Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2018 10:09

Artilleriyaçılarımızın peşəkarlığı gündən-günə artır

Artilleriya döyüşün müqəddəratını həll etmək iqtidarında olan bir qoşun növüdür. 2016-cı ilin uğurlu aprel döyüşləri bizə bir daha artilleriyanın necə böyük gücə malik olduğunu sübuta yetirdi. Artilleriya bölmələrinin qarşısına atəş vasitələrini, döyüş qurğularını, müdafiə sistemini məhv etmək, eyni zamanda düşmənin piyada və digər qoşun növlərinin şəxsi heyətini və silah-sursatını sıradan çıxarmaq tapşırığı qoyulmuşdu. Sevindirici haldır ki, həmin döyüşlərdə verilən tapşırıqlar əsgər və zabitlərimiz tərəfindən yüksək dəqiqliklə yerinə yetirildi və qazanılan o tarixi qələbədə artilleriyaçıların da özünəməxsus payı oldu.
Vaxt ötdükcə, daha yeni silahların alınması və istifadədə olan silah-sursatın modernləşdirilməsi prosesi də davamlı şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müasir tələblərə cavab verən silahların alınması ordumuzun gündən-günə daha da güclənməsinə və regionda şəksiz liderə çevrilməsinə şərait yaradır. Yeni hərbi hissələrin açılışı, hərbi şəhərciklərin salınması, Müdafiə Nazirliyinin bu sahəyə xüsusi önəm verməsi də məhz qoşun və birləşmələrin daha da güclü və hazırlıqlı olmasına hesablanıb. Azərbaycan əsgərinin də bütün tapşırıqların öhdəsindən hər an uğurla gəlmək iqtidarında olması heç kimdə şübhə yaratmır. Yuxarı komandanlığın mütəmadi olaraq cəbhəyanı ərazilərə səfəri, bölmələrin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yaxından maraqlanması da şəxsi heyətin əhval-ruhiyyəsinə müsbət təsir edən və onları daha da ruhlandıran önəmli məqamlardandır. Heç kimə sirr deyil ki, döyüş ruhu yüksək olan əsgər istənilən savaşda qarşısıalınmaz bir cəngavərə çevrilir və nə olursa-olsun,  son ana qədər verilən tapşırıqları yerinə yetirmək üçün bütün qüvvə və bacarığını sərf edir. Elə ona görədir ki, qəhrəmanlar, igidlər yetişdirmiş yurdumuzun yeni nəsil nümayəndələri də öz üzərlərində daim çalışırlar ki, düşmənə sarsıdıcı zərbələr endirməyə hazır olsunlar.
Ön xətdə duran Vətən oğullarımız gecə-gündüz, şaxtaya-borana baxmadan düşmənin bütün hərəkətlərini müşahidə edir və təxribatlarının qarşısını qətiyyətlə alırlar.
Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin artilleriya divizionunda olarkən, şəxsi heyətin təlim nöqtəsində taqım komandirlərinin başçılığı altında minaatanlardan praktiki atış hazırlığı ilə məşğul olduqlarını izlədik. Əsgərlərin taqım komandirlərinin "döyüşə" və "səfərə" tapşırıqlarını necə həvəslə və dəqiqliklə həyata keçirmələri onu deməyə əsas verdi ki, bölmədə döyüş hazırlığı, həqiqətən də, yüksək səviyyədədir. Taqım komandirinin verdiyi sualların hər biri tam dəqiqliyi ilə cavablandırılırdı. Şəxsi heyətin yüksək hazırlıqlı olması komandirlərinin vəzifə borclarına xüsusı diqqət və tələbkarcasına yanaşmalarının nəticəsi idi. Bu silah haqqında adi təsəvvürü və anlayışı olan şəxs də bilir ki, minaatan heyətdə hərəkətlər zəncirvari ardıcıllıqla olmalıdır. Şəxsi heyətin hər bir nəfəri öz işini elə dəqiqliklə yerinə yetirməlidir ki, bütövlükdə yaxşı nəticə əldə edilsin. Və keçirilən dərslərin lazımi metodiki səviyyədə olması da onu sübut edirdi ki, artilleriyaçılarımız verilən tapşırıqların məsuliyyətini dərk edirlər.
Baş leytenant Rüfət Sadıqov ilə söhbət edirəm. 1992-ci ildə Şirvan şəhərində anadan olan zabit hələ uşaq yaşlarından artilleriya peşəsinə böyük marağının yarandığını deyir. Zabit bu peşəyə marağının necə formalaşdığı haqqında da maraqlı bir xatirəsini bizimlə bölüşdü.
- Silaha olan marağım məktəbəqədərki dövrə təsadüf edir, - deyə baş leytenant Sadıqov danışır. - Uşaq vaxtı əksər yaşıdlarım kimi mən də atıcılığı taxtadan düzəldilmiş "roqatka" ilə öyrənməyə başlamışdım. Hədəfə dəqiq atəş açanlar arasında həmişə qaliblər sırasında olurdum. Orta məktəb dərsliklərində isə  məşhur artilleriya generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski barədə mövzuları həvəslə öyrənirdim. Artıq kursant adını qazandıqdan sonra bu ixtisasa istəyim, həvəsim daha da artdı. Yaxşı bir artilleriya zabiti olacağımı özümə söz verdim. Peşəkar və təcrübəli müəllimlərimin əməyi hədər getmədi. Əldə etdiyim bilik və bacarıqlarımı bu gün öz əsgərlərimə həvəslə öyrədir, onların bacarıqlı artilleriyaçı kimi yetişmələri üçün əlimdən gələni əsirgəmirəm. Əsgərlərin həm praktiki, həm də nəzəri bilikləri daim yoxlanılır və təkmilləşdirilir. Çalışıram kı, əsgərlərim hər biri öz işinin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarsın. Artilleriya yüksək riyazi bilik tələb etdiyindən, hesablama prosesində daha ixtisaslı, xidmət müddəti daha çox olan hərbi qulluqçuların köməyindən istifadə edirik.
Müsahibimin qənaətinə görə, bölmənin hazırlıqlı olmasında komandirin məsuliyyəti daha böyükdür. "Bundan əlavə, şəxsi heyətin gündəlik qayğı və problemləri ilə də maraqlanmaq ən başlıca vəzifələrimdən biridir. Çünki istənilən əsgərin hər hansı şəxsi, yaxud xidməti problemləri ola bilər. Buna təbii hal kimi yanaşmaq lazımdır və mən də bu məqama xüsusi diqqət yetirirəm. Əsgər öz komandirini özünə nə qədər doğma və etibarlı bilirsə, bu, qarşıya qoyulmuş bütün tapşırıq və vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə də zəmin yaradır".
Söhbətimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Anar Əhmədov ilə davam etdirirəm. O da öz növbəsində şəxsi heyətin döyüş hazırlığından danışır. Bildirir ki, təlimlərdə uğurların səbəbi birinci növbədə şəxsi heyətin mükəmməl hazırlığıdır. "Döyüş hazırlığı planına əsasən, gündəlik dərslərimiz sinif otaqlarında, praktiki dərslərimiz isə təyin edilmiş ərazilərdə keçirilir. İctimai-siyasi hazırlıq məşğələləri isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını təmin edir. Bir sözlə, bölmənin gündəlik fəaliyyəti təsdiq edilmiş plana uyğun yerinə yetirilir".
Komandirin mənə təcrübəli artilleriyaçı kimi təqdim etdiyi əsgər Murad Zeynalovla da söhbətləşdik. 1998-ci il təvəllüdlü Murad söhbət əsnasında bildirdi ki, dayısı Qarabağ müharibəsinin ilk illərində şəhid olub. Üzünü belə görə bilmədiyi dayısı haqqında bəhs edərkən, əsgərimizin mənfur erməni işğalçılarına qarşı nifrəti baxışlarından da hiss olunur. Uğrunda minlərlə Vətən övladının qanlar axıtdığı torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözlədiyini deyən əsgər Zeynalovun "Vətəni qorumaq hər birimizin borcudur. Onun hər qarışı canımız qədər əzizdir" sözlərini xüsusi bir intonasiya ilə deməsi diqqətimi çox cəlb etdi.
Müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan əsgəri tezliklə ərazi bütovlüyümüzün təmin olunması üçün qarşısına qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə tam hazırdır.
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR