Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:25

Torpaqlarımızı işğaldan azad edəcəyik

Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təminatçısıdır və bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib strukturdur. Ona görə də Azərbaycan Ordusunda şəxsi heyətin təlim və tədrisinə xüsusi önəm verilir və onların təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaradılır. Şəxsi heyətdə müxtəlif qabiliyyətlərin üzə çıxarılması, möhkəmləndirilməsi, öyrədilənlərin mənimsədilməsi, inkişaf etdirilməsi rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Bunun üçün "N" hərbi hissəsində də digər hərbi hissələrdə olduğu kimi şəxsi heyətin vətənpərvər ruhda tərbiyə olunmasına, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsinə, ictimai-siyasi dərslərin keçirilməsinə əhəmiyyət verilir.
Kapitan Xoşbəxt Mahmudov söhbət zamanı bildirir ki, ordu rəhbərliyinin qarşısında duran başlıca vəzifələrdən biri də şəxsi heyətin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.  “Ordunun qarşısında duran vəzifələr, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmağı tələb edir. Şəxsi heyətimizin vətənpərvərlik ruhunun yüksək olması hər mənada ordumuzun və dövlətimizin xeyrinədir. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmağımızdan asılı olmayaraq hər kəsdə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır.”
Zabitlə bu mövzuda söhbət edə-edə ideoloji otağa daxil oluruq. Baş leytenant Rəşad Musayev şəxsi heyətə ictimai-siyasi hazırlıq dərsi keçir. Zabit mövzunu elan edir: "Heydər Əliyev və islami dəyərlərin bərpası. Heydər Əliyev siyasəti Azərbaycanda dini tolerantlığı təmin etmiş və edəcəkdir". Zabit dərsə başlayaraq bildirir ki, bu gün Azərbaycan dünyanın tolerantlıq mərkəzidir: "Azərbaycan bir çox millətlərin və ayrı-ayrı dinlərin dinc yanaşı yaşamasının unikal nümunəsidir. Bütün bunlara görə hər birimiz ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Yalnız Ulu Öndərimiz öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini tənzim edə bildi. Məhz o, Azərbaycan xalqına müstəqillik, azadlıq, rahatlıq və stabillik bəxş etdi. Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynadı".
- Onu qeyd edim ki, bu yaxınlarda ən yaxşı ictimai-siyasi hazırlıq qrupunun müəyyənləşdirilməsi üçün yarış keçirildi və şəxsi heyətimiz həmin yarışda birinci yeri tutdu, - deyə kapitan Xoşbəxt Mahmudov bildirir. - İctimai-siyasi dərslərin şəxsi heyətimizin formalaşmasında, nizam-intizamının yüksəldilməsində rolu böyükdür.  Həmin dərslər şəxsi heyətimizə dövlətimizin daxili və xarici siyasətini düzgün dərk etməyə, siyasi prosesləri və ölkə rəhbərliyinin siyasi fəaliyyətini daima izləməyə yardımçı olur. Bugünkü dərs də Ümummilli Liderimizin fəaliyyətinə az da olsa işıq salmağa və əsgərlərimizin dahi şəxsiyyət haqqında məlumatlarını daha da genişləndirməyə xidmət edir.
Əsgər Natiq Qocayev bildirir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, ölkədaxili siyasi vəziyyətin sabitləşməsi, uğurlu xarici siyasətin yeridilməsi, iqtisadiyyatın dinamik inkişaf etdirilməsi, hərbi quruculuq işlərinin aparılması Ulu Öndərin misilsiz fəaliyyəti ilə bağlıdır. “Onun sayəsində orduda islahatlar aparılıb və vahid komandanlıq yaradılıb. Bu gün fəxr edirəm ki, Ulu Öndər tərəfindən yenidən qurulan, formalaşdırılan, Ali Baş Komandan tərəfindən inkişaf etdirilən bir ordunun əsgəriyəm.”
- Aprel döyüşləri ordumuzun inkişafının bariz nümunəsidi, - deyə əsgər Hikmət Baxşəliyev bildirir. - Bu Qələbə Azərbaycan Ordusunun gücünü, qüvvəsini düşmənə nümayiş etdirdi. Düşmən anladı ki, Azərbaycanın ən müasir silah-sursatla təmin olunmuş çox güclü ordusu və peşəkar hərbçiləri var. Bu ordu istənilən zaman işğal altında olan ərazilərimizi düşməndən təmizləməyə hazırdır.
Əsgərlər Rəsul Əhmədov və Əlizamin Əhmədzadə əminliklə bildirirlər ki, həmin vaxta az qalıb.
Düşmənin qarşısında güclü Azərbaycan Ordusu dayanır. Azərbaycan əsgərinin qoruduğu torpaqlara və azad etdiyi ərazilərə yağılar yaxın düşə bilməzlər. Əsgərlərimiz işğal altında olan digər əraziləri də azad etmək üçün döyüşə hər an hazırdırlar.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR