Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2018 13:01

Nizam-intizam vacib şərtdir

"Nizam-intizam sıradan başlanır". Bu sözləri "N" hərbi hissəsində gənc əsgərlərə sıra hazırlığı keçən leytenant Əli Orucovdan eşitdim. Sıra meydanından gələn səslər, demək olar ki, hərbi hissənin bütün ərazisinə yayılırdı. Sıra hazırlığının üsullarını öyrənən əsgərlərin ritmik ayaq səsləri hər kəsin diqqətini cəlb edirdi. Gənclərin ayağını eyni məqamda yerə vurmasından yaranan səs dalğası və verilən komandaları cəld yerinə yetirmələri adamda xoş ovqat aşılayır. Əsgərlərin baxışlarındakı qüruru izlədikcə belə vətənpərvər, igid oğulların qarşısında heç vaxt düşmənin tab gətirə bilməyəcəyinə və tezliklə qələbə qazanacağımıza əmin oluram
Fürsətdən istifadə edərək zabit və əsgərlərlə həmsöhbət oluram. C.Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan gənc zabitin kifayət qədər bacarıqlı və savadlı olması seçdiyi peşəyə ürəkdən bağlılığından yaranır.
- Sıra müqəddəsdir, - zabit deyir. - Hərb peşəsinin ən mühüm və vacib şərtlərindən biri nizam-intizamdır ki, bu da sıradan başlanır. Hər gün məşğələyə başlamazdan əvvəl bu sıralarda bir vaxtlar Mübarizlərin, Çingizlərin, Raqufların, Samidlərin və onlar kimi Vətən uğrunda canlarından keçən neçə-neçə qəhrəmanın dayandığını şəxsi heyətə izah edir, sıranın müqəddəsliyindən danışıram. Hərbi bilikləri öyrətməklə yanaşı, əsas vəzifələrimizdən biri də xidmətə gələn hər bir gəncə vətənpərvərlik, döyüş ruhu, milli-mənəvi dəyərlərimizi aşılamaqdır ki, bu istiqamətdə də daim iş aparırıq. Gördüyünüz kimi, bugünkü məşğələmizdə əsgəri salamlaşma, hərəkətdə dönmələr və digər sıra vərdişləri əsgərlərə öyrədilir. Sırada dayanan hər bir əsgər yüksək bacarıq nümayiş etdirir, verilən tapşırıqların öhdəsindən uğurla gəlir. Seçdiyim peşəmlə fərəhlənir, Azərbaycan Ordusuna layiqli zabit olmaq üçün var qüvvəmi əsirgəmirəm.
Hərbi xidmətə Bakı şəhərindən çağırılan əsgər Fuad Mehdiyev ilə söhbətləşirəm.
- Əsgəri xidmət keçmək, torpaqlarımızı göz bəbəyi kimi qorumaq bizim övladlıq borcumuzdur, - Fuad deyir. - Vətənin keşiyində dayanmaq kimi müqəddəs vəzifə tapşırılıb bizə. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün keçirilən məşğələlərdə fəal iştirak edir, intizamlı əsgər olmağa çalışırıq. Sıra hazırlığını, silahlardan istifadə etməyi, döyüş bacarıqlarını uğurla öyrənirik. Bütün məşğələlərə həvəslə yanaşaraq, bacarıqlı əsgər kimi formalaşıram. Düşmənə nifrət hissi ilə xidmət edirəm, döyüş əmri alan kimi mən də öndə vuruşacaq, şəhid qardaş-bacılarımızın qisasını alacağam.
Tacir Məmmədov da əsgər olmağın sevincini yaşadığını bildirir. "Əsgər olmaq hər birimizin uşaqlıq arzusudur. Hərbi formanı geyinib, qürur mənbəyimiz olan ordumuzun sıralarında dayanmaqdan böyük sevinc ola bilməz. Günlər keçdikcə təcrübəli əsgər kimi formalaşır, yeni-yeni döyüş vərdişlərinə yiyələnirik. Səngərdə döyüş növbəsi aparacağım günü səbirsizliklə gözləyirəm. Bu gün sıra meydanında öyrədilən nizam-intizama xidmətim boyu əməl edəcək, Vətənimizin, ordumuzun adına layiq əsgər olub, valideynlərimin başını uca edəcəyəm.”
Artıq fasilə vaxtı bitir. Leytenant Ə.Orucovun komandası ilə əsgərlər cəld şəkildə təyin olunmuş yerdə yenidən düzülürlər və bununla da sıra hazırlığı davam edir. Söhbətləşdiyim əsgərlərin hər birinin  ürəklərində sonsuz Vətən sevgisini də hiss edirəm. Onlar hərbi xidmətə bir amalla - torpaqlarımızı işğaldan azad etmək üçün gəliblər. Və artıq xidmətləri ilə sübut edirlər ki, Azərbaycan əsgəri vətənpərvər, qorxmaz və cəsurdur. O, Vətən uğrunda hər an döyüşə atılmağa hazırdır.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"