Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2018 10:45

“Ya şəhid olacağıq, ya da qəhrəman”

Səngər mərdlərin, cəsurların, qorxmazların yeri, möhkəm iradə, Vətənə sevgi deməkdir. Bu sevginin işığında Vətənin keşiyində dayanan hərbi qulluqçularımızla söhbətləşirik.
"Əgər insan Vətənini sevmirsə, doğulduğu torpağının  hər qarışına vurğun deyilsə, hərbçi ola bilməz" deyən kapitan İlqar Kərimovla səngərdə tanış olduq. Naxçıvan Muxtar Respublikasının Qıvraq qəsəbəsində hərbçi ailəsində dünyaya göz açan zabitimizin həyatına nəzər salsaq, vətənpərvərlik ruhunda böyüdüyünü görərik. Rəhmətlik atası gizir Valeh Kərimovun həyatı və öz övladları ilə bölüşdüyü müharibə hekayələri bu ailədə böyüyən İlqarın da döyüşkən, mübariz insan kimi formalaşmasına səbəb olub.
Tez-tez atasından hərbçilərin seçilmiş insanlar olmaları, onların cəsarətləri, ölümün gözünə dik baxmaları barədə eşitdikləri İlqarı, həmçinin qardaşı Əlini də hərbçi olmağa ruhlandırıb.
İlqar 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Vətənimiz Azərbaycana layiqli zabit olmaq üçün hərbi biliklərə həvəslə yiyələnir.
"Atamın əynimə qat-qat böyük olan hərbi formasını dəfələrlə geyinərdim. Papağını başıma qoyub özümü hərbçi kimi hiss edərdim. Nə vaxtsa səkkizguşəli ulduzları çiynimdə daşıyacağımı arzu edərdim. Hərbi liseyə daxil olduğum gün əynimə hərbi forma geyindim. Bu, həyatımın ən unudulmaz anı oldu. Həmin formanı bu gün də əvəzsiz bir xatirə kimi evimizdə  saxlayıram".
Azərbaycan Ordusunda xidmətdə olan hər kəsin Allahdan bir vergi payı var. O pay ki, hərbçilər Vətənə bir addım yaxın olurlar, torpaqla bütövləşmək üçün şəhidliyə də hazırdırlar. “Ya şəhid, ya da qəhrəman olacağıq!” - amalı ilə xidmət edirlər.
"Qardaşınız da ordu sıralarındadır?" sualına təcrübəli zabit  belə cavab verir.
- Atama “Uşaqlar necədirlər?” sualını verəndə, "Vətənə oğul böyüdürəm" cavabını verərdi, - zabit deyir. - Böyüyüb Vətən sevgisini dərk etdikcə atamın nə demək istədiyini anladıq. Və müəyyən  yaş həddinə çatanda kiçik qardaşım Əliyə dedim ki, Vətənə xidmət vaxtıdır. O da cavabında "sən get, mən də gələcəm" dedi. Sözünə sadiq oldu və hazırda o da hərbçidir.
- Bəs hərbi xidmətdə kimdən nə öyrəndin?
- Mən hərbçi olmaq istəyəndə ən böyük dəstəkçim ailəmiz oldu. Hərbi liseydə oxuyarkən bölük komandirim Anar Mirzəliyev mənə hərb sənətinin sirlərini öyrətdi. Əvvəlcə sıra addımlarından başlamışdıq,  sonra silahlara keçdik (Əlindəki silahı göstərib gülümsəyir). İlk günlər silahın hansı gücə malik olduğunu dərk etmək o qədər asan deyildi. Gördüyünüz silahın ən vəfalı dostum olduğunu anladım. O məni ölümdən, düşməndən qoruyur.
Vətənpərvər zabit tabeliyində olan hər bir gəncin də nizam-intizamlı, qorxmaz, cəsur Azərbaycan əsgəri olduğunu bildirərək söhbətinə davam edir:
- Bu gün bizimlə çiyin-çiyinə Vətənin keşiyində duran, sabah Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan azad etməyə hazır olan bacarıqlı əsgərlərimiz var. Ehtiyata buraxılan hər kəs ehtiyac olarsa, - güman ki, buna ehtiyac olmayacaq - döyüşlərin sırasında olacağına söz  verib. Düşmənimiz də dərk etməlidir ki, kiminsə torpağında gözümüz yoxdu, ancaq öz tarixi torpaqlarımızı işğaldan azad etmək əsas amalımızdır. Mə\n də bir komandir kimi söz verirəm ki, Ali Baş Komandanın bircə əmriylə torpaqlarımızı azad edəcəyik....

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR