Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:17

“Bayrağımız işğaldan azad edəcəyimiz torpaqlarımızda da dalğalanacaq!”

Ali Baş Komandan İlham ƏLİYEV:
Bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.

Qış fəslidi. Hər bir fəsil kimi qış da özünəməxsus gözəlliyi, insanlara bəxş etdiyi əhval-ruhiyyəsi ilə fərqlənir. Bəyaz qış havasında meşədə ova çıxmaq adama sehrli nağıl təsiri bağışlayır. Hər tərəf ağappaq örpəyə bürünür, ətrafa çökən sükutu pozmaq istəmirsən. İrəlilədikcə ayağının altında qalan yumşaq qar xırıldayaraq yapıxır, lakin yağan qar arxanca əmələ gələn ləpirləri bir azdan tamam yox edir. Bir-birini tamamlayan qış mənzərələrinin əsrarəngiz gözəlliyindən doymaq olmur.
Yolumuzun üstündə qar topu oynayan uşaqları görüb onlara yaxınlaşıram. Uşaqların əllərində qartopu vardı, bir-birinə atmaq istəsələr də, məni görüb dayandılar. Onların yanında bir ağsaqqalı görüb həmsöhbət oluram. Öyrənirəm ki, əslən Kəlbəcərdəndir və nəvələri ilə kənd həyatı yaşamağı çox sevir. "Bu kəndə gələndə elə bil ürəyim açılır. Ağır bir dərddir ki, doğma torpağıma, elimə, obama əlim çatmır. Doğulduğum yerlər yadıma düşəndə az qala ürəyim param-parça olsun. Ermənilər bizim başımıza gətirdiyi əzab-əziyyətlərə görə mütləq cəzalarını alacaqlar. Azərbaycan Ordusunun gücünə inanıram və inanıram ki, işğalda qalan torpaqlarımızı tez bir zamanda yenidən bizə qaytaracaq."
Ön xətdə yerləşən bölmədəyik. Gizir Vasif Nəsibov şəxsi heyətə təlimat verir. Şəxsi heyətə silahla davranış və təhlükəsizlik qaydalarına düzgün riayət etmələrini, xidmətlərində ayıq-sayıq olmalarını, düşməni daim nəzarətdə saxlamağı, vəzifə borclarını dəqiq yerinə yetirmələrini, hər hansı bir hadisə baş verərsə, rabitə vasitəsi ilə dərhal məlumat verməyi və digər tapşırıqlarını verir. Şəxsi heyət döyüş növbətçiliyinə yola düşür. Biz də səngərə daxil oluruq. Səngər boyu irəlilədikcə qarşımızda gedən əsgərlərin addım səsi məni xəyallara aparır. Sanki bu addım səsləri ilə növbəni dəyişməyə yox, irəli, torpaqlarımızı işğaldan azad etməyə, düşməni yurdumuzdan birdəfəlik qovub çıxarmağa gedirik.
"Yoldaş gizir, növbədə olduğum zaman hec bir hadisə baş verməyib" sözləri məni xəyallarımdan ayırır. Əsgərlər növbəni dəyişdikdən sonra gizir V.Nəsibovla həmsöhbət oluram. Əslən Ağdam rayonundan olan, 2009-cu ildən ordu sıralarına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qatılan və 2017-ci ildə müvafiq kursu bitirdikdən sonra gizir kimi xidmətini davam edən müsahibim də erkən çağlarından hərbçi olmaq arzusu ilə yaşayıb. “Gənc yaşlarımdan hərbçi olmaq istəmişəm. Bu şərəfli peşənin sahibi olaraq xalqıma, millətimə xidmət etmək, hər zaman torpaqlarımızı düşmənlərdən müdafiə etmək istəmişəm. Bu qərarımı valideynlərimə bildirəndə atam mənimlə fəxr etdiyini demişdi. Onun mənə öyüd-nəsihətləri yaddaşıma həkk olunub. İlk dəfə hərbi formanı əynimə geyəndə çox sevindim. Və özümə söz verdim ki, vəzifə borcumu daim şərəflə yerinə yetirəcəm".
Gizir onu da bildirir ki, Vətənimizi, xalqımızı qoruyan, bir an belə fikirləşmədən Vətən üçün canlarından keçməyə qadir olan əsgərlərlə xidmət etməyi özünə şərəf bilir.
Sonra əsgərlərimizin fikirlərini öyrənmək üçün onlara yaxınlaşıram. Döyüş növbətçiliyini təhvil verən, əslən Cəbrayıl rayonundan olan əsgər Miraslan Kazımov ali təhsilli olduğunu və atasının Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edir. "Vətən anamızdır və mən də əsgər yoldaşlarımla birgə Vətənə borcumuzu ödəmək üçün istənilən an torpaqlarımızı hərb yolu ilə geri qaytarmaq əzmindəyəm.”
Şəmkir rayonundan ordu sıralarına çağırılan əsgər Murad İbrahimovla tanış oluram. Ön xətdə xidmət etdiyi üçün qürur duyduğunu bildirir. "Düzdür, ön xətdə xidmət etmək asan deyil, lakin olduqca şərəflidir. Mən həmişə arzulamışam ki, ön xətdə xidmət edim və torpaqlarımızı işğaldan azad edən oğulların sırasında olum. Yadımdadı, babam hər zaman mənə Qarabağın gözəlliklərindən danışardı və danışdıqca gözləri yaşarardı. Deyərdi ki, dünyanın heç bir yeri Laçını, Kəlbəcəri, Şuşanı əvəz edə bilməz. Mən də əsgər yoldaşlarım kimi Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirəm, torpaqlarımızı işğaldan azad etməyə hər an hazıram.”
Əsgər Kamran Nəzərəliyev isə Bakı şəhərindəndir və manqa komandiri vəzifəsində xidmət edir. Hərbi xidmətə gəlməzdən əvvəl 6 il güləş idman növü ilə məşğul olduğunu öyrənirəm. Bir neçə mötəbər yarışda iştirak edib və Azərbaycanın Dövlət bayrağını yüksəklərə qaldıranlardan biri olub. "İdmanla məşğul olduğum müddətdə hər zaman arzulamışam ki, erməni idmançısıyla üzləşim və ona göstərim ki, biz hər sahədə onlardan üstünük. İstəyim baş tutdu, 2013-cü ildə Gürcüstanda erməni idmançısına qalib gəldim. Üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Xocalıda, Laçında və digər işğalda olan torpaqlarımızda da dalğalandıracağımız günü səbirsizliklə gözləyirəm".
Əsgər Murad İbrahimov isə Salyan rayonundan ordu sıralarına çağırılıb. Torpaqlarımız uğrunda canlarından keçənlərin qisasını almayınca özünə rahatlıq tapa bilməyəcəyini deyən əsgər bildirir ki, Vətən, torpaq yolunda fədakarlıq göstərmək, şəhid olmaq şərəfdir".
- Mən isə orduya Bakı şəhərindən çağırılmışam, - deyən əsgər Adil Quliyevə görə, Vətən sevgisi ilahi bir sevgidir. "Düşmənə olan nifrətimiz sonsuzdur. Torpaqlarımızı Ali Baş Komandanın əmri ilə istənilən an işğaldan azad etməyə hazırıq, çünki yüksək döyüş əhval-ruhiyyəmiz var. Burada bizlər üçün hər cür şərait yaradılıb."
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu qorumağa və onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki Vətənimiz şəhidlərimizin uğrunda can verdikləri müqəddəs torpaqdır!
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"