Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2018 12:15

Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hər an hazırıq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamı bir azərbaycanlı gənci kimi məni də həmişə qürurlandırıb.
Biz də əmin idik ki, Azərbaycan güclü dövlətdir. İndi əsgərik. Hərbi xidmətin ilk aylarından bir daha əmin olduq ki, həqiqətən, Azərbaycanın güclü ordusu vardır. Hər birimiz bu ordunun əsgəri olmağımızla fəxr edirik. Ordunun gücü döyüş texnikaları və silahlarla birlikdə əsgərin döyüş hazırlığının səviyyəsindən də asılıdır. Buna görə də hər birimiz komandirlərimizin, zabitlərin bütün əmr və göstərişlərini məsuliyyətlə yerinə yetiririk.
Bu günlərdə Nazirlər Kabinetində 2017-ci ilin yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dedikləri əsgər kimi, vətəndaş kimi bizi daha da ruhlandırdı, qələbə əzmimizi daha da artırdı: “Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır" kəlamı bizi 2016-cı ilin aprel döyüşlərinə yenidən köklədi. Yeni hərbi hissələrin inşası və əsaslı təmiri, yaradılan şərait, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi şəxsi heyətin döyüş və mənəvi hazırlığını kifayət qədər yüksəldib. Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımızı işğaldan döyüşlə azad edək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqları, Azərbaycanın sülh tərəfdarı olmasını qeyd edərək birmənalı şəkildə bildirdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.
Torpaqlarımız işğaldan azad ediləcəkdir, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Biz bu inamın əsgəriyik.
Bir neçə ay əvvəl keçirilən irimiqyaslı təlimlər də təsdiqlədi ki, Azərbaycan Ordusu yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitqində qeyd edir ki, dünya dövlətləri Azərbaycanın mövqeyini dəstəkləyir, yəni etiraf edirlər ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Dünya dövlətləri onu da bilirlər ki, ölkə Prezidentinin dediyi kimi, Azərbaycan bu vəziyyətlə barışmayacaqdır. Biz bu qətiyyətin əsgəriyik.
Hərbi xidmətimizin ilk vaxtlarından dostlaşdığım əsgərlərdən bir neçəsi müvəqqəti işğal rayonlarımızdandır. Onların könül qübarını biz də yaşayırıq. Ali Baş Komandan döyüş əmri verərsə, dostlarımızın əzizlərinin, ümumiyyətlə, qaçqınların doğma ocaqlarına qayıtması üçün mərdliklə, cəsarətlə döyüşəcəyik. 
Biz də inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. İstəyirik ki, biz də qalib əsgərlərin sırasında olaq.
Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hər an hazırıq!
Biz Azərbaycan əsgəriyik!
Biz qalib əsgər olacağıq!
Əsgər Elmar EMİNOV, "N" hərbi hissəsi