Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2018 10:58

Şəhidi olmayan torpaq müstəmləkədir

Əsgərlərimiz Ana Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirən, düşmənlə üz-üzə dayanaraq inamla vuruşur. Düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalanlar xalqın sonsuz ehtiramını qazanır.
Saçları heç zaman ağarmayacaq, şəhid əsgər! Xalqımız hər zaman sizə borcludu. Uğrunda can verdiyiniz torpağa tapşırılırsınız. Üçrəngli bayrağımız nəşinizin örtüyü olur. Valideynləriniz sizinlə fəxr edir. Siz şəhidlik məqamındasınız. Ən layiqli ad daşıyırsınız. Təki Vətən sağ olsun!  Zamanı gənc yaşlarında donan igidlərin, sənin adın hər birimizin qəlbində yaşayır.
Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.
Vətənpərvərlik - Vətənini, dövlətini, xalqını, millətini sevməkdir. Onun inkişafına çalışmaqdır. Vətən ürəkdə başlayıb, şəhadətlə bitər. Vətənpərvərlik Vətəninin çağırışlarına cavab verməkdir. Müstəqil Azərbaycan bir çox uğurlar, nailiyyətlər qazanıb. Vətən bizdən dəyərlərimizə sahib çıxıb onu daim zənginləşdirməyə səsləyir. Hər bir azərbaycanlı azərbaycançılıq dəyərlərinə xidmət etməyi özünə müqəddəs borc bilir. Vətəni qorumaq, daim müdafiəyə hazır olmaq hər birimizin borcudur. 20 faizdən çox ərazimiz işğal altındadır. Bu gün hər bir Azərbaycan oğlu potensial bir əsgərdir, Vətənin müdafiəçisi, keşikçisidir. Ölkəmizi inkişaf etdirmək, xain qəsdlərdən qorumaq həm də özümüzə xidmətdir. Vətən də, gələcəyin əsgərləri olacaq uşaqlar da bizimdir. Biz hər birimiz odu-ocağı, Vətəni sevməyi və sevdirməyi bacarmalıyıq. Mən də müstəqil Azərbaycanın övladı olmaqdan qürur duyuram. Bu dövləti sevməyi, sevdirməyi, təbliğ etməyi özümə ən böyük borc bilirəm.
Şəhidlərimiz Vətənini sevdi. Bu sevgi müqəddəs sevgidir. Bu sevgi sipərə dönən sinədir, bu sevgi Vətən yolunda qurban  verilən "can"dır.
Şəhidlər ölməz, yaddaşlarda, əqidələrdə yaşayarlar. İllər keçsə də, unudulmaz, daim anılarlar. Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Biz azadlığımızın, istiqlalımızın carçısı olan şəhidləri ən səmimi hiss və duyğularla anırıq!

Hüsniyyə İDRİSOVA,
BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi