Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2018 10:03

Qələbə qazanacağımıza əminik!

Nə vaxtsa oxuduğum bir fikir heç zaman yadımdan çıxmayacaq: Vətən əsgərin ürəyindən başlayır. Bu, Vətənə sevgidi. Hamımız Vətəni belə sevirik. Əsgər ürəyindən başlayan Vətəni qorumaq, onun keşiyində dayanmaq qədər gərəkli bir peşəni seçənlərə həmişə həsəd aparırdım. Ulu öndərimiz Heydər Əliyevin bir kəlamı mənim də düşüncələrimə hopmuşdu: "Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir...". Bu kəlamın mahiyyətini həqiqi hərbi xidmətdə olanda daha əhatəli şəkildə dərk etdim. Döyüş növbətçiliyinə gedəndə mən də, əsgər yoldaşlarım da bu kəlamı xatırlayırıq. İndi də belə xidmət edirəm.
Müharibənin nə olduğunu, hansı ağrılar yaşatdığını uşaqlığımdan bilirəm. Ermənilər Azərbaycandan torpaq iddiasına düşəndə atam da  torpaqlarımızı müdafiə edənlərin sırasındaydı. Neçə-neçə döyüşlərdə iştirak etmişdi. Qızılhacılı, Ölü dərə istiqamətlərində ağır döyüşlərdən keçmişdi. Döyüşlərin birində şəhid oldu. 1992-ci ildə. Onda yeddi yaşım vardı. Şəhidliyin nə olduğunu dərk etməsəm də, atamı tanıyanların, qohum-əqrəbalarımızın üzündə kədər görürdüm. Onu dərk edirdim ki, atam daha qayıtmayacaq. Kimsə saçlarımı oxşayıb "Atan daha qayıtmayacaq..." - dedi. "Niyə?" - qəhərlə soruşdum. "Şəhid oldu..." - dedi. Böyüyəndə hərbçi olacağımıza, atamın yolunu davam etdirəcəyimizə and içdik. Mən də, qardaşım Ramin də...
Həqiqi hərbi xidmətimizdən sonra yenidən orduya qayıtdıq. İkimiz də hərbçiyik. İkimiz də ön xətdə xidmət edirik. Müharibə başa çatana kimi, torpaqlarımız işğaldan azad edilənə kimi hərbçi mundirini əynimizdən çıxartmayacağıq.
2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü, qüdrətini təsdiqlədi. Təsdiqləndi ki, Azərbaycan Ordusu  torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Aprel döyüşlərində şəhid olanlarımızın dəfnində şəhid oğullarının qürurunu gördük. Uşaqlığımı xatırladım. Əminəm ki, bu uşaqlar da böyüyəndə hərbçi olacaq, atalarının arzuladığı əsgər olacaq, Vətənin keşiyini çəkəcəklər.
Son illərdə hərbi sahədə həyata keçirilən irimiqyaslı təlimlər göstərdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadirdir. Bunu torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan da bilir. Ermənistan onu da bilir ki, əgər sülh danışıqları baş tutmasa, Azərbaycan Ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini döyüşlə həll edəcək. Azərbaycan Ordusunun bütün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları adından, əsgərləri adından əminliklə deyirəm ki, döyüşlər bizim qələbəmizlə başa çatacaq, 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbə Böyük Qələbəylə tamamlanacaq. O günə az qalıb, hər birimiz Ali Baş Komandanın əmrinə hazırıq!..
Çavuş Ruslan BUDAQOV, "N" hərbi hissəsi