Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:33

Ən ülvi duyğudur Vətən sevgisi...

"Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların mənasını kursantlara aşılamaq biz müəllimlərin öhdəsinə düşür. Kursantlara Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstərirəm. Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Təlim kursantlara yalnız bilik, bacarıq və vərdişlər aşılamır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edir. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyildir ki, Vətən məhəbbəti, yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır.
Vətən doğma evin kandarından başlanır. Hər bir kursant başa düşür ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Səməd Vurğunun bir kəlamını xatırlayaq: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi  öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..."
"Öncə Vətən, ikinci xalq, sonra mən" kəlamı hamımızın həyat amalıdır.
Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Müasir dövrümüzdə Vətənimizin gələcəyi Hərbi liseydə təhsil alan, hərbi anda sadiq olan kursantlarımızın düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması kimi vacib amillərdən də asılıdır.
Atalar sözlərimizdə də Vətən haqqında çox ibrətamiz fikirlər var: "Gözsüz yaşamaq olar, Vətənsiz yox", "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır", "Vətənə gəldim, imana gəldim", "Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir", "Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir", "Vətən viranə də olsa, cənnətdir", "Vətən elin evi, dayağıdır".
O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.
Biz Vətənə borcumuzu bu gün gələcəyin zabiti olan kursantlarımıza dərin bilik verməklə də olsa qismən yerinə yetiririk. Onlar isə öz növbələrində Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatacaqlar. Bu yolda addımlamaq bizim üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir...
Laləzar HƏSƏNOVA, C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi