Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2018 16:33

“Mülki işçilərimiz də hərbçi məsuliyyəti ilə işləyirlər”

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri komitənin sədri Abiyat Ağadadaşova açaraq bildirdi ki, biz bir ittifaq olaraq daim üzvlərimizin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə edirik. "Kollektiv müqavilələrin vaxtında bağlanmasına, müddəalarının yerinə yetirilməsinə ciddi nəzarət etməklə yanaşı, üzvlərimizi təhlükəsiz iş şəraiti ilə təmin edir və sağlamlıqlarının qayğısına qalırıq. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq qərarına əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında hər il müsabiqələr təşkil edilir. 2017-ci il üçün müsabiqənin qalibi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi oldu. Biz buradakı şəraiti öyrənəndə məlum oldu ki, üzvlərimizin iş şəraiti yüksək səviyyədə təşkil edilib.  
Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov isə çıxışında komitə sədrinə ordu mühitində keçirilən tədbirlərdə,  yaxından iştirakına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, son illər orduda aparılan islahatlar göz önündədir. "Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə bir sıradadır. Ordumuzun bütün hərbi hissə və bölmələrinin məişət şəraiti yüksək səviyyədədir. Müdafiə Nazirliyinin diqqəti sayəsində mülki işçilərimizə də daim qayğı göstərilir. Mülki işçilərimiz də hərbçi məsuliyyəti ilə işləyirlər".
Sonda komitə sədri Abiyat Ağadadaşova "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" diplomunu və qiymətli hədiyyəni Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırova təqdim etdi.     
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR