gücü və potensialı gündən-gündən artır. Ölkəmizdə ordu quruculuğu işinin təməli məhz 90-cı illərin əvvəllərində qoyulub. Hazırda Respublika Veteranlar Təşkilatına rəhbərlik edən Tofiq Ağahüseynovun gənc nəslin düzgün istiqamətləndirilməsində rolu əvəzsizdir.”
General-leytenant Kərim Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından yubilyarı təbrik edib və ona cansağlığı arzulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, veteranlar və digərləri çıxış edərək yubilyarı təbrik edib, ona fəaliyyətində uğurlar diləyiblər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyevin, Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Gənclər və İdman naziri Azad Rəhimovun, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun, Rusiya Müdafiə nazirinin müavini Yuri Borisovun, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşeliyi adından və başqa təşkilatlardan yubilyara ünvanlanmış, eləcə də müxtəlif ölkələrdən daxil olan təbrik məktubları oxunub, hədiyyələr təqdim edilib.
Sonda yubilyar çıxış edərək deyib: "Mən orduda 46 il xidmət etmişəm və mənim general kimi formalaşmağımda ümummilli lider Heydər Əliyev aparıcı rol oynayıb. Ulu Öndər həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən bunun üçün ona son dərəcə minnətdaram".
T.Ağahüseynov Prezident İlham Əliyevin  ölkə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, veteranların bundan sonra da göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib.

"Azərbaycan Ordusu"