Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2018 10:50

Məktəbli gənclərimizin düşüncələri qürurvericidir

Sağlam gənclik xalqın parlaq gələcəyinin təminatıdır. Azərbaycanda gənclərə olan diqqət və qayğı ölkə rəhbərliyinin siyasətində mühüm yer tutur. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi və ərazi bütövlüyümüzün qorunması cəmiyyətin bu aparıcı qüvvəsindən də çox asılıdır.Bu günlərdə Nəsimi rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Abdulla Rəhimovun adını daşıyan 247 sayli tam orta məktəbdə olduq. Məktəbin girişində şəhidin büstü qoyulub, şəxsi əşyalarından ibarət xüsusi guşə yaradılıb.
Məktəbin direktoru Nihal Hacıyeva bildirdi ki, gənclik bir millətin var olması, inkişafı üçün təməl daşıdır.  "Gənclərimizin bilik və bacarıqlarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğıyla yanaşaraq onların milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndərimizin gənclərlə görüşlərinin birində dediyi, "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" fikri hər bir pedaqoqun peşə amalına çevrilib.  Bu gün də dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı  hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, tövsiyə və tapşırıqlarını verir. Bu etimadın nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar."
Nihal müəllim ölkə rəhbərinin  təhsilə diqqət və qayğısından da danışaraq bildirdi ki, sağlam düşüncəli yeni nəslin formalaşdırılmasında misilsiz işlər görülməkdədir. "Gənclərin hərtərəfli inkişafı üçün  dövlətimiz hər cür şərait yaradıb. Məktəbimiz ölkə başçısının göstərişinə əsasən tam təmir olunaraq şagirdlərin istifadəsinə verilib, maddi-texniki təminatımız daha da güclənib. Müəllimlərimiz müxtəlif treninq və sınaq kurslarından keçərək dərsləri yeni üsul və metodlarla tədris edirlər. Məktəbimiz Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibidir".
Respublikamızda əksər təhsil müəssisələrinə şəhid adının verilməsini gənclərimizin vətənpərvərlik tərbiyəsində böyuk önəm daşıdığını bildirən direktor, Milli Qəhrəmanın ailəsi ilə məktəbin sıx münasibətdə olduğunu vurğuladı. "Onun doğum və anım günlərini ailə üzvlərinin və silahdaşlarının iştirakı ilə qeyd edirik. Bu il Milli Qəhrəmanın 60 illik yubileyini də təntənəli keçirəcəyik.  Bütün bunlar şagirdlərimizin vətənpərvər ruhda böyüməsinə müsbət təsir göstərir. Şagirdlərimiz ön xətdə qulluq edən əsgərlərimizə davamlı olaraq məktublar yazırlar".
Milli Qəhrəmanın büstü önünə toplaşan ibtidai sinif şagirdləri diqqətimi cəlb etdi. Sinif rəhbəri Naridə Həsənalıyeva gələcəyimiz olan bu balacaların Vətənə məhəbbət, xalqa hörmət, dövlətə sədaqət ruhunda tərbiyə olunduğunu qeyd etdi. "Şagirdlərimiz vətənpərvər ruhda böyüyür, təhsil alır və sabahın layiqli vətəndaşları kimi böyüyürlər. Biz də bu sahədə  əlimizdən gələni edirik."
Sinfə daxil oluruq. Uşaqlar öncə əllərini ürəklərinin üzərinə qoyaraq himnimizi oxuyurlar. Nazlı Qurbanzadə belə bir ölkədə dünyaya göz açdığı üçün Uca Yaradana, Nuray Səfərli Vətənimizdəki əmin-amanlığa, sabitliyə görə dövlət başçımıza, Tuncay Əsgərli və Aydan Məmmədzadə müstəqilliyimiz və azad yaşamağımız üçün canlarından keçən şəhidlərimizə təşəkkür etdiklərini bildirərkən Arifə Yolçuyeva məhz igidlərimizin hünəri sayəsində bu gün xoşbəxt, firavan yaşadıqlarıni dilə gətirdi. Aylin Alızadə və Nəzrin Alcanova dövlətimizin memarı, Ümummilli Liderimizə sonsuz təşəkkür etdilər. Özünü sabahın əsgəri adlandıran Tuncay Qənbərli Vətənimizi qoruyan ordumuzla, hər bir əsgərimizlə qürurlanır.
Dəhlizdə ümummilli liderimiz Heydər Əliyevin müdrik kəlamları, Dövlət atributları, Milli Qəhrəman haqqında xüsusi guşə şagirdlərin uğurlarını və əl işlərini əks etdirən bir-birindən maraqlı stendlər də diqqətimizdən yayınmır.
Bir zamanlar Abdulla Rəhimovun sinif rəhbəri olan fizika müəllimi Zemfira Fərmanovaya görə, məktəblərdə həyata keçirilən tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. "Uşaqların həyata fərqli baxışları, nitqi məktəbdə təşkil olunan tərbiyə əsasında formalaşır. Bu il Təhsil Nazirliyinin qərarı ilə yeni tədris  ilinin ilk dərs saatı "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı" mövzusuna həsr olundu. Şagirdlərimizə aprel döyüşlərində ordumuzun qazandığı qələbə, bir qarış Vətən torpağını da canından əziz bilən oğullarımızın qəhrəmanlığı, Cocuq Mərcanlıdakı quruculuq işləri haqqında məlumat verdik. Şagirdlərimizin vətənpərvərlik, Vətənə, torpağa bağlılığı mənə sevimli şagirdim Abdulla Rəhimovu xatırladır...".
Məktəbli gənclərin çağırışaqədərki hazırlığı fənnini ehtiyatda olan hərbçi Zülfüqar Mehdiyev tədris edir. Bu dəyərli ənənənin hər yerdə davam etdirilməsi çox sevindiricidir. Ordu həyatını yaşamış Zülfüqar müəllim bildirdi ki, xalqını, millətini sevib özünü Vətəninin bir parçası bilən hər müəllimin ən ümdə vəzifəsi cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. "Tədris etdiyim fənn gənclərimizi orduya, Vətənə xidmətə hazırlamaqdan ibarətdir. Gəncləri  psixoloji baxımdan hərbi həyata hazırlamaq vacib məsələdir. Qafqazın ən güclü ordusuna sahib olmamızla qürur duyuruq. Ali Baş Komandanımızın rəhbərliyi ilə orduda aparılan islahatlar, əsgərlərimizə göstərilən qayğı şagirdlərimizi hərbi xidmətə hazırlayır, vətənpərvərlik hisslərini daha da gücləndirir".
Müəllimin söhbətinə görə, ötən dövrlərlə müqayisədə ordu quruculuğunda  qazanılan uğurlar, cəbhə xəttində düşmənə qətiyyətli cavab verilməsi gənc nəsildə hərbi həyata güclü maraq yaradıb.
Gənclərin çağırışaqədərki hazırlıq sinfi zəruri olan bütün vəsaitlərlə təmin olunub. Dərsin gedişini izləyib şagirdlərin bu vacib fənnə sevgilərinin şahidi oluram.
Fasilədə gənclərlə söhbət edirəm. Şahin Quliyev Vətənimizin var olması üçün canından keçərək müqəddəs zirvəyə ucalan Milli Qəhrəmanın adını daşıyan məktəbdə təhsil aldığı üçün fəxr duyduğunu bildirdi. "Belə oğulların sayəsində biz də firavan yaşayıb təhsil alırıq. Abdulla Rəhimovun timsalında bütün şəhidlərin qarşısında ehtiramla baş əyirəm...". 
Qurban İbrahimova görə, hər bir gəncin həyatında əsas vəzifəsi öncə Vətən qarşısında müqəddəs borcunu ödəmək üçün əsgəri xidmətdə olmasıdır. Nihat Namazov da "Vətəninə, xalqına bağlı olan hər kəs əzəli torpaqlarımızın düşmən tapdağında qalmasına görə narahat olmalıdır", - deyir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə "Ölkəmizi tanıyaq" adlı maarifləndirici aksiya keçirilir. Bu aksiyanın iştirakçıları olan Murad Hüseynli və Fərid Baxşəliyev deyir ki, insan öz ölkəsi, Vətəni haqqında daha çox məlumatlı olarsa, torpağını da qorumağı özünə müqəddəs borc bilər.
"Biz gənclər çiyinlərimizdəki böyük məsuliyyətin fərqindəyik. Vətənimizin, dövlətimizin bizdən gözləntiləri böyükdür. Bu etimadı mütləq doğruldacağıq", - İsmayıl İsmayılov belə deyir.  Uşaq yaşlarından zabit atasının hərbi formasını geyinib, güzgü qarşısında özünə baxmaqdan doymayan İbrahim Hüseynov isə qürur və fəxrlə "Gələcəkdə hərbçi olacağam" deyir.
Arzu Abbaslı, Aidə Əbiyeva, Miremin Nabiyev, Ülkər Əsgərzadə, Günel Qasımova və başqaları isə Vətənimizin adını göylərə qaldıran qəhrəmanları özlərinə örnək hesab edirlər.
Məktəbli gənclərimizdən könül xoşluğuyla ayrılıram. Onların gələcək haqqında düşüncələri, Vətənimizə, millətimizə layiqli övlad olmaq istəkləri  nə qədər xoşdur!..
        
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR