Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2018 10:47

Mühəndis-istehkamçılar təlimdə

Müasir döyüşdə qalib gəlmək bütün qoşun növlərinin birgə səyi nəticəsində mümkündür. Bu baxımdan müasir ümumqoşun döyüşünün mühəndis təminatı da müvəffəqiyyətin əldə edilməsi üçün vacib amillərdəndir. Mühəndis təminatının tələbləri əməliyyatın məharətlə aparılması, düşmənin fəaliyyətinin çətinləşdirilməsi və qarşı tərəfə itkilərin verilməsi üçün əsas rol oynayır.
Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam bölmələrinin yerinə yetirdikləri tapşırıqların xüsusiyyətləri nəzərə alınaraq onların texniki baxımdan daha da təkmilləşdirilməsi üçün müasir mühəndis-istehkam texnikaları hərbi qulluqçularımızın ixtiyarına verilib. Silahlanmada mövcud olan mühəndis maneələğvevtmə maşını və digər mühəndis texnikaları taktiki-texniki xüsusiyyətlərinə görə yüksək göstəricilərə malikdir.  
Mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi heyətin mənəvi-psixoloji dözümlülüyünün artırılması da əsas məqsədlərdən hesab olunur. Bu dəfə də ən çətin iqlim və relyef şəraitində əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqların məşq etdirilməsi  məqsədilə bölmələrdən birinin şəxsi heyəti tam təchizatla təlim mərkəzinə çıxarılıb.
Döyüş hazırlığı planına uyğun olaraq mühəndis-istehkam bölməsi vacib döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki məşq etdirilir. Bu dəfəki məşğələdə manqa tərkibində xüsusi təchizatla təmin olunmuş mühəndis-istehkam qrupu tərəfindən ərazidə mühəndis kəşfiyyatının aparılması tapşırığı icra olunur.
Zabit Mübariz Mürsəlov bildirdi ki, məşğələdə manqa heyətlərə ayrılır, manqa komandirinin rəhbərliyi altında hər heyət nəfəri öz tapşırığını yerinə yetirir. "Təlim mərkəzində keçirilən məşğələdə qarşıya qoyulan məqsəd çıxarılması və zərərsizləşdirilməsi mümkün olmayan tank və piyada əleyhinə minaların aşkar edilərək məhv edilməsidir. Manqa praktiki olaraq ərazinin kəşfiyyatını aparır, aşkar olunmuş sursatların partlayış üsulu ilə məhv edilməsini yerinə yetirir. Bu məşğələni də uğurla başa vurduq. Manqa komandiri kiçik çavuş Malik Babayev, istehkamçı əsgərlər Yusif Əliyev, Qurban Bəylərov, Rauf Zeynalov, Namiq Novruzov, Saməddin Məmmədov və başqaları fərqləndilər. Təbii ki, bu kimi məşğələ və təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir."
Bir məqamı da qeyd edim ki, şəxsi heyətin istənilən şəraitdə mühəndis təminatı tapşırıqlarını yerinə yetirən zaman döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam bölmələri döyüş atışlı taktiki, eləcə də taktiki-xüsusi təlimlərdə müntəzəm iştirak edir. Plana uyğun olaraq ən yaxşı mühəndis-istehkam manqası, taqımı və bölüyü adları uğrunda yarışlar keçirilir. Əldə olunan müsbət nəticələr onu deməyə əsas verir ki, müasir mühəndis texnikaları ilə təchiz edilən Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam,  maneələğvetmə və maneəqurma, mühəndis-yol bölmələri ən çətin iqlim və relyef şəraitində  istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. 

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi,
fotolar Rauf ƏLƏSGƏROVUNDUR