Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2018 12:57

Qələbə günü görüşənədək!

"Uşaqlığım cəbhəyanı rayonlardan olan Ağdamın Novruzlu kəndində keçib. Mənim kimi orada böyüyüb boya-başa çatanların hər biri, yəqin ki, atəşkəsin pozulmasının, mütəmadi güllə səsinin şahidi olublar. Mən də güllə səsi eşidəndə pəncərəyə qaçar, həyəcanlı şəkildə atamdan nə baş verdiyini soruşardım. Sualımın cavabını və ömrümün mənasını o vaxtdan tapmışam".
Bu sözləri ön xətdə xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Vəliyevlə söhbətimiz zamanı eşidirəm.
Elvin Ağdamın Novruzlu kəndində sadə bir ailədə dünyaya göz açıb. Böyüdüyü mühit müharibənin nə demək olduğunu ona da yetərincə anladıb.
Hündür boyu, idmançılara xas olan bədən quruluşu, gümrah və iti yerişi var. Sifətinin dərinliyindəki balaca gözlərindən sezilən kəskin baxışları, çöhrəsindəki sərtliyi, əsl döyüşçü görünüşü Vətənə sevgisini, düşmənə nifrətini büruzə verir. Ümumilikdə Elvinin görünüşü, əsgərləri ilə əsl komandirə xas davranışı onun mənəvi keyfiyyətlərindən xəbər verir.
Orta məktəbdə oxuyarkən müəllimlərindən, Qarabağ əlili olan atasından müharibə hekayətlərini mütəmadi dinləyən Elvin əsgər olmaq, düşməndən qisas almaq arzusuna düşür. Qarabağ müharibəsi illərində şəhid olan qonşularının, həmkəndlilərinin qanını, atasının ayaq və sinə nahiyələrindən aldığı güllə yarasının qisasını almaq istəyi bu gün düşmənlə üz-üzə dayanmasına səbəb olub. Ön xətt hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmətini nümunəvi əsgər kimi başa vuran  Elvin ordu sıralarından tərxis olunandan bir müddət sonra aprel döyüşləri baş verib. Bu zaman minlərlə gəncimiz kimi o da könüllü ordu sıralarına qatılmaq istəyib, lakin buna ehtiyac olmadığını bildiriblər.
Ordu sıralarına yenidən qatılmaq istəyini bildirdiyi zaman atası Elbrus kişinin və Xatirə ananın dəstəyini həmişə minnətdarlıqla xatırlayır. 
Hərbə olan marağı, əsgərliyi dövründə nümunəvi xidməti onun peşə seçimini də qətiləşdirib. Vətən sevgisi, nizam-intizamı, silah və texnikanın xüsusiyyətlərinə dərindən bələd olması Elvinin bacarıqlı döyüşçü kimi tanınmasına gətirib çıxarıb.
"Xidmətimdən, ümumiyyətlə, Azərbaycan Ordusuna xidmət etməkdən çox qürurluyam. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun biz hərbçilərə göstərdiyi diqqət, qayğı nəticəsində xidmətimiz üçün hər bir şərait yaradılıb".
Gücünü Vətən sevgisindən alan gənc komandir hazırda  Azərbaycan Ordusunun qüdrətli ve yenilməz olduğunu bildirir. Həm də qeyd edir ki, hər bir komandirin uğurlarına zəmin yaradan əsas amil tabeliyindəki şəxsi heyətin inamını, etibarını qazanmaqdır.
"Əsgərlərimlə doğma qardaş münasibəti qurmuşuq. Hər biri nizam-intizamlı və qorxmazdır. Hər biri fədakarlığı ilə yaddaşıma həkk olunur. Məsələn, əsgər Kərim Kərimov bacarıqlı əsgər kimi xatirimdədi. Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmışdı. Tez qərarqəbuletmə qabiliyyəti vaxtında yerinə yetirmə bacarığı ilə seçilirdi".
Hazırda xidmətini inamla davam etdirən cəsur manqa komandiri zabit heyətinin etimadını doğruldan, bir sözlə, hərbi kollektivdə seçilənlərdən biridir. Xidmətində diqqətli, kollektivə qarşı qayğıkeş və nizam-intizamlıdır.
Gənc yaşda əsl döyüşçü kimi formalaşan Elvinlə Qarabağı tezliklə azad görmək arzusu ilə xudahafizləşirəm. Yeganə istəyim odur ki, tezliklə onunla Qələbə günümüzdə yenidən qovuşaq.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR