Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:34

Əsgərlər asudə vaxtda...

Bu gün dünyanın aparıcı dövlətlərinin orduları ilə rəqabət aparmaq imkanı olan, milli təhlükəsizliyimizi, əmin-amanlığımızı təmin edən, sərhədlərimizi qoruyan Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli dövlətimizin siyasi kursunda başlıca prioritet kimi diqqətdə saxlanılmasına baxmayaraq ordu quruculuğu prosesi uğurla davam etdirilir, müasir silah-sursat alınır, əsgər və zabitlərimizin döyüş qabiliyyətinin artırılmasına fikir verilir.
Bütün bunlarla yanaşı şəxsi heyətin asudə vaxtının təşkili də diqqətdədir. "Silahlı Qüvvələrdə ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışın nəticələrini işıqlandırmaq məqsədilə üz tutduğumuz "N" hərbi hissəsində şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli keçdiyinin də şahidi oluruq.
Yarışı izlədikdən sonra kapitan Azad Cəfərovla şahmat oynamaq imkanı qazanırıq. Zabitdən şəxsi heyətin asudə vaxtının necə təşkil edilməsi ilə maraqlanıram. Onun sözlərinə görə, asudə vaxtın səmərəli və maraqlı keçməsi də vacib şərtdir. “Əsgərlərin fiziki, istərsə də psixoloji sağlamlığı nöqteyi-nəzərindən onların asudə vaxtlarının səmərəli təşkil olunmasına şərait yaratmağa borcluyuq. Çünki əsgərlərin əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var və asudə vaxt onlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır”.
Söhbətimizin bu yerində uzaqdan gələn həzin musiqi ruhumuzu oxşayır. Zabit Azad Cəfərovla yataqxanaya daxil oluruq və "Cənab leytenant", "Marş irəli", "Vətən əmanəti", "Qələbə", "İgidlər" kimi mahnıları könül xoşluğu ilə dinləyirik.
İlk həmsöhbətim gitara ifaçısı əsgər Babək Baxşəliyev olur. Əsgər bildirir ki, Cəlilabad rayonunda dünyaya göz açmağına baxmayaraq, Şəmkir rayonunda böyüyüb və gitaranın sirlərini də orada öyrənib: "Əvvəldən musiqiyə sevgim böyük idi. Bir dəfə rayon mərkəzində bir elana rast gəldim və kursa yazıldım. Bir neçə mahnı öyrəndikdən sonra gitara alətinə marağım artdı. Artıq 6 aydı Vətən qarşısında olan borcumu yerinə yetirirəm. Burada hərbin sirlərinə yiyələnlənməklə yanaşı, asudə vaxtımızda sevimli musiqi alətimdə də ifa edirəm. Bilirsiniz, elə mahnılar var ki, onlar uzun müddət yaddaşda qalır. Bu baxımdan vətənpərvərlik ruhunda yazılan mahnıların xüsusi yeri var. Belə mahnıları dinlədikdən sonra hər birimizin qəlbində Vətən sevgisi artır".
Əsgər Ramil İsmayılov söhbətə qoşularaq bildirir ki, asudə vaxtlarımızda təkcə musiqiyə qulaq asmırıq: "Hər bir əsgərin öz maraq dairəsi var. Kimi qəzet oxuyur, kimi futbol, voleybol, basketbol oynayır və s. Əsgər yoldaşlarımızdan elələri var ki, yaxşı rəsmlər yaradır. Şəxsən mən özüm idmanı daha çox sevirəm".
Əsgərlər Asəf Həsənov və Yusif Ağayev isə bildirirlər ki, maraq dairəmizin müxtəlif olmasına baxmayaraq, içimizdə əvəzedilməz, dəyişməz, əbədi, müqəddəs bir sevgi var - Vətən sevgisi. Əsgərlər doğru deyir ki, Vətən varsa yaşamaq da var, Vətən yoxdursa, nə yaşamağın, nə yaratmağın, nə də musiqiyə qulaq asmağın mənası var!
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR