Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Yanvar 2018 08:58

“Əsgərlərimizə qulluq etmək bizim mənəvi borcumuzdur”

"N" hərbi hissəsinin sosial şəraiti ilə tanışlığım zamanı şəxsi heyətin məişətinin müasir standartlar səviyyəsində təşkil olunduğunu hiss etdim. Ən son avadanlıqlarla təchiz olunmuş yataqxana, hamam-camaşırxana, ideoloji otaq, idman və digər məişət otaqlarında ürəkaçan şərait hər bir gəncə yüksək diqqət və qayğı göstərildiyinə bir daha sübutdur.
Cavabdeh zabitlərdən baş leytenant Arif İsmayılovla birlikdə əsgər yeməkxanasına daxil oluruq. Yeməkxananın dizaynı, əlyuma yeri, səliqə-sahman, maraqlı təbiət təsvirləri, yeni mətbəx avadanlıqları və s. diqqətimi cəlb edir. Burada çalışanların da təmiz geyim formaları göz oxşayır. Yeməkxana növbətçisi 2014-cü ildən ordu sıralarında xidmət edən gizir Elmar İsrafilov ərzaq normalarına uyğun olaraq xörəklər hazırlandığını vurğulayır.
- Bacarıqlı aşpazlarımız menyuya uyğun olaraq milli mətbəximizin gözəl təamlarından: dolma, küftə, plov və s. xörəklər, həmçinin  fəslə uyğun salatlar, meyvə şirələri hazırlayırlar. Bişirilən xörəklərin keyfiyyətinə ciddi nəzarət edilir, - Elmar deyir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ordu quruculuğunda  həyata keçirilən ən mühüm islahatlardan biri də hərbi hissələrdə təsərrüfat-məişət işlərinə mülki işçilərin cəlb olunmasıdır. Əsgər yeməkxanasında təcrübəli aşpazların çalışması keyfiyyətli və dadlı yeməklər hazırlanmasına zəmin yaradır. Hər bir ananın ən sevdiyi məşğuliyyət övladına dadlı yeməklər hazırlamaqdır. Ona görə də bu insanların hər biri həm sevdiyi peşə ilə məşğul olur, həm də özlərinə övlad, arxa-dayaq bildikləri əsgərlərimizə qulluq edirlər. Həmçinin bu addım əsgərlərin yeməkxana və digər təsərrüfat fəaliyyətindən tam şəkildə kənarlaşdırılaraq yalnız hərbi təlimdə döyüş vərdişləri qazanmalarına şərait yaratdı.
Əsgərlərə öz övladları kimi xidmət etdiklərini deyən işçilərlə söhbətləşirəm. Baş aşpaz Sevda Əliyeva  bildirir ki, aşpazların hər biri bacarıqlı və təcrübəli qadınlardan seçilib və hər gün əsgərlərə milli yeməklər hazırlanır.
- Biz sanki öz övladlarımıza qulluq edirik, - Sevda xanım deyir. - Səkkiz ildən çoxdur ki, burada işləyirəm. Həm evimə çörək pulu qazanıram, həm də bizləri düşməndən qoruyan oğullarımıza qulluq edirəm. Vətən qoruyucularına qulluq etmək həm də mənəvi borcumuzdur və bu işdən şərəf duyuram. 14 yaşlı nəvəm də hərbçi olmağın arzusundadır. Bir gün o da bu igidlərin sırasında dayanacaq. O, pilot olmaq istəyir. Arzu edirəm ki, tezliklə torpaqlarımız işğaldan azad olunsun və nəvəm təyyarəsi ilə Qarabağ səmalarını xoş niyyətlə dolaşsın.
Söhbətləşdiyim baş aşpaz köməkçisi Gülnarə Bayramova və aşpaz İntizar Şükürlü də təcrübəli işçilərdir. Onlar da əsgərlərin qulluğunda dayanmaqdan qürur duyduqlarını bildirirlər. "Həm hərbi hissənin işçisi, həm də gələcəyin əsgər anası kimi bütün analara səslənirəm ki, övladları sarıdan arxayın olsunlar. Burada onlara doğma münasibət, qayğı göstərilir. Yataq dəstləri, paltarları vaxtlı-vaxtında yuyulur, tez-tez həkim yoxlanışından keçir, keyfiyyətli yeməklərlə qidalanırlar. Yataq otaqlarında istilik sistemləri işləyir, bir sözlə, heç nədən korluq çəkmirlər",  -  Gülnarə xanım deyir.
Növbəti həmsöhbətim nümunə üçün hazılanmış yeməklərin dadına baxan tibb məntəqəsinin giziri  Şahin Məmmədovdur. Hazırlanan yeməklərin keyfiyyətli olmasına,  ətrafda gigiyenik qaydalara riayət olunmasına nəzarət etmək üçün hər gün yeməkxanaya növbətçi həkim təyin olunduğunu öyrənirəm.
- Gördüyünüz kimi, bu gün milli mətbəximizin şahı sayılan  plov hazırlanıb. Yanında lobya supu, müxtəlif tərəvəzlərdən hazırlanmış salat, meyvə şirəsi də var. Hər birinin dadına və keyfiyyətinə söz ola bilməz. Yeməklərin belə dadlı və yüksək kalorili olmasında aşpazların bacarığı ilə yanaşı, verilən ərzaqların da təzə və keyfiyyətli olması mühüm rol oynayır. Burada həm əsgərlər, həm də zabit və gizirlərimiz yemək yeyirlər. Mən də bu dadlı yeməklərlə qidalanıram və indiyə kimi narazı qalmamışam. Bütün bölmələrdə istər həkimlər, yeməkxana və digər təsərrüfat işçiləri, istərsə də komandirlər əsgərlərin qayğısına qalır, onlara doğma münasibət bəsləyirlər.
Nahar vaxtı çatır. Yeməkxananın qarşısından gələn müsiqi sədaları qeyri-ixtiyari məni həyətə çıxmağa vadar edir. Bu səslər nizami sıra yerişləri və mahnı ilə yeməkxanaya tərəf addımlayan şəxsi heyətin səsi idi. Onlar yeməkxananın qarşısında, təyin olunmuş yerdə düzüldülər. Hərbi hissə növbətçisi bölmələr üzrə cavabdehlərdən məruzələri dinlədikdən sonra "nuş olsun" deyərək şəxsi heyətin yeməkxanaya daxil olması üçün komanda verir. Sıra ilə içəri girən əsgərlər əvvəlcə əl yuma yerində əllərini yuyur, sonra  yeməklərini götürüb əyləşirlər.
Yaradılan şəraiti və  göstərilən qayğını əsgərlərdən də eşidirəm.  Yemək götürüb onlarla birgə əyləşirəm. Hazırlanan təamların dadına baxdıqca hiss edirəm ki, yediklərim çox dadlıdır. Ətrafımda əyləşənlərin təbəssümündən də başa düşürəm ki, hazırlanan xörəklərdən hər kəs razıdı. Söhbətləşdiyim hər bir əsgər heç nədən korluq çəkmədiklərini deyir. "Hər cür şəraitimiz var, buna görə də çalışırıq ki, xidmətimizi layiqincə yerinə yetirək. Göstərilən etimadı uğurlu xidmətimizlə doğrultmaq üçün əlimizdən gələni edirik. Dərslərimizdə fəal olub, öyrədilən hərbi bilikləri və vərdişləri, silah və texnikalarımızın taktiki, texniki xüsusiyyətlərini, istifadə qaydalarını həvəslə öyrənirik", - əsgərlərin hər biri deyir. 
Hərbi hissədə tanış olduğum yüksək məişət şəraiti bir daha göstərir ki, dövlətimizin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün bölmələrində şəxsi heyətin sosial təminatı yüksək səviyyədədir.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"