Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 11:19

O tarixə Böyük Qələbə deyəcəyik!

Ali Baş Komandan İlham ƏLİYEV:

Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Qışdı. Neçə ay əvvəl yarpaq-yarpaq gümüldənən ağacların, çiçək-çiçək uçunan çəmənlərin cazibədarlığı yoxdu. İnsafsız soyuğun içindən keçib mövqelərimizə - torpaqlarımızın keşiyini çəkən əsgərlərimizin səngərlərinə tələsirik. Soyuqdu. Qışın yaraşığı qar olsa da, yaxınlaşdıqca düşüncələrimi incəldən səngərlərdə qar görmək istəmirəm....
1992-ci ilin qışında səngərlərdən Bakıya dönüşümüzdə Tovuzun Əlibəyli kəndində yaşı 70-i haqlayan nənənin dediklərini son nəfəsiməcən unuda bilməyəcəm: "Belə ayamda, belə soyuqda-sazaqda canım səngərlərdəki əsgərlərimizin yanındadı. Belə sərt ayamda isti otaq ruhumu canımdan aralayır, ay oğul...". Əzizi bildiyi əsgərlərimizə can yandıran nənənin soyuqdan gömgöy göyərmiş əlindən öpmüşdüm. "Səngərləri əsgərimizin nəfəsi isidir..." - demişdim. İnanmışdı. Aradan on illər keçsə də, belə havalarda kəlağayısını gözlərinə sıxıb köks ötürən o nənəni xatırlayıram. "Bu günün nənələri də belə düşünür..." inamıyla köhlən atlarını dağlara sarı səyirdənlərin arxasınca baxan yeniyetmələrin sırasına qarışan nəvəylə babanın da, "göylərə baş çəkən Göyəzən dağının" əzəmətini gözlərinə köçürənlərin də ürəyindən keçənləri duymaq çətin deyil. Hamının düşüncələrini o nənənin düşüncələrinin eyni bilirəm; hamının ruhu Göyəzənlə çiyin-çiyinə dayanan ucalıqlarla çataqlıdı. Azərbaycan əsgərinin torpaqlarımızı qoruduğu o ucalıqlardan birindəyik...
Təpəliklərin, dağ massivlərinin sinəsinin qar örtüyünü görsəm də, zərrəcə üşünmürəm. Yerə-göyə inandığım qədər inanıram ki, soyuq-sazaq Azərbaycan əsgərini üşütməyə qadir deyil. Soyuq-sazaq Vətən sevgisini yaşada-yaşada Vətənə xitabən "Səndən ötrü can verməyə cümlə hazırız!" deyənlərə yaxın düşə bilməz!..
Hələ ki, yollar boyunca qar görünmür. Yal-yamacın arasıyla çəkinə-çəkinə rəngi könül küsdürən bir topa duman sürünür.
Səngərin sinəsində daşa söykənən, daşa mətərislənən daş görürəm. Daş daşın başlanğıcıdı. Daşı daş ucaldıb. Daş daşın ucalığıdı. Daşın daşa belə bənzərsiz dayaq olması könlümü telləndirir. Baxıram, duyuram, görürəm burada əsgərin əsgərə münasibətində də eyni mahiyyəti sezmək çətin deyil. Bunu ordumuzun gücünün, qüdrətinin qaynaqlarından biri bilirəm; təbiətdə daşların bu biçim düzümünün mahiyyətini əsgər dostluğunun mahiyyətiylə eyniləşdirmək keçir könlümdən...
Xətaimizin "Bahariyyə"sini xatırlayıram: "Qış getdi, bahar gəldi". "Bu il baharın könül xoşluğunu Qələbə yolunun cəfakeşləri gözəlləşdirəcək. İndi qışdı. Soyuqdu. Sazaqdı. Bu yaşarı düşüncələrin işığında əsgərlərimizin Vətən sevgisiylə isinən səngərlərə çatırıq. Ön mövqedəyik. Əsgərlərimizin arasında soyuğu, sazağı hiss etmirik. Əsən yellər səngərlərimizə meyillənən, gah qaralan, gah bozaran bulud topasını dağıdıb. "Göyəzənin, Aveyin daş sinəsindən qopan yellərin çılğınlığını görən buludlar bu tərəflərdə dolaşmağa cəsarət etməyəcək" - üzü dağlara pıçıldayıram. Döyüş növbətçiliyi aparan əsgərlərimizin baxışlarını bürümüş niyyəti illərin sızıltılarına məlhəm bilirəm. Onlarla döyüş növbətçiliyindən sonra söhbətləşməyi qərara alıram. Bayaqdan bəri kürlük edən sükutu leytenant Şahmar Piriyev pozur:
- Döyüş növbətçiliyi əsgərdən qədərsiz qətiyyət, səbr tələb edir. Qarşı tərəf anbaan iz-lənilir. Düşmənin bütün tərpənişləri nəzarətdədi. Düşmən çətin hava şəraitindən bəhrə-lənə bilər. Təxribat törətmək, postlarımıza həmlə etmək istəyəndə əsgərlərimizin sayıqlığını görür, hər dəfə də, necə deyərlər, "qınına çəkilir". Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz Ali Baş Komandanın hər əmrini yerinə yetirməyə hazırdır.
- Torpaqlarımızı işğaldan azad edəcəyik. Yəqin ki, onlar da, - döyüş növbətçiliyi aparan əsgərlərimizi göstərirəm, - qalib əsgər olmaq istəyirlər.
- Əlbəttə. Bu günlərdə ordu sıralarından tərxis edilən əsgər Vasif Qasımov əsgər dostlarına deyib ki, qələbə qazanacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. “Hərbi mundirimi qələbəyədək əynimdən çıxarmaram. Xidmətimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirəcəm.” Belə əsgərlərlə hamımız həmişə qürur duymuşuq.
Bu, Vətənə sevginin - vətənpərvərliyin, mənəvi zənginliyin təzahürüdü, - deyirəm. Fikrimi təsdiqləyən leytenant "Əsgərin mənəvi-psixoloji hazırlığı bu sevgi üzərində qurulur", - deyir...
Göy üzündən sürüşən buludlar dağılmaqdadı. Tufarqanlı Abbasın könlümcə yazılmış  gəraylısı düşür yadıma. "Duman, gəl get bu dağlardan, dağlar təzə bar eyləsin". Dağların sinə-sinə əsgərlərimizin cəsarətinin, qətiyyətinin, dövlətə, dövlətçiliyə sədaqətinin açacağı izlər düşəcək...". Həqiqi hərbi xidmətini başa vurandan iki ay sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən xidmətə başlayan çavuş Turac Nəzərovun dediklərini düşüncələrimin davamı bilirəm:
- 2016-cı ilin aprelində burada xidmət edən əsgərlər də torpaqlarımızı işğaldan azad etmək üçün döyüşmək istəyirdilər. Hər birinin döyüş əzmindən, qalib gəlmək ruhundan qürurlanırdıq. Ali Baş Komandan əmr verərsə, hərbi xidmətdə olan əsgərlərimiz həmin ruhla döyüşəcəklər. Torpaqlarımızı işğaldan azad edəcəyik.
Bu gözəl, bu müqəddəs istəyi qürurla dinləyirik - biz də, əsgərlər də.
Mövqenin girişindəki lövhəyə diqqət yetirirəm: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Ümummilli lider Heydər Əliyev". Bu kəlamı məhz bu ucalıqda oxumaq ürəyimi dağa döndərir.  
Əsgər Famil Hüseynov deyir ki, biz bu kəlamı döyüş növbətçiliyinə gedəndə də oxuyuruq, qayıdanda da. “Ulu Öndərin bu kəlamını ulu tövsiyəsi bilirik. Taleyimizi torpaqlarımızı işğaldan azad etməklə yaşayacağımıza and içmişik”, - deyir və əsgər yoldaşlarına - Süleyman Eminova, Elçin Səfərliyə, Təbriz Qurbanova baxır. Dördünün də baxışlarında qələbənin işığını görürəm...
"Azərbaycan əsgəri belə düşünür!" - üzü göylərə pıçıldayıram. Mənə belə gəlir ki, Vətənə, torpağa ad olan bütün pıçıltılar kimi bu pıçıltının da mahiyyəti eşidilmək qüdrətindədi...    
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" qətiyyətli inamı hər birimizin düşüncəsinə hopub - deyirəm. Baxışları döyüş növbətçiliyindən qayıdan əsgərlərdən üzülməyən leytenant Şahmar Piriyev deyir ki, bu kəlam xidmətimizin mahiyyətini müəyyənləşdirir. Ali Baş Komandanın, Müdafiə nazirinin diqqəti, qayğısı Azərbaycanın ordu quruculuğunun tərkib hissəsidir. Güclü ordunun hər bir zabiti, hər bir əsgəri yüksək döyüş hazırlığına malikdir. Son irimiqyaslı təlimlər təsdiqlədi ki, bu, Ali Baş Komandanın, Müdafiə nazirinin tələbləri səviyyəsindədir. Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadirdir...
Qışdı.
Havada yaz qoxusu - yaz ovqatı var.  2016-cı ilin aprelində Lələtəpədəydim. Bayrağımızı o mənəvi ucalıqda dalğalandıranların əhatəsində döyüşlərdə düşmənin altı tankını vuran gizir Tahir Misirxanovla kəlmələşirdim. Onda eşitdiklərim ürəyimi dağa döndərmişdi.
Həmin ovqatdayam. Əsgər Elçin Səfərlinin dediklərini bütün əsgərlərimizin düşüncəsi bilirəm:
- Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Biz də döyüşlərə getmək istədik. İcazə vermədilər. İndi əsgərik. O qələbəni Böyük Qələbəylə tamamlayanların sırasında olmalıyıq.
2016-cı ilin aprelindən az sonra yazdığım "Lələtəpə" poemasının son misralarını xatırlayıram:
İnam zirvəsisən, Lələtəpəmiz,
Səni bayraq edən qollar görünür.
Sağın da, solun da yollardı...
Burdan
Şuşaya aparan yollar görünür!..
O yolların yolçusu olacaq əsgərlərimiz nə gözəl düşünür! Qürurla, fəxrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ruslan Budaqova baxan leytenant Şahmar Piriyev deyir ki, ordumuzun gücünü həm də bu yolların qələbə yolu olacağına inam müəyyənləşdirir.
Qələbə yolu səngərlərdən başlayacaq...
Qələbə yolunun istinad nöqtəsi səngərlər olacaq; səngərlərin sinəsində dalğalanan bayraqların işğaldan azad edəcəyimiz torpaqlarda dalğalanacağı günə az qalıb...
...Qışdı. Bütün məmləkət boyu könüllər yazın təşnəsidi. Hamı 2016-cı ilin yazının ov-qatını arzulayır. O ilin yazının gözəlliyi gözlərimizə də, könlümüzə də ecazkar bir rahatlıq gətirmişdi. Lələtəpəni, Bayraqtəpəni qəhrəmanlıq, cəsarət, hünər zirvəsi kimi sevdik. Yaxın vaxtlarda Cıdır düzü də, Ərgünəş də, Kirs də, Şükürataz da,... bu biçim sevgiylə əhatələnəcək. Azərbaycan əsgərinin Vətənə sevgisiylə, dövlətə, dövlətçiliyə, sədaqətiylə yazacağı əzəmətli tarixə Böyük Qələbə deyəcəyik!..
Rəşid HÜSEYNOV, əməkdar jurnalist, foto Namiq PƏNAHOVUNDUR