Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 2018 09:00

Zəfər bizim olacaq!

Hər gün kütləvi informasiya vasitələrindən atəşkəsin pozulması xəbərlərini eşidirik. Bu dəfə də yolumuzu atəşkəsin ən çox pozulduğu hərbi hissələrdən birinə salırıq.Mühəndis-istehkamçılar tərəfindən avtomobillərin rahat və təhlükəsiz hərəkət etməsi üçün çəkilən torpaq yolla gedirik. Sağımız da Azərbaycan torpağıdı, solumuz da. Lakin bədxah qonşumuz ermənilərin torpaqlarımıza iddiası nəticəsində öz ərazilərimizdə səngərlər salmışıq. Əlimizdə silah Vətən keşiyi, torpaq həsrəti çəkirik. Gün gələcək güclü ordumuzun, qətiyyətli Ali Baş Komandanımızın sayəsində tarixi Azərbaycan torpağının sinəsində bıçaq yarasıtək cızılan bu səngərlər dağıdılacaq. Torpaqlarımız azad olacaq. Elə bu dəqiqə addımladığım bu torpaqlarda silahlı əsgər durmayacaq, havasından barıt qoxusu gəlməyəcək. Bu yerlər abadlaşacaq, parklar, əyləncə mərkəzləri salınacaq. Neçə əsgərin yerində isə iki gənc sevgisini yaşayacaq, ana öz körpəsini ovunduracaq, daha heç kəs şəhid xəbərini gözləməyəcək. Gecəmiz-gündüzümüz bayram olacaq. Ağlımdan keçənləri sanki bir anlıq yaşayıram... Gülümsəyir, sevinirəm... Nəhayət, döyüş postuna çatırıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Vəliyevlə görüşüb, vəziyyətlə bağlı məlumat alırıq. Hazırda nisbi sakitlik olduğunu, əsgərləri ilə birlikdə Vətən torpağının keşiyində dayandıqlarını bildirir.
Ən müasir standartlara cavab verən əsgər yataqxanasında döyüşçülərimizin məişəti ilə maraqlanırıq. Öyrənirik ki, Vətən keşikçilərinin yaşayış şəraiti ən yüksək səviyyədədir. Müasir yataqxana kompleksi və istilik sistemi onların ixtiyarındadır.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 26 iyun 2013-cü ildə keçirilən paradda çıxışını xatırlayıram. Dövlətimizin başçısı öz çıxışında qeyd etmişdi ki, Azərbaycan nəinki regionda, dünyada mühüm tərəfdaşa çevrilib. “Eyni zamanda Azərbaycanda daxili sabitlik mövcuddur. Azərbaycanda hökumətlə xalq arasında birlik var. Bu sabitlik xalq tərəfindən dəstəklənir. Azərbaycan inkişaf edir. Mən göstəriş vermişəm ki, bir dənə də təmir olunmamış hərbi hissə qalmasın, vəsait ayrılıb və artıq bu sahədə işlər davam edir. Bizim güclü siyasi iradəmiz var. Həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan Ordusu indiyədək bölgədə, hətta dünyada ən güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən Ali Baş Komandan kimi ordu quruculuğuna dəstəyimi verəcəm".
Əsgər Elvin Vəliyev deyir ki, dövlətimiz bizim üçün hər cür şərait yaradıb. “Üzərimizə düşən başlıca vəzifə isə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq, Ali Baş Komandanın döyüş əmrinə hazır olmaqdı."
Vaxt itirmədən səngərə, döyüş mövqeyində dayanan əsgərlərimizin yanına yollanırıq. Hər tərəfdə səliqə-sahman, möhkəmləndirilmiş döyüş mövqeləri, dərin və geniş qazılmış səngərlər diqqətimi cəlb edir. Elvin bildirir ki, səngərlərin təmizliyinə, döyüş mövqeyinin möhkəmliyinə diqqət edir, təhlükəsizlik qaydalarına riayət edirik.
Kənarda dayanıb müşahidə aparan əsgəri izləyirəm. Diqqətlə ətrafa baxır, vəzifəsinin sirlərinə mükəmməl yiyələndiyi hiss olunur. Hər kəs kimi o da üzərinə düşən məsuliyyətin fərqindədir. Yaxşı bilir ki, ani diqqətsizliyi düşmənin təxribatına səbəb ola bilər. Yaxınlaşıb bir qədər söhbət edirəm. Gözünü düşmən mövqelərindən ayırmadan suallarıma cavab verir. Özünü tanıtmağını istəyirəm.
- Mən, əsgər Səfər Musayev. 18 yaşındayam, - deyir. - Balakən rayonundan hərbi xidmətə gəlmişəm. Hazırda düşmən mövqelərini müşahidə edirəm. Azərbaycan əsgəri olaraq torpaqlarımızı azad etmək üçün burdayam. Torpaqlarımızın son qarışına qədər vuruşacaq, şəhidlərimizin qisasını alacağıq. Onların qanı axıdılıb bu torpaqlarda. Hamısı bizim qardaşlarımız, əmilərimizdi. Valideynlərimlə tez-tez əlaqə saxlayıram. Atam, "torpaqlarımızı azad etməyə hazırsanmı?" sualını verəndə tək bir cavabım olur, Azərbaycan əsgəri hər an döyüşə hazırdır. Ya sağ-salamat ailəmizin yanına ərazi bütövlüyümüzü bərpa edərək qayıdacaq, ya da şəhid olacağıq. Bu bizim yolumuzdu, ailəmiz, böyüklərimiz bizə belə öyrədib. Torpağımız şərəfimizdir, onu qoruyacağıq. Biz burada səmimi bir ailə kimiyik. Neçə gündür yan-yana oluruqsa olaq, 1 gün, 5 gün, 10 ay fərq etmir, bizi bir amal birləşdirir - Vətən. Biz şəhadət şərbətini içməyə gəlmişik. Ya zəfər əldə edəcəyik, ya qazi, şəhid olacağıq. Bizim üçün başqa bir yol yoxdur. Qəzetiniz vasitəsilə bütün əsgərlərə, əli silah tutan gənclərə səslənirəm: torpaqlarımızı işğaldan azad etmək övladlıq borcumuzdu. Buna görə də hər an döyüşə hazır olmalıyıq.
Səngərlə irəlilədikcə əsgərimizin dediklərini düşünürəm. "Biz şəhadət şərbətini içməyə gəlmişik. Ya zəfər əldə edəcəyik, ya qazi, şəhid olacağıq". 
- Mən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Şıxıyev, - başqa bir əsgər də özünü təqdim edir. - Ağsuluyam. Yanvarın 18-i 26 yaşım oldu. Mülki həyatımda bizneslə məşğul idim. Aprel döyüşlərindən sonra bütün işlərimi buraxıb ordu sıralarına qatıldım. Vətənimi qorumaq, düşmənimizə Azərbaycan Ordusunun gücünü göstərmək üçün buradayam. Ərazi bütövlüyümüzə qəsd edənlərə, torpağımıza göz dikənlərə bir söz demək istəyirəm:
- Azərbaycan torpağı sizə məzar olacaq. Dövlətimiz sizə çox güzəşt etdi, çox humanist davrandı. Hər dəfə sülh yolu ilə məsələni həll etməyi məsləhət gördü, torpaqlarımızdan çıxmağı tələb etdi. Azərbaycan əsgəri olaraq deyirəm. Torpaqlarımızı azad edin...” Vətənimiz də, ordumuz da güclüdür. Bu Vətənin, bu torpaqların bizdən başqa kimsəsi, bizim də bu Vətəndən başqa dövlətimiz yoxdur. Bu dövlət, bu torpaq uğrunda canımız bahasına döyüşüb zəfər qazanacağıq.
Bəli, bir gün bu səngərləri aşıb Qarabağa doğru irəliləyəcəyik. Tarixi Azərbaycan torpaqlarına qovuşmağın sevincini, fərəhini yaşayacağıq.
- Mən əsgər Elvin Cavadov. Qubadlı rayonundanam, - deyən başqa bir əsgərlə tanış oluram. - Əsgərlik yaşım çatan kimi ordu sıralarına qatıldım. Hərbi xidmətə gələcəyim günü səbirsizliklə gözləyirdim. Qeyd etdiyim kimi, Qubadlı rayonundanam. Amma o torpaqlara ayaq basmaq qismətim olmayıb. Çünki düşmən işğalındadır. 1993-cü ilin 31 avqust günü ata-baba torpağımız erməni işğalçıları tərəfindən zəbt olunub. Həmin gün, həmin dəhşətli gecə Vətən, torpaq uğrunda şəhid olanlar sırasında babam Eyvaz kişi və Əvəz əmim də olub. Qubadlıda eləcə də Qarabağda babalarımızın, qohum-əqrabalarımızın qanı, diri-diri yandırılan, süngülərə sancılan körpələrin ah-fəryadı var. Qarabağ müharibəsində çox itkimiz oldu, həm insan, həm də ərazi baxımından. Biz qisasımızı alacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Şəhid nəvəsi Elvinlərin, Qarabağ müharibəsində doğmalarını itirən Nicatların, Omarların, Qaliblərin, Səfərlərin qarşısında necə duracaq bu erməni ordusu? Yoxsa xarici havadarlarına güvənəcək? Əminliklə deyə bilərəm ki, ürəyində Vətən sevgisi kükrəyən oğullarımızın qarşısında heç bir qüvvə dayana bilməz.
Yenə gənc bir döyüşçümüz özünü təqdim edir. Mən əsgər Omar Omarov. Şəmkirliyəm. 19 yaşındayam. 13 aydır ordu sıralarındayam. Hər birimiz ermənilərin vəhşiliklərini eşidib, ekranlarda görmüşük. Qadınlara, uşaqlara hücüm çəkmələrinin, yurd yuvaları talan edib dağıtmalarının şahidi olmuşuq. Hər birimiz gecə-gündüz bilmədən əlimizdə silah Vətən keşiyində dayanıb, Ali Baş Komandanın döyüş əmrini gözləyirik.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"