Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2018 12:45

“Vətəni qorumaq öz mənliyini, namusunu, şərəfini qorumaqdır”

“Vətəni qorumaq öz mənliyini, namusunu, şərəfini qorumaqdır”.
Bu sözləri "N" hərbi hissəsinin düşmənlə təmas xəttində xidmət aparan əsgərlərindən eşitdim. Zabit Cavid Fərhadovla birgə döyüş mövqeyinə gedən yol diqqətimi çəkir. Səngərlər elə dərin və genişdir ki, piyadalarla yanaşı, maşınlar da rahat və təhlükəsiz hərəkət edə bilir. Zabit bildirir ki, bu yolla gedib-gələn, ərzaq daşıyan və digər döyüş maşınlarını düşmən qəti şəkildə izləyə bilmir. Həmçinin o, əsgərlərin uğurlu xidmətindən də fərəhlə danışır:
- Hərbi xidmətə gələn gənclər vətənpərvər, mərd, cəsur olurlar. Verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirirlər. Döyüş növbələrində ayıq-sayıq xidmət aparırlar. Yaxın iki ay ərzində əsgərlərimizin sayıqlığı nəticəsində təxribat törətməyə cəhd edən düşmənə layiqincə cavab verilib. Belə əsgərlərlə xidmət aparmaqdan qürur duyuram. Mən inanıram ki, bütün gənclərimiz vətənpərvərdir. Çünki, işğalda olan torpaqlarımızı, Xocalı hadisələrini düşünən hər bir  Azərbaycan gənci düşmənə nifrət hissi ilə yaşayır və qisas almaq üçün əmr gözləyir.
Həmsöhbətimin kifayət qədər təcrübəli, savadlı və bacarıqlı zabit olduğu hiss olunur. Onun aprel döyüşlərində iştirak etdiyini və göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunduğunu öyrənirəm... Hərbi hissədən yola düşəndə hava buludlu və soyuq idi. Bölməyə çatanda isə günəş qırmızı şüalarını ətrafa saçırdı. Buludlar dağılmış, mavi səmanın gözəlliyi üzə çıxmışdı. Vətən keşikçiləri ilə bir arada olmağımdan mən də sevincli, qürurluyam. Qeyri-ixtiyari olaraq göy üzünə baxıb o səfalı guşələrimizin düşmən tapdağında xarabalığa döndüyünə heyifsilənirəm. Bol bərəkətli sahələrin düşmən əli ilə yandırılaraq kül olmasına sanki təbiət də yas tutub ağlayır. Xəyalımda səmaya səslənirəm: "Az qalıb, bu həsrət bitəcək, yenə də o yerlərdə güllər açacaq, Novruz tonqalları çatılacaq, toy-büsat səsləri aləmi başına götürəcək". Bu xoş düşüncələrimdən əsgərlərin gur səsi ayırır məni. Döyüş növbəsinə getməyə hazırlaşan heyətə son tapşırıqlarını verən zabit onlara bir sual ünvanlayır:
- Vətəni qorumaq nədir?
Sırada duran əsgərlərin hamısı bir ağızdan:
- Vətəni qorumaq - öz ana torpağını, el-obasını, yurdunu qorumaqdır.
Vətəni qorumaq - öz namusunu, şərəfini qorumaqdır.
Vətəni qorumaq - öz atanı, ananı qorumaqdır.
Vətəni qorumaq - Azərbaycan xalqının tarixini, mənəviyyatını, milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir.
Bu şərəfli yoldur, bu şərəfli vəzifədir...
Bu sözlərdəki müqəddəslik, Vətən sevgisi, mərdlik qəlbimi isindirir. Bax, budur, Azərbaycan əsgəri!  Vətən sevgisindən bəhrələnir, ona güvənən xalqından ilham alır.
Zabit şəxsi heyətə "Farağat!" komandası verərək özündən yuxarı rütbəli komandiri qarşılayır və döyüş mövqeyində heç bir hadisə baş vermədiyini məruzə edir. Leytenant Əhmədağa Əhmədzadə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən "Təşəkkür"lə təltif olunub. Gənc zabit seçdiyi peşənin uşaqlıq arzusu olduğunu və bu seçimindən qürur duyduğunu bildirir:
- Hərbçi olmaq, Vətənin keşiyində dayanmaqdan daha müqəddəs vəzifə ola bilməz, - deyir. - Təhsil aldığım illər ərzində arzuladığım və sevdiyim peşənin sirlərinə yiyələnmək üçün hər zaman fəallıq göstərmişəm. Hərbi bilikləri yaxşı öyrənirdim ki, əsgərlərimə yaxşı komandir olum. Bu vəzifənin məsuliyyətini yaxşı dərk edirəm. Ordumuza layiqli zabit olmaq üçün var qüvvəmlə xidmət edirəm. Torpaqlarımızın keşiyində  qətiyyətlə dayanmışıq, düşmənə göz açmağa imkan vermirik.
Leytenant Ə.Əhmədzadə ilə birlikdə bölmənin ərazisini gəzir, səngərləri, yataqxanaları və digər məişət otaqlarını müşahidə edirəm. Bölmədə ürəkaçan şərait olduğuna əmin oluram. Sosial şəraitlə yanaşı, ətrafdakı səliqə-sahman, əsgərlərin nizam-intizamı da burada xidmətin düzgün təşkilindən xəbər verir. Zabit, həmçinin silah və texnika ilə də yüksək səviyyədə təmin olunduqlarını vurğulayır.
Fürsət tapıb döyüş növbəsinə gedən əsgərlərlə də söhbətləşirəm. Əsgər Pünhan Abışzadə hərbi xidmətə Saatlı rayonundan çağırılıb. Düşməni məhv etməyə hər an hazır olduğunu deyərək, torpaqlarımızı göz bəbəyi kimi qoruduğunu bildirir:
- Döyüş növbəsində ayıq-sayıq dayanır, diqqətimi bir an belə düşməndən ayırmıram. Görməni məhdudlaşdıran  dumanlı-çiskinli havalarda, gecə yarısında daha diqqətli olur, təhlükəli mövqelərə ciddi nəzarət edirəm. Düşmən atəşkəsi pozarsa, onları cavab atəşi ilə susdururuq. Biz onlardan qat-qat güclüyük. Hər kəs əmin olsun ki, burada inamla dayanmışıq. Düşmən bir qarış belə irəli gələ bilməz.
Pünhanın sözləri bir daha təsdiq edir ki, ordumuzda Vətənini, xalqını, millətini sevən, torpaqlarımız uğrunda canından keçən mərd oğullar xidmət edir. Vətən sevgisindən, vətənpərvərlikdən güc alan cəsur oğulların hər biri mövqelərimizi inamla qoruyur. Düşmənə göz dağı olan bu igidlərdən biri də söhbətə qoşulur.
- Səngərdə xidmət etmək şərəflidir, - əsgər Səyədulla Əsədli deyir. - Hərbi xidmətə Biləsuvar rayonundan çağırılmışam. Həmyerlim Milli Qəhrəman Mübariz İbrahimovun ömür yolu mənə örnəkdir. Əsgəri formanı geydiyim gündən arzum ön xətdə xidmət etmək olub. Bunun üçün məşğələlərdə daha məsuliyyətli olurdum ki, bacarıqlı əsgər kimi formalaşım. Silahımın taktiki-texniki xüsusiyyətlərini, ondan düzgün istifadə etməyi, sərrast nişan almağı mükəmməl öyrənmişəm. Əgər döyüş əmri alaramsa, Mübariz kimi şücaət göstərib, düşməni doğma torpaqlarımızdan qovmaq üçün son damla qanıma qədər döyüşəcəyimə əmin ola bilərsiniz.
... Mübarizlərlə, Raquflarla, Samidlərlə, Turallarla, bütün şəhidlərimizlə fəxr etməyə haqqın var. Onlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdilər, dillərə əzbər olan qəhrəmanlıq dastanları yazdılar. İndiki və gələcək bütün nəsillərə nümunə olacaq həyat yaşadılar. Elə bir qəhrəmanlıq göstərdilər ki, onların adları belə düşməni vahiməyə salır. Bu qəhrəmanları özlərinə örnək bilən əsgərlərimizin hər biri düşmənə göz dağıdır. 
Vətənə xidməti özünə şərəf borcu bilən əsgər Məhəmmədəli Həsənov isə hərbi xidmətə Xəzər rayonundan çağırılıb. O da xidmətində möhkəm olduğunu, düşmən qarşısında ayıq-sayıq dayandığını deyərək, əsgəri xidmətdə qazandığı üstün keyfiyyətlərdən də danışır:
- Əsgəri xidmət hər birimizin Vətənə övlad borcudur. Qoynunda böyüyüb, boya-başa çatdığımız ana Vətənimizə xidmət etmək ən şərəfli vəzifəmizdir.  Bu yaşa kimi havası, suyu, çörəyi ilə böyüdüyümüz Vətən, bü gün bizdən hünər gözləyir. Bütün xalq, millət bizə inanır, ümid bəsləyir. Bu inamı doğrultmaq üçün əlimizdən gəldiyi qədər məsuliyyətli xidmət aparırıq. Əsgəri xidmət böyük bir məktəbdir. Bu məktəbdə möhkəm dostlar qazanırsan, dözümlülük, mərdlik, möhkəmlik öyrənirsən. Nümunəvi xidmətimlə həm ailəmin, həm də komandirlərimin başını uca tuturam.
... Səngərdə addımlayıram. Neçə-neçə qəhrəmanın cəng yeri, düşmənə məzar olan müqəddəs yerlərə Azərbaycan əsgəri şaxta, boran bilmədən keşik çəkir. Şahidi olursan ki, mərd oğullarımız mətinliklə düşmən qarşısında dayanıblar. İstənilən an düşmənə ağır zərbələr endirməyə hazırdırlar. Əsgər Baba Məmmədov da belə oğullardandır. Əslən Cəlilabad rayonundan olan Baba da döyüş əmrinə hər an hazır olduğunu deyir.
- Xidmətim uğurla davam edir. Heç nədən korluq çəkmirik. Hər cür şəraitimiz var. Komandirlərimiz bizə doğma münasibət bəsləyir. Silahlardan istifadə etməyi və digər hərbi vərdişləri öyrətməklə yanaşı, qayğılarımızla da yaxından maraqlanırlar. Bir sözlə, əsl ailə mühitində xidmət edirik. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edib, Qarabağımızda qələbə marşları oxuyacağımız günü səbirsizliklə gözləyirik.
Əsgərin dediklərinə özüm də şahid oluram. Bölmədə komandir-əsgər münasibətləri könlümü oxşayır. Belə sağlam mühitdə xidmət aparmaq qazanılan uğurlara əsas təminatdır.
Budur, bir nəfər də döyüş növbəsini digər əsgər yoldaşına təhvil verir. Təhvil-təslim prosesi qaydalar çərçivəsində, komandirin müşahidəsi altında baş tutur.  Əsgər Amil Dəmirov növbə zamanı heç bir hadisə baş vermədiyini məruzə etdikdən sonra növbəni təhvil verir. Əsgəri xidmətə Salyan rayonundan çağırılan Amildən xidməti barədə soruşuram.
- Növbə zamanı düşməni bir an da nəzarətsiz buraxmadım, - əsgər deyir. - Döyüş növbəsinə ilk çıxdığım gün mənim də yaddaşımdan silinməyəcək. Əlimdə silah, qarşımda isə nifrət bəslədiyim düşmən dayanmışdı. Qardaş-bacılarımı, nənə-babalarımı qətlə yetirən vəhşilərə atəş açmamaq üçün özümü güclə saxlamışdım. Lakin qisas günü onların biri də hədəfimdən yayınmayacaq.
Söhbətləşdiyim bütün əsgərlərin düşmənə qəzəbi, nifrəti gözlərindən oxunurdu. Bu gözlərdə körpələrimizin, cavanlarımızın, qocalarımızın, gözü yaşlı analarımızın qisası alovlanır. Bu alov, Vətən sevgisi ilə bütünləşərək igid oğullarımızın gücünə güc qatır, hər birinə yenilməzlik, qəhrəmanlıq aşılayır. Hamımızın ürəyini dağlayan bu atəş tezliklə işğaldan azad olunan torpaqlarımızda dinəcək, səfalı güşələrimizin təmiz havasında sərinlik tapacaq. O günü bizə bəxş edəcək oğullarla sağollaşmağın vaxtı çatır. Onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar diləyib, Qarabağın dilbər guşələrində toy-bayram mərasimlərində görüşməyi arzu edirəm.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR