Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:20

Narkomaniya bəşəriyyət üçün bəladır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"na əsasən, yanvarın 10-da Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədbir keçirilib. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Seminarda çıxış edən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova bildirib ki,  gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsidir. "Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya qarşı  birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə insanlığa bir bəla olan "ağ ölüm"ə və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətində var qüvvəmizlə çalışmalıyıq. Dövlət başçımızın narkotizmlə və narkobizneslə mübarizəyə qarşı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq artıq 20 ildən çoxdur ki, Azərbaycan narkomaniyanın yer kürəsində yayılmasının qarşısının alınmasına öz töhfəsini verir."
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Söhrab Mansurov  məruzəsində kursantlara narkomaniyanın törətdiyi fəsadlardan danışıb. Narkomaniyanın insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm" olduğunu bildirərək bu barədə geniş məlumat verib. Onun sözlərinə görə, narkomaniya yunan sözü olub, "narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. "Adından göründüyü kimi, bəşəriyyət uzun illərdir onun törətdiyi fəsadlar qarşısında aciz qalıb. Narkotik maddələrin qəbul edilməsi  insanı fiziki və psixoloji cəhətdən məhv edərək millətin sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Həmçinin dəlilik, erkən ağlını itirmə, şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama, zəka və yaddaş pozğunluqları, qan zəhərlənmələri və hepatit kimi sonu ölümlə nəticələnən xəstəliklər yaradır."
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndəsi Zaur Məmmədov isə statistik göstəricilərdən danışaraq bildirib ki, Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları sakitcə ölümün ağuşuna atan, genefonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını çəkir. O qeyd edib ki, hər bir xalqın inkişafında sağlam, vətənpərvər, intellektual gənclik mühüm rol oynayır. "Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, gənclərimiz milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyələndirilməli, vətənpərvər olmalıdırlar. Gənc nəslin tərbiyəsi isə ailədə, ictimai mühitdə və ümumtəhsil ocaqlarında formalaşır. Ailə institutu cəmiyyətimizin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir."
Toplantıda çıxış edən digər qonaqlar bu bəlanın ölkəmizdən də yan keçmədiyini təəssüf hissi ilə bildirsələr də, Azərbaycanda sosial və iqtisadi vəziyyətin, təhsilin və ailə institutlarının möhkəmliyinin nəticəsi olaraq, qonşu ölkələrlə müqayisədə narkomaniyaya meyilliyin aşağı səviyyədə olduğunu vurğulayıblar.
Qeyd etmək lazımdır ki, ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsası ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən dahi şəxsiyyət 26 avqust 1996-cı ildə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" fərman imzalayıb və bu problemin həllində keyfiyyətcə yeni və daha uğurlu mərhələ başlanıb.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"