Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:26

20 Yanvar - qəhrəmanlıq tariximiz

Ümummilli lider Heydər ƏLİYEV:
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir... 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
Şəhid - bu söz özündə nə qədər ülvi bir hiss, məna ifadə edir. Şəhidlər  öz şücaətləri ilə adlarını tarixə yazdıran şəxslərdir. Günlərin birində belə bir ifadə eşitdim: "Şəhid olan yoldaşımın kimliyində Vətən gedir". Necə də qürurverici bir haldır. Məktəb vaxtlarımızdan da eşitmişik ki, şəhidlik əlçatmaz bir zirvədir. Mən indi-indi bu ifadənin nə olduğunu anlayıram.
Keçirdiyimiz hər bir an, hər bir saniyə ötən bir tarix olur. Tarix kitabının səhifələrini isə yaddaqalan hadisələrlə doldurmaq elə də asan deyil. Bu şanlı tarixi yaradanlar həm də şəhidlərdir. Azadlığımızı canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Vətən, azadlıq yolunda candan keçənlər heç zaman ölmürlər, daim ürəklərdə və yaddaşlarda yaşayırlar. Vətən üçün ölüm səadətdir. Belə qüdrətli ölüm Vətənə olan sədaqətdir.
Bəzən insana ağır gəlir ki, demək olar hər gün gördüyü insanı bir anda itirir. Ancaq yox! Şəhidlər ölmürlər. Azadlığımız, müstəqilliyimiz onların sayəsindədir. Məhz onların sipər verdiyi sinələri sayəsində müstəqillik zirvəsini tanıdıq. Zəncirləri qırdıq, buxovdan azad olduq.
Bizim tarix kitabımızın şanlı səhifələrindən biri də 20 Yanvardır. 1990-cı ilin 20 yanvar gecəsi. İnsanlar bu tarixi "Qanlı Yanvar" da adlandırırlar. Həmin dövrdə  Azərbaycan milləti də əsarətdən, haqsızlıqdan, buxovdan cana doymuşdu. Bu duruma son qoymaq vaxtı yetişmişdi. Xalq ayağa qalxdı və azadlığını tələb etdi. İmperiya ayağa qalxmış xalqı susdurmağa çalışdı, ağır texnikaları ilə əliyalın xalqa hücum etdi. Lakin biz qorxmadıq, savaşdıq. Güllə səsləri hər yana yayılır, körpələr, uşaqlar səsdən diksinir, gənclər, igidlər şəhid olurdu. Bu yolda çox itki verməli olduq. Məktəbli Larisa Məmmədova, Ülvi Bünyadzadə və nə qədər belə gəncimizi itirdik.
Biz həmişə onlarla fəxr edirik.
Şəhidlər bizim həm kədərimiz, dərdimiz, nisgilimiz, həm də baş ucalığımız, fəxrimizdirlər.
Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Hüsniyyə İDRİSOVA, BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi