Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:24

Torpaq uğrunda döyüşəcəyik

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin bir bölməsindəyik. Torpaqlarımızın müdafiəsində dayanan igid oğullarımızla görüşə gəlmişik. Bizi müşayiət edən hərbi hissənin zabiti Seymur Abıyevlə söhbətimizdə ona "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimi bildirirəm. O, əsgər Elvin Cavadovun adını çəkir. Onun öz xidmətini düzgün təşkil etdiyini, komandirlərin əmr və tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməsini, şəxsi heyətin rəğbətini qazandığını qeyd edir.
Adı çəkilən əsgərin yoldaşları da onun haqqında öz fikirlərini bildirirlər.
- Elvinlə eyni bir bölmədə xidmət edirəm. Həm də onu özümə dost seçmişəm. Asudə vaxtlarımızda mülki həyatda keçirdiyimiz günlərlə bağlı xatirələrimizi bölüşürük. Hər zaman mənə işğal altında olan ata-baba oylağına həsrətindən danışır. Təəssüflər olsun ki, Elvin də o yerlər haqqında yalnız valideynlərindən eşidib, öyrənib. O torpaqlara ayaq basacağı, toy-bayram səsi eşidəcəyi günü səbirsizliklə gözləyir. Tezliklə onunla çiyin-çiyinə döyüşərək torpaqlarımızı azad edəcəyimiz günün həsrətindəyik, - deyə əsgər Omar Omarov bildirir.
Əslən Qubadlıdan olan müsahibimin əlini sıxıram. İlk baxışlardan mənə xoş təəssüratlar aşılayan Elvinlə mən də həmsöhbət oluram. Xidmətini başa vurmasına az qalıb. Doğma Qubadlı rayonu uğrunda gedən döyüşlərdə dayısı və babası şəhid olub. Düşmənə nifrəti sifətində də hiss edilən əsgər torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olacağı günü səbirsizliklə gözlədiyini bildirərək söhbətinə davam edir: "Dünyaya göz açmadan dayımı və babamı itirmişəm. Onlar ata-baba torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olublar. Valideynlərim onları hər dəfə xatırladanda gözləri dolur. Düzdür, yaxın adamını itirmək ağır bir dərddir, amma qürur hissi ilə hamının yanında deyə bilirəm ki, mən də şəhid nəvəsiyəm! İnanıram ki, mənim kimi bütün əsgərlər də qisas, zəfər günümüzə, Ali Baş Komandanımızın döyüş əmrinə hazırdırlar".
Vətənpərvər əsgərimizlə söhbət etdikcə özümü bir anlıq gələcək döyüşlərdə hiss edirəm. Həsrətini çəkdiyimiz torpaqlarımıza ayağ basacağımız, Kəlbəcərdə, Qubadlıda, Laçında, işğaldan azad olunacaq bütün torpaqlarımızda üçrəngli bayrağımızı sancacağımız anları düşünürəm. Məni bu xəyallardan düşmən tərəfdən atılan güllə səsləri ayırır. Həmsöhbətim olan əsgər də cəld, çevik tərpənir, silahını hazır saxlayıb komandirinin əmrini gözləyir. Elvin kimi igid əsgərlərimizin sayəsində düşmən cavab atəşi ilə dərhal susdurulur.
Əsgər Cavadovdan belə ekstremal vəziyyətlərdə nələr hiss etdiyini öyrənmək istəyirəm. "Atəş səsi eşitdikcə gözlərimin önündə Xocalıda qətlə yetirilən günahsız insanların ah-naləsi dayanır. Balaca Zəhranın canına susayan millətdən biz necə qisasımızı almaya bilərik? Bizlərə qarşı törədilən ağır cinayətlər, vəhşiliklər heç bir zaman unudulmayacaq. Düşmənlərimiz bilməlidirlər ki, doğma Qarabağımızı tezliklə geri alacağıq",  - deyir.
Elvin Cavadovla söhbətimizdən bir daha əmin oluram ki, torpaqlarımız əmin əllərdədir, bu səngərlərdə Azərbaycanın neçə-neçə qəhrəman övladı yetişib və onların bir qismi yaxın tariximizdə - 2016-cı ilin aprelində zəfər qazandı. Belə qəhrəmanlarımız isə yüzlərlə yox, minlərlə, on minlərlədir. Elvin Cavadov da onlardan biridir...
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"